Məhkəmə qərarları › İş №2-1(112)-2515/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2515/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2515/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 0.12 ha torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli, 898 nömrəli qərarına əsasən, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 0.12 ha torpaq sahəli 3859“a" nömrəli bağ sahəsi 42 nömrəli orderlə iddiaçıya ayrılmışdır. Həmin tarixdən bu günədək bağ sahəsi onun sahibliyində və istifadəsindədir. Hətta hazırkı iddia ərizəsinə əlavə edilmiş Sabunçu rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 274/22 nömrəli arayışından da görünür ki, qeyd edilən torpaq sahəsinə görə iddiaçı bələdiyyə ödənişlərini də vaxtı-vaxtında ödəyir, borcu yoxdur. Bağ sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, idarə iddiaçının müraciətini təmin etməmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********75 saylı məktubunda idarənin arxiv məlumatlarında 42 saylı orderin möhürlə təsdiq edilməmiş arxiv nüsxəsinin idarənin arxivində mövcud olduğu qeyd edilmişdir. Bundan sonra iddiaçı orderin notarial qaydada təsdiq edilmiş surətini də əlavə etməklə təkrar cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubunda isə qeyd etmişdir ki, “...Vahid elektron kadastr bazasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3859"a" saylı bağ sahəsi nömrəsi keçmiş Bağlar təsərrüfatının inkişafı və İstismarı Birliyi tərəfindən əyani şəkildə tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğun təşkil edir. Həmçinin bildiririk ki, öncəki müraciətdə göstərilən sahə digər bağ sahəsinin ərazisinə uyğun gəlir". Cavabdeh inzibati orqanın bu məktubunda qeyd edilənlər həqiqəti əks etdirmədiyindən iddaçı növbəti dəfə ərizə ilə cavabdehə müraciət etmiş və torpaq sahəsinin yerində yoxlanılmasısm xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubunda isə cavabdeh bu dəfə yenidən guya onlara fərqli ərazi göstərildiyini bəhanə etmiş və orderin əslinin təqdim edilmədiyini bildirilmişdir. Cavabdehin bu iradlarını da aradan qaldırmaq üçün iddiaçı növbəti ərizə ilə müraciət etsə də bu dəfə cavabdeh xx.xx.2022-ci il tarixli **********70 saylı məktubla iddaçının hüquqlarını qeydə almaqdan imtina elmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı idarəyə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ərizələrlə müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən digər (3993 saylı) bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi faktiki olaraq sənəd üzrə qeyd edilən 1200 kv.m-dən 69 kv.m azdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı cavabdeh qeyd edir ki, şərti olaraq göstərilən ərazi ilə öncəki müraciətdə göstərilən ərazi fərqlidir. Bu səbəblərdən ərizələrin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********85 saylı, xx.xx.2022-ci il tarixli və **********55 saylı, xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbinin Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTKnın nəzdində olan 1131 kv.metr torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 saylı məktubundan görünür ki, vahid elektron kadastr bazasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3859”A” saylı bağ sahəsinin nömrəsinin keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunluq təşkil edildiyi bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3859a nömrəli torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövltə reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılaraq bildirilmişdir ki, texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. Həmçinin 42 saylı orderin əsli təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı şərti olaraq göstərilən ərazi ilə öncəki müraciətdə göstərilən ərazinin fərqli olduğu, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qqanuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddələrinə istinad edilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 127 nömrəli kooperativin 42 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1992-ci il tarixli, 898 saylı qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 127 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3859 a saylı bağ sahəsi ayrılmışdır. -Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 274/92 №li arayışdan görünür ki, İddiaçı istifadəsində olan Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 3859A saylı 1200 kv.metr torpaq sahəsinin vergilərini Nardaran Bələdiyyəsinə ödəyir, 2022-ci ilə qədər vergi borcu yoxdur. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3993 saylı bağ sahəsinə dair sənəd (arxiv qovluğu) İdarənin arxivində aşkar olunmamışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubundan bildirilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 898 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 nömrəli sərəncamının arxiv arayışından görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli, 195 №li qətnaməsinə əsasən İddiaçı Ləhic ərazisində 127№li BTK tərkibində bağ sahəsi ayrılmışdır. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ləhiş bağ massivində yerləşən 3859a saylı bağ sahəsi kimi iddia olunan torpaq sahəsinə digər şəxsin müraciəti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 42 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1992-ci il tarixli, 898 saylı qərarına uyğun olaraq Ləhiş bağlar sahəsində 127 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3859a saylı bağ sahəsi İddiaçı adına ayrılmışdır. İddiaçı qeyd olunan orderə istinad edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 127 nömrəli kooperativin 42 nömrəli orderi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Məhkəmə cavabdehin imtina ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, iddiaçıya bağ sahəsi ayrılmasına dair orderin mövcudluğu iş üzrə mübahisəli hal deyil. Belə ki, orderin təsdiqlənməmiş surəti cavabdehin arxivində mövcuddur. Mübahisə həmin orderin təsdiq edilmiş nüsxəsinin cavabdehin arxivində aşkar edilməməsi bağlıdır. Bu isə iddiaçının iradəsindən asılı olan hal deyil və onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, istinad olunan orderin verilməsi üçün əsas olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 898 nömrəli sərəncamının arxiv əsasları mövcuddur və həmin sərəncamda iddiaçıya 127 saylı BTK nəzdindən bağ sahəsinin ayrıldığı görünür. Belə olan halda, iddiaçının təqdim etdiyi 42 nömrəli orderin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən bu halın əksini təsdiq edən əsaslı dəlil təqdim edilmədiyindən, həmin order mötəbər sübut kimi qəbul edilməlidir. İddiaolunan 3859a saylı bağ sahəsinin bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən digər bağ sahəsinin ərazisinə uyğun gəlməsi ilə bağlı da cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sxematik xəritə ilə uyğunsuzluğun olması təsdiq edilsə belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin onun istifadəsində olmaması ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, bununla da bağlı cavabdeh tərəfindən bu qənaətin səbəbləri lazımi qaydada əsaslandırılmamışdır. İddiaçı isə 3859a saylı bağ sahəsinin torpaq vergisi ödənişlərinin aparılması ilə bağlı müvafiq arayışı məhkəməyə təqdim etmiş, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Göstərilən hallar, mübahisəli bağ sahəsinin nəticə etibarı ilə iddiaçı tərəfin qanuni istifadəsində olmasını deməyə zəmin yaradır. Torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə qeyd edilən 1200 kv.metrdən 69 kv.metr az olmasına münasibətdə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 1131 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 1131 kv.metr torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 06 iyul 1992-ci il tarixli 898 nömrəli qərarına əsasən 42 nömrəli orderlə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindəki 127 nömrəli BTK-nın nəzdində olan 1131 kv.metr torpaq sahəli 3859 "a" nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar