Məhkəmə qərarları › İş №2-1(112)-2523/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2523/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2523/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 07.03.2021-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə doğulmuş, 07.03.2021-ci ildə 57 yaşı tamam olmuşdur. 01.09.1979-cu ildən 17.07.1982-ci ilə qədər texniki peşə məktəbində təhsil almış, ona elektrik qaz qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. 26.10.1982-ci ildən 26.10.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı neft emalı zavodunda mexaniki-təmir sexində 02.08.1982-ci ildən 10.10.1982-ci ilə qədər və 27.11.1984-cü ildən 03.06.1985-ci ilə qədər elektrik qaz qaynaqçısı, Güzgüfurnitur zavodunda 19.06.1985-ci ildən 10.05.1989-cu ilə qədər elektrik qaz qaynaqçsı, Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində 17.05.1989-cu ildən 07.07.1989-cu ilə qədər elektrik qaynaqçısı, “Azərsovetkurort” ATM-də 10.07.1989-cu ildən 24.09.1990-cı ilə qədər elektrik qaz qaynaqçısı, "xxxx" Nəqliyyat Müəssisəsində 27.09.1990-cı ildən 31.03.1999-cu ilə qədər elektrik qaz qaynaqçısı, 05.04.1999-cu ildən 10.03.2000-ci ilə qədər “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, “Qum adası” Neft- Qazçıxarma İdarəsində 14.03.2000-ci ildən 10.04.2000-ci ilə qədər istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, 20.04.2000-ci ildən 03.04.2001ci ilə qədər həmin sexdə elektrik qaz qaynaqçısı, 03.04.2001-ci ildən 13.03.2006-cı ilə qədər dizel elektrik stansiyaları sexində elektrik montyoru, 13.03.2006-cı ildən 30.09.2010cu ilə qədər həmin sexdə usta, BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində 01.10.2010-cu ildən 01.11.2011-ci ilə qədər dizel elektrik stansiyaları sexində böyük usta, 01.11.2011-ci ildən 08.01.2014-cü ilə qədər həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləmiş, 02.03.2015-ci ildən 01.09.2015-ci ilə qədər Suraxanı rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olaraq işsizlik müavinəti almışdır. 18.07.2016-cı ildən 05.10.2016-cı ilə qədər "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”n metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 12.12.2020-ci ildən 26.01.2021-ci ilə qədər "xxxx" MMC-də sürücü işləmişdir. Ümumi iş stajı hərbi xidmətdə olduğu, işsiz kimi müavinət aldığı və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 34 il 5 ay 14 gün təşkil edir. Həmin müddətin 01.01.2006-cı il tarixinə iş stajı hərbi xidmətdə olduğu və texniki peşə məktəbində təhsil aldığı müddətlər nəzərə alınmaqla 26 il 1 ay təşkil edir. Bu müddətin 15 ilini (01.01.2006-cı ilə qədər) elektrik qaz qaynaqçısı işləmişdir ki, həmin peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (Ümumi peşələr) “elektrik qaz qaynaqçısı” güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməyərək, ona 06 sentyabr 2021-ci il tarixdə imtina məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 01.09.1979-cu il tarixdən 01.07.1982-ci il tarixədək təhsil aldığı 02 il 10 ay, 26.10.1982-ci il tarixdən 26.10.1984-cü il tarixədək hərbi xidmət keçdiyi 02 il, əmək kitabçasına əsasən 02.08.1982-ci il tarixdən 10.10.1982-ci il tarixədək işlədiyi 02 ay 08 gün, 27.11.1984-cü il tarixdən 03.06.1985-ci il tarixədək işlədiyi 06 ay 06 gün, 19.06.1985ci il tarixdən 10.05.1989-cu il tarixədək işlədiyi 03 il 10 ay 21 gün, 17.05.1989-cu il tarixdən 07.07.1989-cu il tarixədək işlədiyi 01 ay 20 gün, 10.07.1989-cu il tarixdən 24.09.1990-cı il tarixədək işlədiyi 01 il 02 ay 14 gün , 27.09.1990-cı il tarixdən 31.08.1992-ci il tarixədək işlədiyi 01 il 11 ay 04 gün, 01.02.1993-cü il tarixdən 31.01.1997-ci il tarixədək işlədiyi 03 il 11 ay 30 gün, 01.03.1997-ci il tarixdən 31.03.1999-cu il tarixədək işlədiyi 02 il 30 gün və 14.03.2000-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi 05 il 09 ay 18 gün müddətdir ki, ümumilikdə 24 il 09 ay təşkil edir. İddiaçının güzəştli iş stajı 02.08.1982-ci il tarixdən 10.10.1982-ci il tarixədək 02 ay 08 gün, 27.11.1984-cü il tarixdən 03.06.1985-ci il tarixədək 06 ay 07 gün, 27.09.1990-cı il tarixdən 31.03.1999-cu il tarixədək 08 il 06 ay 04 gün və 04 gün və 14.03.2000-ci il tarixdən 01.01.2006-cı il tarixədək 05 il 09 ay gün müddətdir ki, bu da ümumilikdə 15 il 05 gün təşkil edir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18.05.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında 01.01.1991-31.03.1999-cu il tarixləri arasındakı dövr ərzində İddiaçı 4 ay (01.09.1992- 30.09.1992-ci il, 01.12.1992-31.01.1993-cü il və 01.02.1997-28.02.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. 24 dekabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında İddiaçı 05.04.1999-10.03.2000-ci il tarixləri arasındakı dövr ərzində “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda işlədiyi qeyd olunmuşdur. Qeyd olunan dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinqi)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan sözügedən dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinin əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 17 iyun 2021-ci il tarixli müraciətinə cavab olaraq 30 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiaçıya dair 18.05.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında 01.01.1991-31.03.1999-cu il tarixləri arasındakı dövr ərzində ona 4 ya (01.09.1992-30.09.1992-ci il, 01.12.1992-31.01.1993-cü il və 01.02.1997-28.02.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəblərdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay (01.09.1979-01.07.1982-ci il, 02.08.1982-10.10.1982-ci il, 26.10.1982-26.10.1984-cü il, 27.11.1984-03.06.1985-ci il, 19.06.1985-10.05.1989-cu il, 17.05.1989-07.07.1989-cu il, 10.07.1989-24.09.1990-cı il, 27.09.1990-31.08.1992-ci il, 01.10.1992-01.12.1992-ci il, 01.02.1993-31.01.1997-ci il, 01.03.1997-31.03.1999-cu il və 14.03.2000-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 26.10.1982-26.10.1984-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; В 822526 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1979-cu ildə Bakı şəhəri 11 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 17.07.1982-ci ildə məktəbin “elektrik qaz qaynaqçısı” peşəsi üzrə tam kursunu bitirərək ümumi orta təhsil almışdır; Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-100 nömrəli, 18.05.2021-ci il tarixli arxiv arayışının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən, iddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuşdur. Aprel 1999cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir; "xxxx" Baş ofisin Mərkəzi Arxivinin 15 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 14.03.2000-ci ildə (əmr № 78/k, 14.03.2000-ci il) “Qum adası” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının təmiri sexinin 2 saylı briqadasına 5-ci dərəcəli qazla kəsən işinə qəbul edilmişdir. 10.04.2000-ci ildə (əmr № 110/k, 07.03.2000-ci il) “Qum dəniz” yatağına xidmət edən 2 saylı briqadanın qazla kəsəni həmin briqadada 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. 03.04.2001-ci ildə (əmr № 47/k, 03.04.2001-ci il) Dizel elektrik stansiyaları sexinə mədən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 03.12.2001-ci ildə (əmr № 260/ş, 03.12.2001-ci il) 4-cü dərəcə təyin edilmişdir. 26.10.2004-cü ildə (əmr № 168/k, 26.10.2004-cü il) 5-ci dərəcə təyin edilmişdir. 13.03.2006-cı ildə (əmr № 41/k, 13.03.2006-cı il) həmin sexdə 12-ci dərəcəli usta vəzifəsinə təyin edilmişdir. 30.09.2010-cu ildə (əmr № 519/k, 30.09.2010-cu il) 12-ci dərəcəli böyük usta Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. Haqq-hesab cədvəllərində peşəsi 2006-2007-ci illərdə 12-ci dərəcəli böyük usta, 2008-ci ildə 12-ci dərəcəli NQÇ ustası, 2009-cu ildə 12-ci dərəcəli böyük usta, 2010cu ildə 12-ci dərəcəli NQÇ ustası olaraq göstərilmişdir; "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X4 19 aprel 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 02.08.1982-ci il tarixdən 10.10.1982-ci il tarixədək, 27.11.1984-cü il tarixdən 03.06.1985-ci il tarixədək Mexaniki təmir sexində elektrik qaz qaynaqçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarla təsdiq edilmiş 2 №-li siyahısına əsasən zərərli peşədə işləməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-102 nömrəli, 18.05.2021-ci il tarixli və MA-101 nömrəli, 18.06.2021-ci il tarixli arxiv arayışlarının təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı 1991-ci ilin yanvar ayından 1999-cu ilin aprel ayınadək alıdığı əmək haqqı barədə məlumatlar göstərilmiş, 4 ay (1992ci ilin sentyabr və dekabr ayları, 1993-cu ilin yanvar ayı,1997-ci ilin fevral ayı) üzrə əmək haqqı qeyd edilməmişdir. (əsas əmək haqqı cədvəlləri). ИТ-İ ******* nömrəli, 24 dekabr 1984-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı, 02.08.1982-10.10.1982, 27.11.1984-03.06.1985-ci illərdə Bakı neft emalı zavodunda mexaniki-təmir sexində, 19.06.1985-10.05.1989-cu illərdə Güzgü furnitur zavodunda elektrik qaz qaynaqçısı, 17.05.1989-07.07.1989-cu il tarixlərdə Bakı “Poladkonstruksiya” quraşdırma idarəsində elektrik qaynaqçısı, 10.07.1989- 24.09.1990-cı il tarixlərdə “Azərsovetkurort” ATM-də elektrik qaz qaynaqçısı, 27.09.1990- 31.03.1999-cu illərdə "xxxx" Nəqliyyat Müəssisəsində elektrik qaz qaynaqçısı, 05.04.1999- 10.03.2000-ci illərdə “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunda təlimatçı, 14.03.2000-10.04.2000-ci il tarixlərdə “Qum adası” Neft-Qazçıxarma İdarəsində istismar avadanlıqlarının təmiri sexində 5-ci dərəcəli qazla kəsən, 10.04.2000-03.04.2001-ci illərdə həmin sexdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı, 03.04.2001-13.03.2006-cı illərdə dizel elektrik stansiyaları sexində elektrik montyoru, 13.03.2006- 30.09.2010-cu illərdə həmin sexdə usta, 01.10.2010-01.11.2011-ci illərdə BEOCL şirkətinin Azərbaycan Nümayəndəliyində dizel elektrik stansiyaları sexində böyük usta, 01.11.2011-08.01.2014cü illərdə həmin sexdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, 18.07.2016-05.10.2016-cı illərdə "xxxx" Şirkətlər qrupu MMC-də “Elektromaşzavodu”nun metalkonstruksiya sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 12.12.2020-26.01.2021-ci illərdə "xxxx" MMC-də sürücü işləmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 19.01.2022-ci il tarixli məktubla təqdim olunmuş MA-09 nömrəli 17.01.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, aprel 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. 1992-ci il sentyabr, dekabr; 1993-cü il yanvar; 1997-ci il fevral ayları üzrə şəxsi vərəqələrdə ona verilmiş əmək haqqı barədə məlumatlar öz əksini tapmamışdır; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 21.01.2022ci il tarixli tarixli məktubla təqdim olunmuş MA-10 nömrəli 19.01.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı yanvar 1991-ci il tarixdən 7 №-li Avtobus parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, aprel 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. 1990-1999-cu illər üzrə 7 №-li Avtobus parkının əmr kitabları tam şəkildə nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü vətəndaş İddiaçı çalışdığı peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edib-etməməsi barədə (kodlara istinad edilməklə) məlumatın və bununla əlaqədar zərərli iş barədə arxiv arayışının verilməsi nazirliyin Mərkəzi Arxivinin səlahiyyətinə aid deyildir; "xxxx" “Azneft” İB-nin 27 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən o, “Qum adası” Neft və Qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının təmiri sexində 17.03.2000-ci il tarixdən 09.04.2000-ci il tarixədək “qazla kəsən”, 10.04.2000-ci il tarixdən 02.04.2000-ci il tarixədək “elektrik qaynaqçısı”, Dizel elektrik stansiyaları sexində 03.04.2001-ci il tarixdən 12.03.2006-cı il tarixədək “elektrik montyoru”, həmin sexdə 13.03.2006-cı il tarixdən 30.09.2010-cu il tarixədək “usta” vəzifəsində (peşəsində) işləmişdir. İddiaçı işlədiyi “qazla kəsən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinvə göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində 23200000-11618 kodu ilə qeyd olunmuş “qazla kəsicilər” peşəsinə, “elektrik qaynaqçısı” peşəsi isə həmin siyahıda 23200000-19906 kodu ilı qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur. İddiaçı həmin idarənin Dizel elektrik stansiyaları sexində işlədiyi “elektrik montyoru” peşəsi və “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr” bölmələrində qeyd edilən peşələrlə (vəzifələrlə) eynilik təşkil etmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18.05.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında 01.01.1991-31.03.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 4 ay (01.09.1992- 30.09.1992-ci il, 01.12.1992-31.01.1993-cü il və 01.02.1997-28.02.1997-ci il tarixləri arasındakı dövrlər) üzrə əmək haqqı ödənilməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İş materiallarından görünür ki, iddiaçının güzəştli iş stajlı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan həmin hissə ilə bağlı əlavə araşdırma aparılmasına məhkəmə zərurət görmür. Cavabdehin imtina məktubunda mübahisə etdiyi məsələ Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18.05.2021-ci il tarixli 101 və 102 nömrəli arayışlarında 01.01.1991-31.03.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 4 ay (01.09.1992-30.09.1992-ci il, 01.12.1992-31.01.1993-cü il və 01.02.1997- 28.02.1997-ci il tarixləri arasındakı dövrlər) əmək haqqı ödənilməməsi ilə bağlıdır. Cavabdeh etirazında qeyd edilənlərə əlavə olaraq iddiaçının 05.04.1999-10.03.2000-ci il tarixləri arasında dövr ərzində işlədiyi “Qara Qaplan” hərbi vətənpərvərlik idman klubunun Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi göstərilmişdir. Qeyd edilən dövrlər çıxılmaqla 24 il 9 ay ümumi stajının olması göstərilmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq, qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid edilməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanun qəbul olunanadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqının ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti 6 daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin mübahisələndirdiyi dövrlər üzrə məcburi sosial sığorta haqqının ödənilməməsi ilə bağlı imtina dəlili əsaslı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 07.03.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 07.03.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar