Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2515/2024 17.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Şimal hisssəsində yerləşən 600 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş 100 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına (zəruri cəlbetmə) cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bələdiyyə sərəncamına və eskiz layihəsinin mövcudluğuna əsaslanaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin 90 metr cənubunda işlək statusda olan neft quyusu mövcuddur. Bundan başqa, təqdim edilən yerləşmə cizgisinin faktiki göstərilən sahəyə aidiyyəti yoxdur. Bundan əlavə, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərəzisinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli 40 №-li Sərəncamı ilə İddiaçı Zığ qəsəbəsinin şimal hissəsində fərdi ev tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 23 dekabr 2001-ci il tarixli aktdan görünür ki, X5-Əmlak müdiri və bələdiyyə mütəxəsssisi tərəfindən iddiaçının iştirakı ilə torpaq sahəsinin naturada bölgüsü aparılmışdır. Bakı şəhəri Suraxanı RİH Aparatının Layihə-Smeta Bürosu Memarlıq Planlaşdırma Bölməsi tərəfindən tərtib olunmuş layihədən görünür ki, Zığ qəsəbəsinin şimal hissəsində mövcud istifadə vəziyyətində olan A1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin eskizi tərtib edilmişdir. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2001-ci il tarixli, 40 saylı sərəncamı X3 filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən verilən sərəncamlar, torpaq sahəsinin ayrılması ilə bağlı rəylər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd (torpaq sahəsinin ayrılması ilə bağlı rəyin verilməsi barədə müraciət) aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2013-cü il tarixdən əvvəl və sonra inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini fərqləndirilmişdir. Lakin hər iki halda qanunvericilik fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olmasını imperativ qaydada zəruri saymışdır. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli 40 №-li Sərəncamının mövcudluğuna əsaslanaraq Zığ qəsəbəsinin şərq hissəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair hüquqlarının yarandığını iddia edir. Cavabdeh isə tam əksinə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı məlumatın aşkar olunmadığını, torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin ərazisinə təsadüf etdiyini, bundan başqa torpaq sahəsinin cənub hissəsində işlək vəziyyətdə neft quyusunun olmasına əsaslanaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Doğrudur ki, bələdiyyə qərarı (sərəncamı) hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli 40 №-li Sərəncamı öz hüquqi qüvvəsini itirmişdir ki, bu da öz növbəliyindən torpaq sahəsində hər hansı hüququnun qeydiyyata alınmasını istisna edir. Belə ki, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6331/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə sərəncamın ləğv edilməsi ilə bağlı məhkəmə müraciət etmiş, məhkəmə iddianın mümkünlük şərtlərini ödəməməsi səbəbi ilə iddianı mümkün saymamışdır. Məhkəmə öz qərardadında bələdiyyə qərarının (sərəncamı) hüquqi qüvvəsini itirilməsinə xüsusi olaraq münasibət bildirmiş, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin İddiaçı fərdi evi tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncamın öz qüvvəsini xx.xx.2005-ci il tarixdə, yəni Azərbaycan Respublikasının 997-İİQ saylı, 20 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Sazişin qüvvəyə mindiyi tarixdə itirməsi nəticəsinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci və İİ-ci hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin İddiaçı fərdi evi tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncamın öz hüquqi qüvvəsini itirilməsi ilə bağlı mövqeyi məhkəmə qərardadında nümayiş olunduğundan, həmçinin məhkəmə qərardadı hazırki günədək mübahisələndirilmədiyindən və qanuni qüvvəsini aldığından, həmin sərəncam əsasında iddiaçının torpaq sahəsi üzərində hüquqlarının yaranmasından, ümumiyyətlə hər hansı hüququnun qeydiyyata alınmasından söhbət gedə bilməz. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə əmlakın məlumatlandırma icraatı növündə və ya tikintisinə icazə tələb olunan tikinti obyekti olmasının aydınlaşdırılmasının, o cümlədən digər göstərilən imtina əsasları (torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması, torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi, torpaq sahəsinin cənub hissəsində işlək vəziyyətdə neft quyusunun olması) ilə bağlı məhkəmə tikinti-texniki ekspertizanın təyini, mütəxəssiss rəyinin alınması və ya yerində müayinə kimi əlavə araşdırımanın aparılmasına belə zərurət yoxdur. Çünki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqları yaranmadığından, digər sənədlərin mövcud olub-olmamasından asılı olmayaraq onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatında söhbət gedə bilməz. Eyni zamanda Məhkəmə, mübahisəli ərazidə yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı bildirir ki, həmin torpaq sahələri üzərində hüquqlarının qeydiyyatı belə hazırki halda “bərabərlik” məfhumu baxımından belə iddianın təmini üçün əsas deyil. Hər nə qədər iddiaçının torpaq sahəsi üzərində hüquqların qeydiyyatına əsas hesab etdiyi sərəncamın öz hüquqi qüvvəsini itirilməsi barədə məhkəmənin nümayiş etdirdiyi qərardad qüvvədədir, həmin sərəncam əsasında istər torpağın bələdiyyə mülkiyyətində olması, istərsə də qonşuluqda olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi, hazırki iddia tələbinin təminini istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri olmadığından, cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2515/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2515/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver