Məhkəmə qərarları › İş №2-1(112)-2521/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2521/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2521/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8, Üçüncü şəxs X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər X4 və X9) qarşı “məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsinə mərhum atası X19 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, arayışın (reyestrdən çıxarışın) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı bağ sahəsinin mərhum X20 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsi mərhum atası İddiaçıa Bakı şəhəri İcra Hakimiyyətinin X7 və İstismarı Birliyi tərəfindən 10 iyul 2006-cı ildə 16642 saylı müqavilə əsasında verilibdir. Atası 26 oktyabr 2013-cü ildə Bakı şəhərində vəfat edib və həmin bağ sahəsi artıq mirasdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciəti əsasında Bakı şəhəri 39 saylı Notariat Kontorunda vərəsəlik işi açılıb və miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət edilibdir. Müraciəti cavabdeh tərəfindən təmin edilməyib və cavabdehin 11 sentyabr 2023-cü il tarixli imtina məktubunda göstərilir ki, müraciətlə əlaqədar bildirilmişdir ki, yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzülərək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdehin imtina məktubunda göstərilən əsaslar miras qalan bağ sahəsində yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvasdın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqalarına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 319 nömrəli 10 oktyabr 2015- ci il tarixli qərarının 7-bəndinin İİ hissəsinə əsasən Qanunun (Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında) 8- ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş bu əmlak barədə məlumatun dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Həmin qərarın 7-ci bəndinin İ hissəsinə görə isə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adma tərtib edilmiş çıxarış verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsini 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı vərəsə kimi miras qoyanın vəfatından sonra miras əmlakına sahiblik etməyə və idarə etməyə faktiki başlamışdır. Bununla da Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə həmin miras əmlakına mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamının 2.2-ci bəndinə əsasən vətəndaşların qanuni istifadələrində olan bağ sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2434” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizəyə tərəfindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin qonşu sahənin hasarı daxilində yerləşməklə istifadəsində olmadığı müəyyən edilmişdir. Odur ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin torpaq sahəsinə digər şəxslərin müraciəti olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hüquq sahibi X16 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “2434” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair imtina səbəbinin araşdırılmasına və təkrar baxış keçirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzələrək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2434 saylı bağ sahəsinə mərhum atası X19 mülkiyyət hüququnun daşı nmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınması, arayışın (reyestrdən çıxarışın) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. İdarənin mütəxəsisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzələrək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə X3 və X1 müraciəti olmuşdur. Həmçinin bildirilmişdir ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2647/2431 saylı 0,25 ha bağ sahəsinin Əziz-zadə X17 adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9525/2023 saylı sərəncamı İdarəyə daxil olmuşdur. Yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və X15 ərazisindəki 2434 nömrəli bağın istifadəyə verilməsi haqqında 16642 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi olan 2434 nömrəli bağ sahəsi X19 istifadəsinə verilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cü il tarixli məktubunda bildirilmişdir ki, Əziz-zadə Sultan Məlikəhməd oğlunun xx.xx.1982-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən X11 miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-673/2022 nömrəli qətnaməsi ilə ərizəçi X3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi qismən təmin edilmiş və xx.xx.1980-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimikyyətinin Bağlar Təsərrüfatı trestinin Ləhiş bağ massivində yerləşən 2647/2431 saylı 0.25 ha sahədən ibarət olan bağ sahəsinin Əziz-zadə X21 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1982-ci tarixdə vəfat etmiş miras qoyan - Əziz-zadə Sultan Məlikəhməd oğlundan qalmış miras əmlaka dair qızı - X10 xx.xx.2016-cı il tarixli müraciətinə əsasən ofisdə vərəsəlik işi açılmışdır, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Sonradan xx.xx.1982-ci il tarixdə vəfat etmiş Əziz-zadə Sultan Məlikəhməd oğlundan qalan miras əmlaka dair miras qoyanın qızı - X12 ərizəsinə əsasən ofisdə vərəsəlik işinin açılması, onun adına xx.xx.2010-cu il tarixdə 2V-28 reyestr nömrəsi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"-nin verilməsi, o cümlədən mərhumı qızı - X10 xx.xx.2010-cu il tarixli ərizəsinə əsasən mərhum Əziz-zadə Sultan Məlikəhməd oğlundan qalmış miras əmlakın qəbulundan imtina etdiyi müəyyən edilmişdir. Bildirilir ki, X10 mərhum atası Əziz-zadə Sultan Məlikəhməd oğlundan qalmış miras əmlakın qəbulundan imtina etməsi ilə əlaqədar X10 vərəsələrinə həmin miras əmlakdan pay verilməsi və buna dair vərəsə şəhadətnaməsi təqdim edilməsi mümkün deyildir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X19 xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinada qeyd olunan hallar haqqında məlumatın məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.2302 ha təşkil edir (üzərində tikili yoxdur.) Ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bir hissəsi 2433 saylı bağın ərazisinə düşür. Həmçinin, qonşu özəl 2436 saylı bağın yerləşməsinə əsasən 2435 saylı bağ sahəsinə yer az qalır. Bu səbəbdən hər iki bağla bağlı bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan başqa ərizəçi İddiaçı sahə ilə bağlı daha öncəki müraciətlərində fərqli konfiqurasiya ilə müraciət etmişdir. Sahənin fərqli hissələrinə digər fiziki şəxslərin ********** və ********** nömrəli müraciətləri olmuşdur (qeydiyyat aparılmayıb).

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, keçmiş X7 və İstismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.2002-cı il tarixli 16275 nömrəli bağın üzərində olan tikili ilə birlikdə icarəyə verilməsi haqqında müqavilə əsasında ünvan 2 ünvanında yerləşən 0.2425 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir.

14. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 və X9 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilsinlər.

15. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər eyni məzmunlu izahat verərək bildirdilər ki, uzaq qohumdurlar, torpaq sahələri bir-biri ilə qonşu ərazilərdə yerləşir və üst-üstə düşmür, aralarında hər hansı mübahisə yoxdur, hər birinin istifadəsində ayrı-ayrı torpaqlar mövcuddur və iddia tələbinin təmin edilməsinə hər hansı etirazları yoxdur.

II. İddianın növü və mümkünlüyü

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. X26 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

30. X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

31. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı bağ sahəsinin mərhum X20 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulmasını tələb etmişdir.

32. Məhkəmə müəyyən edir ki: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 İnkişafı və X15 ərazisindəki 2434 nömrəli bağın istifadəyə verilməsi haqqında 16642 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində, 0,25 hektar torpaq sahəsi olan 2434 nömrəli bağ sahəsi X19 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X19 xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. -Torpaq sahəsinə dair müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki sahəsi 0,2506 ha-dır.

33. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin qonşu sahənin hasarı daxilində yerləşməklə istifadəsində olmadığı müəyyən edilmişdir. Qərb tərəfdən qonşu hasarın bir hissəsi sökülmüş, iddia olunan sahə bir sıra mişar daşı düzülərək ayrılmışdır. Belə ki, qonşu torpaq sahəsinin qanuni istifadəçisinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinin təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə X3 və X1 müraciəti olmuşdur.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinada qeyd olunan hallar haqqında məlumatın məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.2302 ha təşkil edir (üzərində tikili yoxdur.) Ümumi ərazidə bağ sahələrinin hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bir hissəsi 2433 saylı bağın ərazisinə düşür. Həmçinin, qonşu özəl 2436 saylı bağın yerləşməsinə əsasən 2435 saylı bağ sahəsinə yer az qalır. Bu səbəbdən hər iki bağla bağlı bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Bundan başqa ərizəçi İddiaçı sahə ilə bağlı daha öncəki müraciətlərində fərqli konfiqurasiya ilə müraciət etmişdir. Sahənin fərqli hissələrinə digər fiziki şəxslərin ********** və ********** nömrəli müraciətləri olmuşdur (qeydiyyat aparılmayıb). Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X9 və X4 İddiaçı ilə qonşu olduqlarını və torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd etmişdirlər.

35. Məhkəmə bağ sahələrinin vəziyyətini əks etdirən ortofoto çıxarışına əsasn müəyyən edir ki, 2434 saylı bağ sahəsi faktiki olaraq Ləhiş bağlar massivinə dair bağ sahələrinin bölgü sxemində əks olunmuş digər qeydə alınmış bağ sahələri (2436 saylı) ilə qonşuluqda yerləşir. Odur ki, məhkəmə qeyd edir ki, hazırda bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan və mübahisəli olmayan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.

36. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

37. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

38. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

39. Məhkəmə bağ sahələrinin vəziyyətini əks etdirən ortofoto çıxarışına əsasən müəyyən edir ki, iddia edilən 2434 saylı bağ sahəsi ilə qonşuluqda yerləşən (aralarında bir bağ sahəsi olması ortofoto çıxarışından da görünür) 2436 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, iddia olunan sahə (mümkün sürüşmə halı istisna edilmədən) həqiqi ərazisinə uyğundur və torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina əsaslı hesab edilə bilməz.

40. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum atasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən sahəsi 2434 saylı torpaq sahəsinin iddiaçının atası mərhum X20 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar