Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2515/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 İdris oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə müraciətinə baxılaraq tələbi təmin olunmamışdır. İmtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin 45 saylı mənzilinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətti Başçısının Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi barədə 21 may 2024-cü il tarixli, 85 saylı sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin ümumi sahəsi 50.15 kv.m, yaşayış sahəsi 30.05 kv.m olan 2 otaqlı mənzilin kirayə müqaviləsi vətəndaş İddiaçı adına dəyişdirilmiş, və o, ailə tərkibi 1 nəfər (özü) olmaqla 1990-cı ildən həmin mənzilin kirayəçisi hesab edilmiş, mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh idarənin verdiyi cavab konstitusiyon hüquqlarını pozur. Belə ki, ərizənin icrası o gündən bügunədək dayandırılmışdır. İmtina məktubunun üstündən 5 aydan artıq müddət keçmişdir. Lakin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsi tərəfindən verilən imtina məktubu iddiaçının hüquq və azadlıqlarını pozur. Belə ki, tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi sözügedən mənzil sözügedən mənzilə dair iddiaçı ilə müvafiq icra hakimiyyəti arasında kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsi həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Cavabdeh inzibati orqan isə əsassız yerə tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 85 saylı sərəncamı xx.xx.2024-cü il tarixdə verilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 85 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının 1-ci bəndində Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr., Mir Cəlal küçəsi, 45 saylı evin ümumi sahəsi 50,15 kv.m., yaşayış sahəsi 30,05 kv.m. olan 2 (iki) otaqlı mənzilinin kirayə müqaviləsi vətəndaş İddiaçı adına dəyişdirilməsi göstərilmişdir. Həmçinin sənədlərə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda İddiaçı ünvan 1 ünvanına qeydiyyata alındığı qeyd olunmuşdur. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 54.3 kv.m. olduğu məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2024-cü il tarixli, 85 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 9Ä mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı evin ümumi sahəsi 50,15 m2, yaşayış sahəsi 30,05 m2 olan 2 otaqlı mənzilinin kirayə müqaviləsi vətəndaş İddiaçı adma dəyişdirilsin və o, ailə tərkibi 1 nəfər (özü) olmaqla 1990-cı ildən həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr., Mir Cəlal küçəsi, 45 saylı evin, -- saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 85 saylı sərəncamı xx.xx.2024-cü il tarixdə verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 85 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının 1-ci bəndində Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr., Mir Cəlal küçəsi, 45 saylı evin ümumi sahəsi 50,15 kv.m., yaşayış sahəsi 30,05 kv.m. olan 2 (iki) otaqlı mənzilinin kirayə müqaviləsi vətəndaş İddiaçı adına dəyişdirilməsi göstərilmişdir. Həmçinin tərəfinizdən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda ünvan 1 ünvanına qeydiyyata alındığınız qeyd olunmuşdur. Binəqədi RİH tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna qoşma edilmiş Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyi 95 saylı Mənzil Kommunal İstismar Sahəsinin 241 saylı, xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 9a, Mir Cəlal küçəsi 183676 saylı, xx.xx.1981-ci il tarixli orderdə göstərilən 9 mkr, ev 18, mənzil 56 olan ünvan hal-hazırda ünvan 3ç bir dəyişiklik olmayıb. Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyi 95 saylı Mənzil Kommunal İstismar Sahəsinin 28 saylı, xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ünvan 4 ünvanında 1990-cı ildən hal-hazıradək yaşayır. Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyi 95 saylı Mənzil Kommunal İstismar Sahəsinin 012 saylı xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1981-ci il tarixli 183676 nömrəli orderə əsasən 9 mkr., ev 18, mənzil 56 hal-hazırda 9 A mkr., Mir Cəlal küçəsi ev 45 mənzil 56 adlanır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 463 nömrəli Qanununa əsasən: Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər... Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini elektron üsulla təqdim olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hüquq sahibinin həmin çıxarışı əldə etməsini təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir... İşin hallarından görünür ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Lakin cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamının əsasında Azərbaycan SSR İcraiyyə Komitəsinin 183676 nömrəli, xx.xx.1981-ci il tarixli orderi, yəni xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə aid order dayanır. Göründüyü kimi iddiaçı xx.xx.2009-cu il tarixədək mənzil uçotuna götürüldüyündən mənzillə təmin edildiyi 2012-ci il tarixədək mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticə yalnız 2012-ci ildə realizə edilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrdə mənzillə təmin olunmaması onun iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, şəxsin gec mənzillə təmin olunması onun mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən iddia olunan mənzilin yerləşdiyi yaşayış binasında oxşar sənədlər (yerli icra hakimiyyətinin sərəncamları və məhkəmə qərarları) əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh oxşar sənədlər əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin mənzilin ölçüləri ilə bağlı irəli sürdüyü imtina dəlilinə münasibətdə qeyd olunur ki, iddia olunan mənzilin faktiki ölçüsü 54,3 kv.m təşkil etsə belə iddiaçının hüquqi marağı məhz mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatının həyata keçirilməsidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil formal xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 45 saylı evin, 56 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(112)-2515/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2515/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver