Məhkəmə qərarları › İş №2-1(112)-2519/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2519/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2519/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsinin dövlət qeydiyyata alınması və s.” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) avtonəqliyyat vasitəsinin dövlət qeydiyyata alınması və adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan «VAZ 21061» markalı, 1993-cü il buraxılışlı, mühərrik nömrəsi: ******* olan nəqliyyat vasitəsinin Gürcüstan Respublikasında axtarışda olması aşkar edilməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X5 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü il buraxılışlı, qara rəngli, mühərrik 1769461, BAN- XTA210610P2612043, "VAZ-21061” minik markalı (**-BK-*** dövlət qeydiyyat nişanlı) avtomobilin dövlət qeydiyyatına alıması və adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1996-cı ildə Sabunçu rayonu ərazisində yerləşən maşın bazarından 1993-cü il buraxılışlı, qara rəngli, mühərrik 1769461, BAN- XTA210610P2612043, "VAZ-21061" minik markalı avtomobili almış və öz adına rəsmiləşdirmişdir. Həmin dövrdə avtomobillərin texniki pasportları açılıb-bağlanan (doğum haqqında şəhadətnamə kimi) formasında idi. Bundan sonra iddiaçı həmin avtomobili idarə etməyə başlamışdır. Lakin sonradan avtomobillərin texniki pasportları yenisi ilə əvəz olunmağa başladı və iddiaçı 2000-ci ildə Baş X5 İdarəsinə gedərək avtomobili texniki baxışdan keçirərək yeni texniki pasport almış və avtomobilinə **-BK-*** dövlət nömrə nişanı verilmişdir. Yenə iddiaçı həmin avtomobili idarə etməyə başlamış və növbəti il texniki baxışdan keçmək üçün avtomobili BDYPİ-nə apararkən ona bildirmişlər ki, onun avtomobili Gürcüstan Respublikasında axtarışdadır. Hazırda həmin avtomobil illərlə dayandığı halda yararsız hala düşdüyü üçün iddiaçı onu satmaq qərarına gəlmiş və bu məqsədlə Baş X5 İdarəsinə müraciət etmişdir. Ona cavab olaraq 02 avqust 2023-cü il tarixli 3-13-16/2-D-56486 saylı məktubla bildirmişlər ki, "VAZ-21061” markalı, 1993-cü il buraxılışlı, mühərrik ******* olan nəqliyyat vasitəsinin Gürcüstan Respublikasında axtarışda olmasının aşkar edilməsi səbəbindən həmin avtomobilin Qeydiyyat-İmtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün olacağı bildirmişdir. İddiaçının mülkiyyətində olan və Səlahiyyətli Orqan DİN- nin Baş X5 İdarəsinin RQİŞ tərəfindən sonuncu dəfə, yəni 2000-ci ildə qeydiyyat şəhadətnaməsi vermişlər. Həmin şəhadətnamə nə məhkəmə qərarı ilə, nə dəki hansısa bir orqanın qərarı ilə ləğv və ya etibarsız hesab edilməmişdir. Baş X6 İdarəsinin imtina əsassızdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilən: -AA№349548 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21061 minik markalı, 1993-cü il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı, mühərrik ******* №-li, ban XTA210610P2612043 №-li olan nəqliyyat vasitəsinə dair xx.xx.2000-ci il tarixdə şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-230/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "VAZ 21061" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1994-cü il tarixdə 007131 nömrəli hesab-arayış əsasında X1 adına qeydiyyata alınmış, xx.xx.2000-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı adına rəsmiləşdirilmişdir. "VAZ 21061" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. "VAZ 21061" markalı ban nömrəsi: XTA210610P2612043 olan nəqliyyat vasitəsi Gürcüstan Respublikası tərəfindən axtarışdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-25/2-6213/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, VİN: XTA210610P2612043 olan, “VAZ-21061” markalı avtomobillə bağlı məktubunuz xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna daxil olmuşdur. Sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-116161/2024 nömrəli sorğuya cavab məktubu ilə "VAZ 21061" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Baş X5 İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-13-12/2-132600/2024 nömrəli məktubun və 1 ədəd dövlətlərarası axtarış vərəqəsi təqdim olunmuşdur. Həmin məktuba qoşma olaraq təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-12/2-132600/2024 nömrəli məktubundan görünür ki, "VAZ- 21061” markalı, 1993-cü il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı, mühərrik ******* №-li, ban XTA210610P2612043 №-li olan nəqliyyat vasitəsi Gürcüstan Respublikası DİN tərəfindən xx.xx.2004-cü il tarixdən axtarışda olan “VAZ-21061" markalı, 1991-ci il buraxılışlı nəqliyyat vasitəsinin mühərrik 1769461, ban ******* №-si ilə oxşarlıq təşkil edir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissə. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı avtomobilin mülkiyyətində olduğunu, bu səbəbdən də cavabdehin hərəkətlərinin hüquqlarını pozduğunu bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati İcraat Haqqında Qanunun” 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan avtomobilin oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən avtonəqliyyat vasitəsinin Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan digər bir avtonəqliyyat vasitəsi ilə müəyyən oxşarlıq təşkil etməsi, hazırki mərhələdə qeydiyyat hərəkətlərinin rəsmiləşdirilməsindən imtina üçün yetərli hüquqi əsas kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydasına əsasən: -1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X5 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. -2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir. -2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. - 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Gürcüstan Respublikası DİN tərəfindən axtarışda olan “VAZ-21061” markalı, mühərrik nömrəsi və ban nömrəsi ilə mübahisə predmetini təşkil edən avtonəqliyyat vasitəsi arasında oxşarlığın mövcudluğu faktı, mülki dövriyyənin təhlükəsizliyini və mülkiyyət hüququnun toxunulmazlığını təmin etmək məqsədilə nəqliyyat vasitəsinin mübahisəli olduğu ehtimalını doğurur. Hüquq doktrinasında da qeyd edilir ki, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yaranan mübahisələrdə belə oxşarlıqların mövcudluğu qeyri-müəyyənlik yaradır və bu hal müvafiq hüquqi tədbirlərin görülməsini şərtləndirir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi məlumatlar təsdiq edir ki, mübahisəli avtomobilin texniki göstəriciləri ilə Gürcüstan Respublikası DİN tərəfindən axtarışda olan nəqliyyat vasitəsinin texniki göstəriciləri arasında eyniyyətə yaxın oxşarlıq mövcuddur. Bu isə avtomobilin qanuni mənsubiyyətinə dair ciddi hüquqi şübhələr yaradır. Məhkəmə vurğulayır ki, belə bir şübhənin mövcudluğu özü-özlüyündə avtomobilin qeydiyyat hərəkətlərinin aparılması üçün hüquqi maneə təşkil edir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilən avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilməsi, həm beynəlxalq hüquqi öhdəliklər, həm də mülki hüquq prinsipləri baxımından qanunauyğun və əsaslı hesab edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar