Məhkəmə qərarları › İş №2-1(112)-2515/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2515/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2515/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı Abdulalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «təhsil illəri sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Abdulalı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 1972 – 1978-ci illər üzrə təhsil aldığı illər sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə Neftçala rayonunun Yuxarı Qarmanlı kəndində doğulmuşdur. 1971 – 1972-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsində, daha sonra 1973-cü ildən 1978-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X3 və Elektrikləşdirmə Texnikumunda təhsil almışdır. Onun güzəştli şəxslərlə yaşa görə əmək pensiyası hüququ 24 iyun 2012-ci il tarixdə yaranmış və həmin tarixdən ona əmək pensiyası təyin edilmişdir. Lakin pensiya hesablanarkən onun təhsil illəri sığorta stajına daxil edilmədiyindən, pensiya məbləği az hesablanmışdır. İddiaçı bundan sonra cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, təhsil illəri stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Cavabdeh tərəfindən müraciətə baxılmış və 10 avqust 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin imtina tamamilə əsassızdır. Belə ki, onun əmək fəaliyyətinin başladığı 14 sentyabr 1972-ci il tarixdən 11 yanvar 2012-ci il tarixədək fəaliyyət dövrlərinin hər biri əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. Əmək kitabçasından da göründüyü kimi, 29 avqust 1973-cü il tarixdən 1978-ci ilədək təhsil almışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə görə onun (iddiaçının) təhsil illəri əmək stajına daxil edilməlidir. Lakin cavabdeh təşkilat 2006-cı ildə qüvvədə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək təhsil illərinin əmək stajına daxil olunmasından imtina etmişdir. İddiaçının əmək stajı 1978-ci ildən hesablanarsa, 2006-cı ilədək onun 25 illik iş stajı tamam olur. Əslində isə, o, əmək münasibətinə 1972-ci ildən başlamışdır, bu hesabla isə 2006-cı ilədək 34 il iş stajı müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minınədək onun 34 il iş stajı var idi və cavabdeh onun işinə münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununu tətbiq etməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 71, 149-cu maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, təhsil aldığı 1972 – 1978-ci illər əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab olunur ki, iddiaçı X2 iddiası qanuna müvafiq olmadığından rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı Filial tərəfindən inzibati icraat aparılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21-ci maddəsinə əsasən dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, təhsil müddəti staja daxil edilmir, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, X2 iddiasının təmin olunmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1955-ci il təvəllüdlüdür. O, 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək X1 və Elektrikləşdirmə Texnikumunda təhsil almışdır. İddiaçıya 24 iyun 2012-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin onun təmin təhsil illəri pensiya hesablanarkən sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin təhsil illəri sığorta stajına daxil edilməklə ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil illərinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək və həmin tarixdən sonra qüvvədə olan tələbləri aşağıdakı kimidir: - (əvvəlki redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - (hazırda qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının təhsili barədə təqdim etdiyi diplomda göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, habelə məhkəmə icraatında da bununla əlaqədar xüsusat mövcud olmadığından, bu məlumatları daşıyan sənəd kimi həmin diplom mötəbər hesab olunur. Məhkəmə vurğulayır ki, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları təhsil illərinin sığorta stajına daxil edilməsini nəzərdə tutmasa da, 2006-cı ilin yanvar ayının 1-dən qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi həmin müddəti də iş stajına daxil edir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı təhsil aldığı illər sözügedən Qanunun qüvvədə olduğu dövrdən əvvələ təsadüf etsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi həmin müddəanın iddiaçının təhsil illərinə münasibətdə tətbiqini yolverilən edir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müvafiq təhsil illəri sıöorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar