Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2514/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı əsasında “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyəti tərəfindən ayrılmış 75 №-li sahədə 0,05 hektar torpaq sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinin üzvü olaraq iddiaçıya 18 №-li üzvlük vəsiqəsi verilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarı əsasında “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinə ayrılmış torpaq sahələrindən biri olan 75 nömrəli 0,05 ha torpaq istifadəsinə verilmişdir. Ayrılmış bağ sahəsi iddiaçı tərəfindən artıq 33 (otuz üç) il istifadə olunsa d,a qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 500 kv.m 75 saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********70 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində iddiaçının adına 78-111 nömrəli torpaq sahəsi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən təqdm edilmiş “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinin 18 nömrəli üzvlük kitabçasının surətindən görünür ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarı əsasında iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, 75 nömrəli 0,05 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusu əsasında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarları, “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinin iclas protokolları və digər sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanmır. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli X2 bakı Filialında mövcuddur.Lakin, həmin sənəddə iddiaçıya və “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinə torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Reyhan” bağçılıq yoldaşlığının nəzdində İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,05 ha torpaq sahəsi olan 75 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktına əsasən Türkan bağ massivi, 75 saylı bağın ölçüsü faktiki olaraq 0,05 ha təşkil etmişdir. Bağ sahəsinin sərhədləri 3 tərəfdən mişar daşı ilə hasarlanıb, yol tərəfdən isə sərhədi mişar və but daşları düzülərək ayrılmışdır. Tikili yoxdur. (yalnız İ bünövrə mövcuddur). Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X1-Tədqiqat İnstitutunun “Reyhan” Bağçılıq Yoldaşlığının 27 oktyabr 1999-cu il tarixli iclasının 02 saylı Protokolundan çıxarışdan görünür ki, iddiaçının “Reyhan” Bağçılıq Yoldaşlığına üzv qəbul edilməsi və Türkan qəsəbəsində 1000 kv.metr torpaq sahəsi olan 78-İİİ saylı bağ sahəsinin daimi istifadə üçün verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 78-111/4804-4837 saylı ölçüsü 0,10 ha olan bağ sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 78-111/4804-4837 saylı ölçüsü 0,10 ha olan bağ sahəsi iddiaçı tərəfindən özgəninkiləşdirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflər nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinin 18 nömrəli üzvlük kitabçasına əsaslanmışdır. Həmin sənədin yalnız kserosurəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən sənədin əsli araşdırılarkən iddiaçının nümayəndəsi sənədin əslinin mövcud olmadığını bildirmişdir. Eyni zamanda həmin üzvlük kitabçasında Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarına istinad edilmişdir. Lakin, Azərbaycan Respublikası Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarında iddiaçıya və “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyətinə torpaq sahəsi ayrılması barədə heç bir məlumat olmadığı bildirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, “Reyhan” Bağçılıq Yoldaşlığının 27 oktyabr 1999-cu il tarixli iclasının 02 saylı Protokolundan çıxarışa əsasən iddiaçı “Reyhan” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və Türkan qəsəbəsində 1000 kv.metr torpaq sahəsi olan 78-İİİ saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmiş və daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən özgəninkiləşdirilmişdir. Qeyd edilməlidir ki, bağçılıq yoldaşlıq təsərrüfatlarının yaradılmasında məqsəd müəyyən təsərrüfat sahələrində çalışan insanların maddi təminatlarının yüksəldilməsi üçün onlara bərabər hüquqlu əsaslarla bağ sahələrinin ayrılması olmuşdur. Həmin təsərrüfatların daxilində torpaq sahələri ayrılarkən bağçılıq üzvləri arasında fərq qoyulması, üzvlərdən bəzilərinə nəzərdə tutulmuş normadan artıq bağ sahələrinin ayrılması mümkün deyildir. Belə olan halda iddiaçıya “Reyhan” Bağçılıq Yoldaşlığının nəzdində 1000 kv.metr torpaq sahəsi olan 78-İİİ saylı bağ sahəsi ayrıldığı halda, təkrarən digər torpaq sahəsinin ayrılması qanuni hesab edilə bilməz. Həmçinin iddiaçının əsaslandığı sənədin arxiv nüsxəsinin mövcudluğunun araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilsə də, müvafiq təşkilatlar sənədin arxiv nüsxəsinin onlarda olmadığını bildirmişlər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2514/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2514/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver