Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-252/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" (üçüncü şəxs:Dövlət Neft Şirkəti, "xxxx" MMC) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Sabunçu r, Ramana qəsəbəsi, sahə 1 ünvanında yerləşən 1185 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmaqla çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ona torpaq sahəsi ayrılmışdır. Orada fərdi yaşayış evi tikmiş, hal-hazırda istifadəsindədir. Bundan əlavə, ona yerləşmə sxemi də təqdim edilmişdir. İddiaçı 1185 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də müraciətinin təminindən heç bir əsaslı səbəb olmadan imtina edilmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Yerli icra hakimiyyətinin qərarında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bu səbəbdən də müraciətin təmini mümkün olmamışdır. Üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi "xxxx" MMC-nin istifadəsində olan sənaye təyinatlı torpaqların hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsi 1994-cü il tarixdə Dövlət Neft Şirkəti və Almaniya Federativ Respublikasının “Qrunevald İnterneyşnl” LTD şirkəti arasına bağlanılmış müqaviləyə əsasən neft və qazın işlənməsi və hasılatı üçün ayrılmışdır. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtin məktubunda qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Yerli icra hakimiyyətinin qərarında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Sabunçu İcra Hakimiyyətinin məktubundan görünür ki, torpaq sahəsinə dair yerləşmə sxemi tərtib edilərək təsdiq edilmişdir. Yerli icra hakimiyyətinin qərarında qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya ayrılmışdır. Dövlət Neft Şirkətinin məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi Şirkətin daimi istifadəsində olmaqla, MMC-nin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyd olunan sahə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Ekspert rəyindən də görünür ki, qeyd olunan sahə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim edilmiş torpaqayırma barədə inzibati aktlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsası qismində müəyyən edilsə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinə dair iddiaçıya ayrılmış yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş inzibati akt qanunauyğun torpaq sahəsinin ayrılmasını ehtiva edən inzibati akt qismində qəbul edilə bilməz və hər hansı hüququn qeydiyyatı üçün də əsas ola bilməz. Belə ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşmə təyinatı baxımından yaşayış məntəqələri üçün nəzərdə tutulmuş torpaq sahəsi olmamaqla neft hasilatı üçün nəzərdə tutulmuş torpaq sahəsidir. İddiaçının həmin torpaq sahəsindən yaşayış məntəqəsi kimi istifadəsi də həmin torpaq sahəsinin təyinatının legitim dəyişikliyi mənası daşımamaqla faktiki olaraq torpaq sahəsinin təyinatı üçün istifadəsinə maneə qismində çıxış etməkdədir. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin: M a d d ə 1 . Azərbaycan Respublikasının torpaq qanunvericiliyi
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. M a d d ə 2 . Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Maddə 6 . Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi;
torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi; M a d d ə 1 0 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. M a d d ə 1 8 . Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. M a d d ə 2 2 . Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. M a d d ə 7 3 . Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:
Əvvəllər qüvvədə olmuş Torpaq Məcəlləsinin: M a d d ə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi onun əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə birlikdə Azərbaycan Respublikası ərazisində torpaq münasibətlərini nizama salır və vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların torpaq hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına, torpaq üzərində mülkiyyətin müxtəlif formalarının tətbiqi əsasında torpaqda təsərrüfatçılığın müxtəlif növlərinin səmərəli inkişaf etdirilməsinə və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qanunçuluğun möhkəmləndirilməsinə yönəlmişdir. M a d d ə 5. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: 2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; 3) sənaye, nəqliyyat, rabitə, müdafiə ehtiyacları üçün və başqa təyinatlı Maddə 69. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilindəki bütün torpaqlar şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin torpaqları hesab edilir və müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin ixtiyarındadır. Maddə 81. Sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar Qeyri-kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına tapşırılmış vəzifələri həyata keçirmək üçün müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən onların istifadəsinə və ya icarəsinə verilmiş torpaqlar aidiyyəti üzrə sənaye, nəqliyyat, rabitə və başqa təMinatlı torpaqlar sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlətin, o cümlədən dövlətin səlahiyyətlərinin bir qismini icra edən inzibati orqanların torpaqlardan məqsədli istifadəsinə nəzarət etmək kimi səlahiyyəti mövcuddur. Eyni zamanda, torpaq sahəsindən məqsədli təyinatına istifadə etmək mülkiyyətçi və istifadəçi qismində fiziki şəxsin də məsuliyyət sferasına aiddir ki, həmin səlahiyyətlərin yerinə yetirilməməsi nəinki hər hansı hüququn tanınmasından imtinaya, hətta tanınmış hüquqdan məhrum edilməyə belə səbəb ola bilər. Dövlətin inzibati funksiyalarının bir hissəsinin icraçısı qismində çıxış edən yerli icra hakimiyyəti orqanı isə aşkar qanunsuz qərar qəbul etməklə təyinatı tamamilə fərqli olan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsini yaşayış məntəqələri kateqoriyasına aid torpaq kimi istifadəsinə səbəbiyyət verən hərəkətlər etməklə nəinki dövlət, eləcə də iddiaçı və Dövlət Neft Şirkətinin maraqlarının pozuntusuna səbəb olmuşdur. Halbuki, neft hasilatı üçün nəzərdə tutulmuş torpaq sahələri sənaye təyinatlı torpaq sahəsi olmaqla məqsədli təyinatına uyğun istifadə edilməlidir ki, dövlətin müstəsna səlahiyyətində olan həmin torpaq sahələrinin kateqoriya dəyişikliyi edilmədən fiziki şəxslərə yaşayış üçün verilməsi təhlükəsizlik baxımından da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, “Texniki təhlükəsizlik haqqında» Qanunun əlavəsinə əsasən neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin Siyahısı”nın: Təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:
6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri üzrə: 6.1. geoloji kəşfiyyat işlərində istifadə olunan dağ-mədən kompleksləri; 6.2. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri; 6.3. neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının işlənilməsi ilə bağlı qazma, istismar, geofiziki tədqiqatlar və lay təzyiqinin saxlanılması obyektləri; 6.4. mədəndaxili və mədənlərarası neft, qaz və lay suyunun yığılması, hazırlanması və nəqli obyektləri; 6.5. qaz emalı və helium istehsalı zavodları, neft və qazın kompleks hazırlanması və separasiyası məntəqələri, nasos və kompressor stansiyaları, rezervuar-çən parkları, dənizdə neftçıxarma kompleksləri; 6.6. magistral neft-qaz boru kəmərlərinin istismarı ilə əlaqədar neftvurma və qaz kompressor stansiyaları, kondensatın saxlanması və qazsızlaşdırılması üçün çənlər, neftin və neft məhsullarının, kondensatın və maye karbohidrogenlərin yeraltı anbarları, kompressor və qazpaylayıcı stansiyalar, neft və neft məhsullarının qızdırılma məntəqələri. Göründüyü kimi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələri neftqazçıxarma sənayesi üzrə müvafiq işlərin görülməsinə xidmət edən torpaq sahələridir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin sahə ilə bağlı qərar qəbul edilmiş, bu zaman həmin torpaq sahələri ilə bağlı hal-hazırda yaşayış məntəqələri kimi ərazinin istifadəsinə baxmayaraq mövcud ola biləcək təhlükə potensialı nəzərə alınmamışdır. Digər bir nəzərə alınmayan cəhət isə dövlətin səlahiyyətli qurumu kimi Dövlət Neft Şirkəti ilə bağlanılmış beynəlxalq müqavilənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin sahə beynəlxalq müqavilənin tələblərinə uyğun olaraq üçüncü şəxs MMC-nin istifadəsinə verilmişdir. Hazırkı halda torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı isə həmin MMC-nin də hüquq və mənafelərinin pozuntusuna səbəb olur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı baxımından hüququnun həmin şəxsdən üstünlüyü müəyyən edilmir. Əksinə dövlətin öhdəliyi kimi beynəlxalq razılaşma əsasında sahənin istifadəsi MMC-yə verilmişdir ki, faktiki olaraq həmin torpaq sahəsinin MMC-nin istifadəsində olmaması da razılaşmanın icrasını daha da çətinləşdirəcək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair iddianın təminini istisna edən hallardan biri qismində çıxış edir. Məhkəmə, həmçinin inzibati orqanın qərarına, eləcə də buna dair təqdim edilmiş yerləşmə sxeminə dair də qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə iddiaçıya hansı ölçüdə torpaq sahəsinin ayrılması qəbul etdiyi qərarda öz əksini tapmamışdır. Lakin, sonradan təqdim edilən yerləşmə sxemində torpaq sahəsinin ölçüsü barədə məlumat göstərilmişdir ki, inzibati orqanın uzun illərdən sonra öz sərəncamına əsasən konkret olaraq hansı ölçüdə, hansı yerdə torpaq sahəsinin ayrılması barədə yerləşmə cizgisinin mötəbərliyi də şübhə doğurmaqdadır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir Sadalanan qanun normalarının təhlili göstərir ki, iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün sərəncam yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməlidir və bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Sonuncu belə bir sənəd kimi yerləşmə cizgisi sərəncam qəbul edilən dövrdə deyil, ondan illər sonra tərtib olunduğu üçün mötəbər sayıla bilməz. Həmçinin, RİH başçısının sərəncamı ilə iddiaçıya Ramana qəsəbəsində hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrıldığı aydın deyil. Lakin, təqdim edilən arxivdə isə mövcud olmayan yerləşmə cizgisində həmin sərəncama əsasən ayrılan torpaq sahəsinin yeri illər sonra qərarda ölçü göstərilməsə belə göstərilmişdir ki, bu da onun mötəbərliyini şübhə altına alır. Qeyd edilənlərdən çıxan nəticəyə görə, RİH başçısının sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatını tənzimləyən qanunvericiliyin birmənalı tələbi isə ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına təqdim olunmalıdır. Lakin iddiaçı həmin maddədə müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmiş, onun təqdim etdiyi sənədlər yuxarıda göstərilən səbəblərdən qanuna uyğun hüquqmüəyyənedici və texniki sənəd xüsusiyyətinə malik olmamışdır. Qeyd edilməlidir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi qərar və yerləşmə cizgisi etimad hüququnun qorunması baxımından həmin hüquqa istinad üçün əsas qismində çıxış etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsindən də göründüyü kimi maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə adıçəkilən torpaq sahəsinin ayrılması ilə dövlət maraqlarına və ya ictimai maraqlara, eləcə də üçüncü şəxsin maraqlarına ziyan vurulduğu aşkardır. Odur ki, həmin sənədlərə istinad hüquqların dövlət qeydiyyatına alınması əsası qismində çıxış etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1619/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, iddianın rədd edilməsi barədə qərarı qüvvədə saxlayan apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmiş, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-308/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə olan torpaq sahəsidir. Göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsi kateqoriyasına görə sənayə torpaqlarına aiddir və NQÇİ-nin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 50 manat ekspertiza xərci mövcud olmuş, iddianın isə rədd edilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov