Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2522/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 25 aprel 2018-ci il tarixindən, 57 yaşdan “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun 57 yaşı tamam olduğu 25 aprel 2018ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 22 oktyabr 2020-ci il tarixli **********3 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışlar ki, 18 fevral 1981-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən onun ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 7 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Xahiş cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxx 1961-ci ildə doğulub. 15 mart 1977-ci il tarixində Salyan rayonunun Qaraçala qəsəbə 1 №li pambıqçılıq sovxozunun tikinti briqadasına fəhlə qəbul edilib və 1977-ci ilin iyul ayına qədər orada çalışıb. 01 sentyabr 1979-21 iyul 1980-ci il tarixində Əli-Bayramlı şəhər 28 nömrəli texniki peşə məktəbində əyani təhsil alaraq, elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. 09 dekabr 1980-ci il tarixində “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 4 №li komandasına atıcı işinə qəbul edilib və 22 noyabr 1982-ci il tarixinə qədər orada çalışmışdır. 08 fevral 1983-11 may 1983 və 28 iyun 1983-09 noyabr 1983-cü il tarixlərində X4 idarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir. 10 noyabr 1983-10 dekabr 1985ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 19 fevral 1986-cı il tarixində X15 Çıxarma İdarəsinin İstehsalın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.01.1989-cu ildə həmin vəzifədə ona 3-cü ixtisas dərəcəsi verilib və 11 sentyabr 1996-cı il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 11 sentyabr 1996-cı il tarixində həmin müəssisədə 2 №li neft qaz çıxarma sahəsinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmiş və 05 oktyabr 2009-cu ilə qədər həmin vəzifədə çalışmışdır. 05 oktyabr 2009-cu il tarixindən 31 iyul 2019-cu il tarixinədək Şirvan Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı Təmir Sexində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində çalışmışdır. 01 avqust 2019-07 iyun 2020-ci il tarixində Şirvan Drilling Limited Şirkətində Quyuların Əsaslı və Yeraltı Təmir Sexində quyuların yeraltı təmiri üzrə operator vəzifəsində çalışmışdır. Bu dövr ərzində Şirvanneft NQÇİ-nin hüquqi statusunda və təşkilati strukturunda dəyişikliklər baş versə də, mahiyyət etibarilə o, eyni iş yerində çalışmışdır. İş stajı barədə qeyd edilənlər əmək kitabçası və oradakı qeydləri təsdiq edən arxiv arayışları ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən ümumi iş stajı, peşə təhsili nəzərə alınmaqla, 25 il 8 aydan çoxdur. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş „Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na (sonradan -Siyahı) uyğun olaraq, 08 fevral 1983- 11 may 1983 və 28 iyun 1983-09 noyabr 1983-cü il tarixlərində X4 idarəsində qazmaçı köməkçisi vəzifəsində - 0 il 09 ay 05 gün- Siyahıda- 21300000 Хİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları, X15 Çıxarma İdarəsinin İstehsalın Avtomatlaşdırılması Sexində teleavtomatika və dispetçer avadanlıqları üzrə elektrik montyoru vəzifəsində 19 fevral 1986-11 sentyabr 1996-cı il tarixlərində - 10 il 6 ay 23 gün, Siyahıda 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200а—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, həmin müəssisədə 11 sentyabr 1996- 01 yanvar 2006-cı il tarixinədək 2 №li neft qaz çıxarma sahəsinə 4-cü dərəcəli yeraltı təmir operatoru - 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200а—15870 quyuların yeraltı təmiri üzrə operatorlar-9 il 3 ay 21 gün olmaqla toplanmışdır və ümumilikdə güzəştli iş stajı 20 il 7 ay 17 gün təşkil edir. Cavabdeh ona müraciət edildikdən sonra peşə təhsili barədə arayışı ayrıca təqdim etsə də, həmin təhsil dövrünü ümumi iş stajına daxil etməmişdir. Həmin arayışı Peşə Təhsili üzrə Dövlət Agentliyindən alaraq daha sonrakı tarixdə məktubla göndərmişdir. Lakin məlum olmayan səbəblər üzündən həmin təhsil dövrü ümumi iş stajına daxil edilməmişdir. Bu səbəblə də onun ümumi iş stajının 25 ildən az olmasını qəbul etmişdir. Cavabdeh ona sənədlərini imtina məktubu ilə birlikdə geri qaytararkən həmin arayışı qaytarmamışdır. Halbuki ona göndərilən hər bir məktuba cavabdehin dəftərxanasında kargüzarlıq nömrəsi təyin edilir və icraata yönəldilir. Hazırda cavabdeh gündəlik inzibati praktikasında 01 yanvar 2006-cı ilə qədər toplanmış əmək stajına əsasən güzəştli şərtlərlə pensiya təyinatı apararkən həmin dövrə qədər ali, texniki və texniki peşə məktəblərində əyani təhsil dövrünü ümumi iş stajına daxil edir. İmtina məktubunda cavabdeh onun güzəştli iş stajıma irad tutmadığı üçün, hesab edir ki, onun güzəştli iş stajı hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 13.11.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 21 dekabr 2020-ci il tarixli **********1 №li etirazda və 01.06.2021-ci il tarixli **********2 №li etiraza əlavədə göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 fevral 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş İddiaçı Salyan rayonu Qarabağlı kəndində qeydiyyatdadır. - 21 iyul 1980-cı il tarixli 13265 nömrəli attestatın notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 20 noyabr 2020-ci il tarixli Q-122/25 №li arayışdan müəyyən olunur ki, İddiaçı 01.09.1979-25.06.1980-cı il tarixlərdə həmin məktəbdə təhsil almışdır. - 22 may 1983-cü il tarixdə verilmiş NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən verilmiş 494 №li 21.07.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 10 noyabr 1983-cü il tarixdən 10 dekabr 1985-ci ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 18.02.1981-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 09.12.1980-ci ildə “Azneft” Birliyinin idarəçilik hərbiləşdirilmiş gözətçi dəstəsinin 4 saylı kom. atıcı vəzifəsinə qəbul edilmişdir. 22.11.1982-ci ildə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir. 08.02.1983-cü ildə X2 İdarəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi qismində qəbul edilmişdir. 11.05.1983-cü ildə Sovet Ordusu sıralarına çağırılması ilə bağlı işdən azad edilmişdir. 28.06.1983-cü ildə əvvəlki vəzifəsinə 3-cü dərəcəli neft və qaz istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsinə bərpa edilmişdir. 09.11.1983-cü ildə həqiqi hərbi xidmətə çağırılması ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. 19.02.1986-cı ildə “Şirvanneft” NQÇİ İstehsalatın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru qismində qəbul edilmişdir. 11.09.1996-cı ildə 2 N-li Neftqazçıxarma sexinə 4-cü dərəcəli YAT operatoru keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si 01.09.1997-ci il tarixindən ləğv olunmuşdur və onun bazasında "xxxx" birgə MMM yaradılmışdır. 01.09.1997-ci ildə həmin sexdə işini davam etdirmişdir. 01.07.2001-ci il tarixdə Quyuların Yeraltı Təmir Sexinin 2-ci sahəsinə 4-cü dərəcə YAT operatoru keçirilmişdir. 06.06.2002-ci ildə QYTS-nin ləğvi ilə əlaqədar 2 saylı NQŞS-də 4-cü dərəcə YAT operatoru keçirilmişdir. 28.12.2005-ci ildə QƏYTS-nin yradılması ilə əlaqədar 2-ci sahə üzrə 4-cü dərəcə YAT operatoru keçirilmişdir. 05.10.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 05.10.2009cu ildə “X5 Limited” şirkəti Quyuların əsaslıə və Yeraltı Təmir Sexinə 4-cü dərəcə YAT operatoru qəbul edilmişdir. 31.07.2019-cu ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2019-cu ildə “Shirvan Drilling Limited” şirkətinə Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator qəbul edilmişdir. 07.06.2020-ci ildə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 228 nömrəli 17 may 2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 №li Pambıqçılıq sovxozunun 1977-ci ilə aid şəxsi heyət üzrə əmrləri və Kolxozlararası tikinti idarəsinin 1977-ci ilə aid əmək haqqı cədvəlinin arxiv çıxarışından görünür ki, İddiaçı 15.03.1977-ci il tarixdə 38 nömrəli əmrlə 14.03.1977ci il tarixdən tikitnti briqadasına fəhlə qəbul edilmişdir. 23.03.1977-ci il tarixdə 40 nömrəli əmrlə tikinti briqadasının fəhlələri işdən azad olunub, 23.03.1977-ci il tarixdən Salyan rayon Kolxozlararası tikinti idarəsinə göndərilmişdir. Kolxozlararası Tikinti İdarəsində 1977ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqı almışdır. - “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 13 nömrəli 03.07.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı “X5 Limited” Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində Yeraltı təmir üzrə operator peşəsində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il 05 ay 07 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (neft, qaz və qaz kondensantı hasilatı) İddiaçı 01.01.2006-cı il tarixinə güzəştli şərtlərlə 20 il 05 ay 26 gün iş stajı var. İddiaçı 01.01.2006-cı il tarixinə “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-də güzəştli şərtlərlə 19 il 10 ay 12 gün iş stajı var. Belə ki, 17.02.1986-cı il tarixli 18/k saylı əmrlə 19.02.1986-cı il tarixdən 11.09.1996-cı il tarixədək, “Şirvanneft” NQÇİ-nin X1 3-cü dərəcə elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir (10 il, 06 ay 22 gün) (Səh. 67 – neft və qaz kondensatı hasilatı obyektlərində məşğul elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları). 10.09.1996-cı il tarixli 156/k saylı əmrlə 11.09.1996-cı il tarixdən 01.01.2006-cı il tarixinə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-nin 3 saylı Neftqazçıxarma sexində və Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində 5-ci dərəcə Yeraltı təmir üzrə operator peşəsində işləmişdir (09 il 03 ay 20 gün) (səh. 67 Quyuların yeraltı təmiri üzrə operatorlar). - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisin Mərkəzi Arxivinin 17.07.2020-ci il tarixli **********80020123X00144 nömrəli iş stajı haqqında arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 09.12.1980-cı ildə “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 4 nömrəli komandasına atıcı işinə qəbul edilmişdir. 22.11.1982-ci ildə Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 19.02.1986-cı ildə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalın avtomatlaşdırılması sexinə teleavtomatika və dispetçer avadanlıqları üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.01.1989-cu ildə teleavtomatika və dispetçer avadanlıqları üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 11.09.1996-cı ildə 2 N-li NQÇS-yə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" X6 Müəssisə yaradılmışdır. 01.09.1997ci ildə "xxxx" BMMM-nin 2 № li NQÇS-nə 4-cü dərəcəli YAT operatoru peşəsinə işə qəbul edilmişdir. 01.07.2001-ci ildə QYTS-yə 4-cü dərəcə YAT operatoru peşəsinə keçirilmişdir. 06.06.2002-ci ildə QYTS-nin ləğvi ilə əlaqədar 2 saylı NQÇS-yə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. 28.12.2005-ci ildə QƏYTS-nin yaradılması ilə əlaqədar QƏYTS-nin 2-ci sahəsi üzrə 4-cü dərəcəli YAT operatoru peşəsinə keçirilmişdir. 05.10.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcələsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin 07.08.2020-ci il tarixli **********80020115X00080 nömrəli arxiv arayışından müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Əli X11 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin 29.09.2004-cü il tarili 244 saylı əmrinə əsasən X4 İdarəsi, qazma sexi kimi X8 İşləri İdarəsinin tərkibinə verilmişdir. ARDNŞ-nin 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarili 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və X8 İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestinin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X8 İşləri İdarəsi qazma sexi kimi X12 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000035 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X12 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 04.02.1983-11.05.1983-cü və 11.05.1983- 09.11.1983-cü illərdə X4 İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi mürəciətlərə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 22.10.2020-ci il tarixli **********3 № li və 26 yanvar 2021-ci il tarixli **********9 №li imtina məktublarında göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 18 fevral 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 7 ay 16 gün) təşkil edir; 19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, işlədiyi X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddi 25.04.2018-ci il tarixdə tamamlanmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsaslar kimi onun 01.01.2006-cı il tarixinədək 25 il ümumi əmək stajının olmaması və sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 (iyirmi beş) il, 8 (səkkiz) ay 19 (on doqquz) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz, kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondesatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondesatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr (19.02.1986-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X1 teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi dövrlər) əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2522/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2522/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver