Məhkəmə qərarları › İş №2-1(112)-2520/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2520/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2520/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “sosial müavinətin verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, övladı 25.12.2004-cü il təvəllüdlü X9 Osman oğluna sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən 19.07.2019cü il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 45-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 2-1(112)-2520/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı 30 mart 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon xidmət nümayəndəliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2520/2021 saylı 30 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladı 25.12.2004-cü il təvəllüdlü X9 Osman oğlu “Wilyams” sindromu xəstəliyindən əziyyət çəkdiyinə görə keçən il onun Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciətlərindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti övladını müayinə etmiş, Tibbi Sosial Ekspert Komissiyasının 19.07.2019- cu il tarixli rəyinə əsasən övladı sağlamlıq imkanları məhdud uşaq olduğuna görə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən sosial müavinət təyin edilmişdir. Onun tam olaraq xəstə olduğunu o və yoldaşı təqribən 2-3 yaşı olanda bilmişlər. Bu xəstəliklə bağlı 1960-cı illərdə uşaqlar arasında daha çox rastlanan “Williams Sindromu” xəstəliyi 10 min doğuşdan birində görülən genetik xəstəlikdir. Yəni bu xəstəlik anadangəlmə xəstəlikdir və bu səbəbdən övladı hazırda aldığı sosial müavinəti doğulduğu vaxtdan almalı olduğu halda müəyyən səbəblərdən bu baş tutmamışdır. Bu səbəblərdən ən başlıcası övladının sağlamlıq imkanları məhdud uşaq kimi tanınması və haqqı olan sosial müavinəti alması üçün o dəfələrlə müraciət etsə də müraciətlərinin nəticəsiz qalmış olmasıdır. Sağlamlıq imkanı məhdud uşaq kimi doğulduğu gündən 19.07.2019-cu il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinət də hesablanaraq birdəfəlik ödənilməlidir. Bu səbəbdən o, 12.08.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət edərək övladına sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən 19.07.2019-cu il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinətin də hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmiş, lakin müraciətindən bu günə kimi 2 aydan da artıq müddət keçməsinə baxmayaraq cavabdeh orqan tərəfindən ona müsbət və ya mənfi hər hansı cavab verilməmişdir. Bu səbəbdən o övladının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş və övladının xəstəliyi ilə bağlı müayinə sənədlərinə, eləcə də tibbi sosial ekspert komissiyasının rəyinə əsasən hesab edir ki, tələbi tam əsaslıdır və təmin edilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Həmin Qanunun 7.0.4.-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İş materiallarından göründüyü kimi İddiaçı övladı X9 Osman oğluna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19.07.2019-cu il tarixli rəyinə əsasən sağlamlıq imkanları məhdud uşaq olduğuna görə sosial müavinət təyin edilmişdir. Qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi İddiaçı övladı X9 Osman oğluna doğulduğu tarixdən (25.12.2004) sosial müavinətin ödənilməsi qanunvericiliyə ziddir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən 3-cü şəxsin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu qeyd edərək, izahatında bildirmişdir ki, səhiyyə müəssisəsi tərəfindən X9 Osman oğlu barəsində ilkin göndəriş 27.06.2019-cu il tarixdə olmuş, 19.07.2019-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin qiymətləndirilmiş və növbəti müayinə tarixi 25.12.2022-ci il tarix olmaqla uşağın 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilmişdir. Əvvəlki tarixlərdə heç bir göndəriş rəsmiləşdirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-ü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı, lazimi sorğulara cavab məktublarının daxil olduğunu üçün şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Əzizli təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş: - AZE №12593915 saylı şəxsiyyət vəsiqəsinin surətində görünür ki, 25.12.2004-cü il təvəllüdlü X8 Ali Osman (anası İddiaçı) Azərbaycan Respublikası vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 22.06.2019-cu il tarixli № 2999 saylı müayinə diaqnozundan görünür ki, 25.12.2004-cü il təvəllüdlü Meral Musa Osman oğlu tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1 Nitq inkişafın spesifik pozuntusu F80.0 Wilyams sindromu Q93 diaqnozu qoyulmuşdur. AR X1 Qanuna (2.3 maddə) əsasən stasionara yerləşdirilmə əsassız hesab olunmuşdur. - Tibbi Sosial Ekspert Komissiyasının № 4120003AABEE saylı 22 nömrəli Uşaq Poliklinikası tərəfindən göndərilmiş X9 Osman barəsində cavabından görünür ki, 25.12.2004-cü il təvəllüdlü X9 Osman 19.07.2019-cu il tarixdə TSEK-də müayinə olunmuş. TSEK-in cavabı, diaqnozu: orta dərəcəli kəmağıllıq. Nitq artikulyasiyasının spesifik pozuntusu. Başqa rubrikalarda təsnif olunmayan monosomiyalar və autosom xromosomların bir hissəsinin itirilməsi, wilyams sindromu olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemində müavinət, təqaüd və kompensasiya alan şəxs barədə məlumatdan görünür ki, X9 Osman oğluna 19.07.2019-cu il tarixdən 25.12.2022-ci il tarixədək aylıq 150 manat müavinət təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının 25.12.2004-cü il təvəllüdlü oğlu X9 Osman oğlu anadangəlmə irsi xəstəlik-Wilyams sindromu xəstəsi olmuşdur. İddiaçı bu əsasla 19.07.2019-cu ildə təyin edilmiş sosial müavinətin uşağın doğulduğu tarixdən ödənilməli olduğunu əsas gətirir. İddia tələbinin qanuni əsasını “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsi təşkil edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonramüavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı“əlilliyi olan“övladları. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyalar haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Həmin Qanunun 7.0.4.-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçının oğlu X9 Osman oğlu barəsindən Bakı 22 nömrəli Uşaq Poliklinikasından ilkin göndəriş 27.06.2019-cu il tarixdə rəsmiləşdirilmiş, TSEK tərəfindən 19.07.2019-cu il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu təyin edilmişdir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi-TSEK tərəfindən ilkin müraciətdən dərhal sonra iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon Şöbəsi tərəfindən 01.10.2019-cu il tarixdə 19.07.2019-cu ildən 25.12.2022-ci il tarixədək 150 manat məbləğində müavinət təyin edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, sağlamlıq imkanlarının məhdud hesab edilməsinə dair sosial müavinət məhz şəxsin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi müddətdən təyin edilir. Hazırda cavabdeh qismində çıxış edən inzibati orqan tərəfindən də uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğu (qərarın qəbul edildiyi) tarixdən sosial müavinət təyin edilmişdir. Bundan başq, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada 27.06.2019-cu ildən əvvəlki dövrlər üzrə də səhiyyə müəssisəsiləri tərəfindən göndərişin göndərilməsi sübuta yetirməmişdir. Təhlil edilmiş qanunvericilik normalarından göründüyü kimi, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi tarixdən əvvəlki dövrlər üzrə sosial müavinətlərin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, hazırki iddia əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar