Məhkəmə qərarları › İş №2-1(112)-2518/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2518/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2518/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş geriyə üç il pensiyayının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək “Naxodka X1çılıq bazası”nda, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək “Məişət” Koperativində, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək “Bakı Dəniz Limanı” İdarəsində və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də işləmişdir. Odur ki, İddiaçı ümumi iş stajı 25 ildən artıq, o cümlədən xx.xx.2017-ci il tarixinə kimi 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması əmək kitabçası və iş yerlərindən alınmış arayışlarla təsdiq olunur. xx.xx.2001-ci il tarixdən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 4 avqust 1980-ci il tarixli ИT ******* nömrəli əmək kitabçasında iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 16 gün) təşkil edir. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmədiyi qeyd edilmişdir. Belə ki, iddiaçı xx.xx.1980-ci il tarixdə “Naxodka X1çılıq” bazasına emal ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək həmin müəssisədə 10 il, 18 gün, xx.xx.1990-cı il tarixdə “Bakı Emal qabları istehsalı” zavodunda təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək həmin müəssisədə 8 ay, 30 gün, xx.xx.1992-ci il tarixdə "xxxx" kiçik müəssisəsinə hisləmə sexinə balıq emalı ustası vəzifsinə işə qəbul olunmuşdur. xx.xx.1992- ci ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə 8 il 11 ay 15 gün və xx.xx.2006-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qaz (əl ilə), və elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006cı ildən xx.xx.2006-cı ilədək həmin müəssisədə 7 ay 27 gün işləmişdir. İddiaçının ümumi əmək stajı 25 ildən artıq, güzəştli şərtlərlə yaşa görə pensiya stajı isə 12 il 6 aydan artıqdır. İddiaçının işlədiyi müəssisələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı peşələr ilə üst-üstə düşür. Cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının 01 iyul 2017-ci il tarixdən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hesablanmalı və ödənilməmiş geriyə üç il pensiyayının ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiyanın geriyə üç ilinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 avqust 1980-ci il tarixli WT ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 16 gün) təşkil edir. Göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Qanunun qeyd olunan müddəasının tələblərinə cavab vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1960-cı il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Azərbaycan dəniz balıq sənaye texnikumunun P 597064 nömrəli Diplomunun surəti. - İddiaçı iş stajını təsdiq edən AT-İİ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti. - İddiaçı məxsus НЗ ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surəti. - "xxxx" Kiçik Müəssisəsinin 21 nömrəli xx.xx.1998-ci il tarixli Arayışı. - Bakı Hövsan Beynəlxalq Dəniz Limanı ASC-nin xx.xx.2021-ci il tarixli 15/21 №-li Arayışı. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/21 nömrəli Arayışı. - xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Arayışlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 11 il 11 ay 16 gün təşkil edir. Məhkəmə ilk öncə iddiaçının tələb olunan ümumi iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

İddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (28 il 05 ay 04 gün) ümumi iş stajı mövcuddur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı "xxxx" Kiçik Müəssisəsində işləmişdir. İş materiallarından görünür ki, Bakı Hövsan Beynəlxalq Dəniz Limanı ASC-nin xx.xx.2021-ci il tarixli 15/21 №-li Arayışında göstərilmişdir: “Verilir xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən Bakı Dəniz Balıq Limanı İdarəsində işləyib:

1. xx.xx.2001-ci il tarixindən təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə işə qəbul edilib. (xx.xx.2001-ci il tarixli 07k №-li əmr)

2. xx.xx.2004-cü il tarixindən gəmi və sahil avadanlıqları təmiri üzrə əl ilə elektrik qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2004-cü il tarixli 05k №-li əmr)

3. xx.xx.2006-cı il tarxindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bədinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006cı il tarixli 27k №-li əmr)

4. xx.xx.2006-cı il tarxindən ‘‘Bakı Dəniz Balıq Limanı” ASC-də qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilib (xx.xx.2006-cı il tarixli 72 №-li əmr)

5. xx.xx.2007-ci il tarixindən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2007-ci il tarixli 07ak №-li əmr)

6. xx.xx.2011-ci il tarxindən İcraçı direktor vəzifəsinə təyin edilib. (xx.xx.2011-ci il tarixli 15k №-li əmr)

7. xx.xx.2011-cı il tarixindən Texniki-Təhlükəsizlik və Mülki Müdafiə üzrə mühəndis vəzifəsinə keçirilib. (xx.xx.2011-ci il tarixli 34k №-li əmr)

8. xx.xx.2015-ci il tarixindən Texniki-Təhlükəsizlik üzrə baş mühəndis vəzifəsinə keçirilib. (xx.xx.2015-ci il tarixli 50k №-li əmr)

9. xx.xx.2019-ci il tarixindən İstehsalat və təmir tikinti şöbəsinə rəis vəzifəsinə keçirilib (xx.xx.2019-cu il tarixli 86k №-li əmr)

10. xx.xx.2019-cu il tarxindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bədinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006cı il tarixli 27k №-li əmr) Bakı Dəniz Balıq Limanı İdarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Yuxarıda adı çəkilən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı və qaz qaynaqçısı peşələri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.” İş materiallarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/21 nömrəli Arayışında göstərilmişdir: “Verilir 01 iyun 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 03 aprel 2006-cı il tarixindən 01 dekabr 2006-cı il tarixinə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyib: xx.xx.2006-cı il tarixindən qaz (əl ilə) və elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. (xx.xx.2006-cı il tarixli 15k N-li əmr) xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası Əmək məcəlləsinin maddəsinin 2a bəndinə (öz xahişi ilə) əsasən Əmək müqaviləsinə xitam verilib. (xx.xx.2006-ci il tarixli 39k N-li əmr).” Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (10 il 18 gün) X1 ovu Bazasında emal ustası, matros peşələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 5 ay 5 gün) "xxxx" Kiçik Müəssisəsində balıq emalı ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay) gəmi və sahil avadanlıqları təmiri üzrə əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi dövlər onun güzəştli iş stajına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod ********) nəzərdə tutulmuşdur, “XXİİ. Yeyinti sənayesi” bölməsində “balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr” (kod 22417020—17531), həmçinin “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000—11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” nəzərdə tutulmuşdur, “27. Yeyinti sənayesi” bölməsində “balıq, dəniz heyvanları və dəniz məhsulları istehsal edən fəhlələr”, həmçinin “35. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan güzəştli iş stajına malik olmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələblə xx.xx.2020ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu və məhkəməyə təqdim etdiyi etirazda öz təsdiqini tapdığından, həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, təyin ediləcək pensiya məbləğinin əvvəlki dövr (əvvəlki 3 il) üçün, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi ilə bağlı iddiası əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiyanın geriyə üç ilinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiyanın geriyə üç ilinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar