Məhkəmə qərarları › İş №2-1(112)-2522/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2522/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2522/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat növünün altsistemdə dəyişdirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş “ikinci dərəcə əlilliyin” təyinat növünün Tibbi Sosial Ekspertiza və X2 dəyişdirilərək “təkrar” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ümumi xəstəliyə görə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə müddətsiz olaraq “birinci dərəcəli əlillik” təyin olunmuşdur. İddiaçıya TSEK tərəfindən aparılmış müayinə nəticəsində “beyin infarktının nəticələri, xroniki beyin qan dövrü pozğunluğu, sol orta beyin arteriyası hövzəsində işeinsultdan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli hemiplegiya, Disfaziya və afaziya, Total motor afaziya” diaqnozu qoyulmuşdur. İddiaçıya sonradan məlum olmuşdur ki, heç bir qanuni əsas olmadan xx.xx.2019-cu ildə TSEK tərəfindən ona təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı TSEK-ə getmiş, ona yenidən müayinədən keçməli olduğunu bildirmişlər. Daha sonra pandemiya ilə bağlı sənədləri toplamaq və müayinədən keçmək üzrlü səbəbdən uzanmışdır. İddiaçı xəstəlik sənədlərini toplayıb yenidən müayinədən keçmiş, yenə də eyni xəstəliklərə görə təkrar olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin buna baxmayaraq xx.xx.2021-ci il tarixdə iddiaçının xəstəliyi yenidən qymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixdə “ikinci dərəcəli əlillik” təyin olunmuş, təyinatın növü “Təkrar” qeyd olunmuşdur. Tibbi Sosial Ekspertiza və X4 çıxarışdan görünür ki, Komissiya xx.xx.2021-ci il tarixdə təkrar aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya təyin olunmuş “ikinci dərəcəli əlilliyin” təyinat növü olan “TƏKRAR” xx.xx.2022-ci il larixdə etibarsız hesab edilərək təyinat növü “İLKİN” göstərilmişdir. Bununla bağlı iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək təyin olunmuş “İkinci dərəcəli əlilliyin” təyinat növünün dəyişdirilərək “Təkrar” kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəsissələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Sizə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi olaraq Sizə dair aparılmış əlillik təyinatı xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Nəzərinizə çatdırırıq ki, Siz müraciətiniz əsasında xx.xx.2022-ci il taixində Agentlikdə qəbulda olmuşsunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmilləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması, meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Sizə ilkin olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlilik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir”. İddiaçı hesab edir ki, TSERA Alt sistemində iddiaçıya təyin olunmuş “ikinci dərəcəli əlilliyin” təyinat növünün “İLKİN” olaraq göstərilməsi qanunsuzdur. Belə ki, yuxarıda artıq qeyd olunduğu kimi, ona ilkin olaraq “birinci dərəcəli əlillik” xx.xx.2017-ci il tarixdə təyin olunmuş, lakin 2019-cu ildə əlilliyin təyinatı etibarsız hesab edilmiş, xx.xx.2021-ci il tarixdə onun səhhəti yenidən qiymətləndirilmiş və əlillik dərəcəsi dəyişdirilərək, “İkinci dərəcəli əlillik” təyin olunmuşdur. DSMF KŞTÜMF-nin xx.xx.2023-cü il tarixli 3-17-112-Ə-7630/2023 saylı məktubunda da göstərilir ki, iddiaçıya təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən edilmişdir. Göründüyü kimi, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının səhhətinin təkrar qiymətləndirilməsi nəticəsində ona əvvəllər təyin olunmuş əlillik dərəcəsi dəyişdirilmişdir. Belə olan halda, iddiaçıya təyin olunmuş “ikinci dərəcəli əliliyin” təyinat növünün Altsistemdə “İLKİN” qeyd olunması əsassız və qanunsuzdur. Həmin təyinat növü “TƏKRAR” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya daha əvvəl xx.xx.2017-ci il tarixdə əlillik təyin edilmiş, lakin müvafiq göndəriş etibarsız edildiyi üçün əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı müvafiq qərarı mübahisələndirməmiş və barəsində daxil olmuş yeni göndəriş qiymətləndirilərək əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 824/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, “26. İşin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il təyin edilmişdir (bu səbəbdən iddiaçı öz tələbində xx.xx.2020-ci il tarixə istinad edir). 27. Təyin edilmiş üçillik müddət başa çatdıqdan sonra - Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Göndərişin natamam doldurulması. Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub.” 28. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 29. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. 30. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 31. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021 -ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021 -ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür”. 32. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 33. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə əsasən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

35. Yuxarıda qeyd olunduğu kimi, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə imtina edilmiş, A.Məmmədova əlil (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtinalar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). 36. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 37. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 38. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. Qeyd edilən hallar analoji işlərdə də tətbiq olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı bununla bağlı əvvəlcə cavabdeh inzibati orqan da daxil olmaqla, müxtəlif dövlət orqanalrına müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-22149/2023 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən iddiaçının tibbi-ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə olan ki: -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0004 nömrəli qərarından görünür ki, İddiaçı “beyin infarktının nəticələri, xroniki beyin qan dövrü pozğunluğu, sol orta beyin arteriyası hövzəsində işeinsultdan sonrakı vəziyyət, Hemiplegiya, Sol tərəfli hemiplegiya, Disfaziya və afaziya, Total motor afaziya” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0013 nömrəli qərarından görünür ki, İddiaçı “Spastik hemiplegiya, Sağ tərəfli dərin spastik hemiplegiya- əzələ gücü 0,5 bal, sağ ətraflarda bükücü kontraktura. Beyin infarktının nəticələri, Motor afaziya, çanaq orqanları funksiyasının pozulması,Xroniki beyin qan dövranı pozulması dissilkulyator tip 3-cü dərəcə - kəskin kordinator və koqnitiv pozulmalarla. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 -ci tib insulin tələbli.orta ağır gedişli. diabetik nevro və nefropatiya ilə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ B dərəcə, ürək və beyin funksiyasının əhəmiyyətli dərəcədə pozulması ilə. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı İİ f/s- 1ci dərəcə” diaqnozu, təkrar təyinat növü, ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il tarixə təyin edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0013 nömrəli qərarından görünür ki, İddiaçı “Spastik hemiplegiya, Sağ tərəfli dərin spastik hemiplegiya- əzələ gücü 0,5 bal, sağ ətraflarda bükücü kontraktura. Beyin infarktının nəticələri, Motor afaziya, çanaq orqanları funksiyasının pozulması,Xroniki beyin qan dövranı pozulması dissilkulyator tip 3-cü dərəcə - kəskin kordinator və koqnitiv pozulmalarla. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 -ci tib insulin tələbli.orta ağır gedişli. diabetik nevro və nefropatiya ilə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ B dərəcə, ürək və beyin funksiyasının əhəmiyyətli dərəcədə pozulması ilə. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı İİ f/s- 1ci dərəcə” diaqnozu, ilkin təyinat növü, ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə imtinanın qanunazidd olmadığını hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan: -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 213 nömrəli Fərmanının 2.13-cü bəndinə əsasən, həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: -1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. -2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: -1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. -2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. -2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. -2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. -2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Göründüyü kimi, əlilliyin qiymətləndirilməsi, müəyyən edilməsi və ya imtina edilməsini səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş göndəriş əsasında həyata keçirilir və şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. X6-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0004 №li qərarı ilə İ dərəcə müddətsiz əlillik təyin edilmiş, həmin əlillik təyinatı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Bundan sonra tibb müəssisəsinin yeni göndərişi əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş və təyinat növü “Təkrar” qeyd edilmişdir. Lakin sonradan həmin təyinat növü “İlkin”ə dəyişdirilmişdir. Hazırda iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin təyinat növündə “İlkin” qeydinin “Təkrar” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı əsas kimi ona ilk dəfə xx.xx.2017-ci il tarixdə əlillik təyin edilməsi barədə qərarın mövcud olmasına istinad edir və hesab edir ki, onun əlillik dərəcəsi yenidən qiymətləndirildiyindən və eyni diaqnoz üzrə əlilliyi müəyyən edildiyindən əlilliyin təyin edilməsi barədə qərardad təyinat növü kimi “Təkrar” qeyd olunmalıdır. Lakin işin mübahisəsiz halına görə iddiaçı xx.xx.2017-ci il tarixli, qərarın etibarsız hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqanın qərarını mübahisələndirməmiş, onun hüquqi nəticələri ilə razılaşmışdır. Bundan sonra isə yenidən aidiyyəti tibb müəssisəsindən göndəriş almış, onun əlillik vəziyyəti yeni inzibati icraat çərçivəsində qiymətləndirilmiş və nəticədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək ona ilkin təyinat növü ilə əlillik dərəcəsi təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: -64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.4-cü maddəsinə əsasən, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Normaların tələblərindən göründüyü kimi, etibarsız hesab edilmiş inzibati aktın hüquqi qüvvəsi yoxdur və qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır. Belə olan halda iddiaçının istinad etdiyi xx.xx.2017-ci il tarixli qərar qüvvədə olduğundan iddiaçının həmin icraat çərçivəsində əlilliyinin artıq müəyyən edilmiş olmasını əsas götürərək 2021-ci ildə əlilliyinin müəyyən edilməsi ilə bağlı icraatı yenidən qiymətləndirilmə kimi qəbul edilməsi ilə bağlı dəlillərinin hüquqi əsası yoxdur. Odur ki, iddia əsasız olduğundan təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar