Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2520/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsi, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1956-cı ildə anadan olmuşdur, 01 mart 1974-cü ildən 30 dekabr 2004-cü il tarixə qədər müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 29 il 9 aydan çox təşkil edir. xx.xx.1974-ci il tarixdən - xx.xx.1974-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-Tikinti Trestində suvaqçı rəngsaz işləmişdir – (8 ay 15 gün); xx.xx.1974-cü il tarixdən - xx.xx.1976-cı il tarixədək hərbi xidmət etmişdir - (2 il); xx.xx.1977-ci il tarixdən - xx.xx.1977-ci il tarixədək “Puşkin” adına sovxozda fəhlə işləmişdir – (3 ay 9 gün); xx.xx.1978-ci il tarixdən - xx.xx.1984-cü il tarixədək Peşə Texniki Məktəbində ştamplayıcı sexinin ustası işləmişdir – (5 il 6 ay 27 gün); xx.xx.1984-cü il tarixdən - xx.xx.1990-cı il tarixədək 1 saylı Evtikmə Kombinatında fəhlə, qəlibçi işləmişdir - 6 il 2 ay 12 gün; xx.xx.1990-cı il tarixdən - xx.xx.1990-cı il tarixədək Bakı Meyvə Tərəvəz Sənaye Birliyində fəhlə işləmişdir – (2 ay); xx.xx.1990-cı il tarixdən - xx.xx.1992-ci il tarixədək Meyvə-Tərəvəz Kartof satışı Təmir Tikinti İdarəsində rəngsaz işləmişdir – (1 il 6 ay); xx.xx.1992-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək Bakı Asbest və Keramika Kombinatında fəhlə işləmişdir – (9 ay 22 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.2004-cü il tarixədək 1 saylı Evtikmə Kombinatında dəmir-beton konstruksiyaları qəlibçisi işləmişdir – (12 il 9 gün). Bundan başqa xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 113 nömrəli Texniki Peşə Məktəbində, daha sonra 79 saylı Texniki Peşə məktəbində və Bakı Axşam Neft texnikumunda təhsil almışdır. Qeyd olunanlarla bağlı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmiş, qeyd olunan iş stajının bir hissəsini nəzərə almadan 23 avqust 2021-ci il tarixli, **********0 nömrəli məktubla ona yaşa görə əmək pensiyasısının təyinindən imtina etmişdir. Cavabdeh tərəfındən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, imtinanı onunla əsaslandırmışdır ki, guya təqdim etdiyi əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən iş stajı 18 il 3 aydır, bu da tələb olunan 25 ildən azdır və pensiya kapitalı pensiya təyini üçün kifayət etmir. Cavabdehin hesaba almadığı dövr olan xx.xx.1984-xx.xx.1990-cı ildə işlədiyi müddətdə hətta ona iş yerindən yaşayş mənzili də verilmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz, əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz və etiraza əlavə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 8 ay 14 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 3 ay 9 gün, xx.xx.1978-ci tarixdən xx.xx.1984-cü il tarixədək 5 il 6 ay 19 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 6 il 2 ay 11 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 1 ay 28 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək 1 il 7 ay 1 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 9 ay 22 gün, təhsil haqqında sənədə (attestat) əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 10 ay 9 gün və xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 6 ay 17 gün təhsil aldığı müddətlər və hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu 1 il 11 ay 13 gün müddət olmaqla onun xx.xx.2006-cı il tarixə kimi sığorta stajı 18 il 7 ay 15 gün (pensiya kapitalına çevrilməklə 14193,55 manat) təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Əlavə olaraq, “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004cü il tarixədək iş həcminin tam olmadığı müəyyən edilmişdir. Belə ki, müəssisə 1997-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna hesabatlar təqdim etmişdir. Hesabatlarda 1997, 1998 və 1999-cu illərdə hər il üzrə işləyənlərin sayı 10 nəfər, 2000-ci il üzrə ştat cədvəli 450 nəfər, işləyənlərin sayı 10 nəfər, 2001-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 32 nəfər (İİ rübdə 10, İ rübdə qeyd olunmayıb), 2002-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 18 nəfər, 2003-cü il üzrə ştat cədvəli 286 nəfər, işləyənlərin sayı 15 nəfər, 2004-cü il üzrə ştat cədvəli 234 nəfər, işləyənlərin sayı 36 nəfər (İİ rübdə 39, İ rübdə 15) qeyd olunmuşdur. Ştat cədvəli üzrə işçi sayı ilə MDSS hesablanan işçi siyahısındakı fərq həmin müəssisənin tam həcmdə işləmədiyini təsdiq edir. Qeyd olunan hesabatlarda İddiaçı adına rast gəlinməmişdir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə 130 manat məbləğində müavinət təyin edilib və ödənilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur. Beləliklə iddiaçı F. M.Məmmədovun yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi 34 №-li Lənkəran şəhər Peşə Məktəbi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 3008 nömrəli attestatın surətindən görünür ki, X4 xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixə kimi peşə məktəbində təhsil almış və ona 4-cü dərəcəli rəngsaz ixtisası verilmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi Bakı Texniki Peşə Məktəbi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 3019 nömrəli attestatın surətindən görünür ki, X4 peşə məktəbində təhsil almış, xx.xx.1978-ci ildə məktəbi bititmiş və ona 3-cü dərəcəli ştampçı ixtisası verilmişdir. - Azərbaycan SSR Ali və Orta ixtisas təhsili nazirliyinin Bakı axşam neft texnikumu tərəfindən verilmiş DT-İ 751941 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1978-ci ildə texnikuma daxil olmuş, 1982-ci ildə metalların kəsimlə emalı ixtisası üzrə tam kursu bitirmişdir və dövlət ixtisas komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona texnik-texnoloq ixtisası verilmişdir. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-ci il tarixdən - xx.xx.1974-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-Tikinti Trestində suvaqçı rəngsaz (8 ay 15 gün); xx.xx.1974-cü il tarixdən - xx.xx.1976-cı il tarixədək hərbi xidmət etmişdir (2 il); xx.xx.1977ci il tarixdən - xx.xx.1977-ci il tarixədək “Puşkin” adına sovxozda fəhlə (3 ay 9 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 79 №-li Peşə Məktəbində təhsil (6 ay 19 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Bakı Kondisoner Zavodu”nda ştamplayıcı sexinin ustası (5 il 6 ay 20 gün); xx.xx.1984-cü il tarixdən - xx.xx.1990-cı il tarixədək 1 saylı Evtikmə Kombinatında fəhlə, qəlibçi (6 il 2 ay 12 gün); xx.xx.1990- cı il tarixdən - xx.xx.1990-cı il tarixədək Bakı Meyvə Tərəvəz Sənaye Birliyində fəhlə (1 ay 29 gün); xx.xx.1990-cı il tarixdən - xx.xx.1992-ci il tarixədək Meyvə-Tərəvəz Kartof satışı Təmir Tikinti İdarəsində rəngsaz (1 il 7 ay 2 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək Bakı Asbest və Keramika Kombinatında fəhlə (9 ay 23 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.2004-cü il tarixədək 1 saylı Evtikmə Kombinatında dəmir-beton konstruksiyaları qəlibçisi (12 il 10 gün) vəzifələrində işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 01/03 nömrəli, xx.xx.2021-ci il tarixli aydınlaşdırıcı arayışdan görünür ki, İddiaçı ”BBTl"-nin 01 saylı Evtikmə kombinatında 01 mart 1984-cü il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəl fəhlə kimi işə qəbul edilmişdir (Əmr №99, xx.xx.1984 il). 01 iyun 1984-cü il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir (Əmr №329, xx.xx.1984 il). 01 fevral 1985-ci il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir (Əmr №106, xx.xx.1985 il). 12 may 1990-cı il tarixindən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişilə) işdən azad edilmişdir (Əmr №279,1 xx.xx.1990 il). Əsas: əmək kitabçası. ”BBTİ"-nin 01 saylı Evtikmə kombinatında 21 dekabr 1992-ci il tarixindən baş korpus sahəsinə dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi kimi işə qəbul edilmişdir (Əmr №679, xx.xx.1992 il). 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir (Əmr №65/k, xx.xx.2004 il). Əsas: T-2 şəxsi kartoçkası. 1 saylı Evtikmə Kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********71 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 263 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüquqi olan şəxslərin siyahısına daxil edilmişdir - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********689200 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "Bakı İnşaat-1” ASC xx.xx.2003-cü ildə qeydiyyata alınmış və nizamnaməsi təsdiq edilmişdir. - Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2006-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində № D-3525 saylı şəhadətnamə ilə xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılır və onun hüquqi varisidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********994200 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2010cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması və xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. - Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-l № ******* saylı əmək kitabçasına, diplomunun və hərbi biletininin surətlərinə əsasən sığorta stajı 18 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13907,77 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, №BA-03510-2021 saylı arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi BBTİ 1 №-li X10 dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricində olmuşdur. Qeyd olunanlarla bağlı ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən sığorta stajı 18 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13907,77 manat təşkil etməklə bu məbləğin qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının hərbi xidmət, təhsil müddəti və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 18 il 3 ay (iddia tələbinə etirazda həmin müddət 18 il 7 ay 15 gün göstərilmişdir) təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi BBTİ 1 №-li X9 işlədiyi dövrlərdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər, təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 30 il 05 ay 14 gün sığorta stajı mövcuddur. Məhkəmə iddia tələbinə etiraza əlavədə qeyd olunan “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004-cü il tarixədək iş həcminin tam olmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2520/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2520/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver