Məhkəmə qərarları › İş №2-1(112)-2524/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2524/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2524/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “istifadəsiz qalmış sahənin mənzilinə birləşdirilərək mülkiyyətinə verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Babək prospekti 86 ünvanlı mənzilinə bitişik olan, istifadəsiz qalmış ümümi sahəsi 17.3 kv.m sahənin mənzilinə birləşdirilərək mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Bakı şəhəri Xətai rayonu MKTB-nin 93 saylı Mənzil Kommunal İstismar sahəsinin balansında olan, Bakı şəhəri Babək prospekti 86 ünvanında yerləşən 9 mərtəbəli bina 1980-ci ildə istismara verilmişdir. Həmin binanın 5-ci blokunun sağ tərəfi - 2-ci mərtəbədən 9-cu mərtəbə daxil olmaqla 2 otaqlı kiyev layihəli mənzillərdir. 5-ci blokun 1-ci mərtəbəsindəki 2 otaqlı mənzilin sahəsi bölünərək - 2 ayrı-ayrı otaq olmaqla kommunal ehtiyaclardan ümumi istifadə qaydasında 2 ədəd 1 otaqlı mənzil formasında istismar olunması nəzərdə tutulmuşdur. Göstərilən formada istismarı təsdiqedici sərəncam barəsində məlumat tapılmamasına baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şöbəsi tərəfindən mənzilin texniki pasportu çəkilmişdir. Texniki pasportda göstərilən sahəsi 17.3 kv.m olan otağın yaşayışa tam yararlı olması üçün bir sıra təmir işləri görülməli idi. Güman olunur ki, təmir işləri tam yerinə yetirilməmə səbəbi ilə həmin otaq istismara verildiyi tarixdən bu günədək boş və istifadəsiz qalmışdır. Dövlət mənzillərinin özəlləşdirmə anında qeyd olunan kommunal formada istismarin mümkünsüzlüyünü təkzib edən sərəncam olmadığı ücün tərəfindən alqı-satqı müqaviləsi ilə aldığı mənzilin sahəsi arxiv sənədlərində çəkilmiş texniki pasport göstəricilərinə əsasən qeydiyyata alınmışdır. 2006-ci ildən aldığı mənzilin ümumi sahəsi (sahəsi 17.3 kv.m olan otaq istisna olmaqla) tam onun istifadəsindədir. Ailə vəziyyəti ilə bagli nisbətən böyük sahəli mənzilə ehtiyacını, layihəyə uyğun şəkildə uzun muddat boş və istifadəsiz qalmış sahəsi 17.3 kv.m olan otağın tam yaşayış səviyyəsinə çatdırılması üçün lazımi təmir işlərinin öz vəsaiti ilə yerinə yetirməklə bərabər ilkin növbədə mənzildən tam şəkildə istifadə üçün cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə müraciətinə cavab olaraq ona müsbət cavab verilməmişdir. Habelə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə istifadəsiz qalmış ümumi sahəsi 17.3 kv.m olan otağın mənzilinə birləşdirilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixdə bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanında yerləşən 74 saylı mənzilə dair sənədlərdə yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il taixdə İdarəyə müraciət etmişdir. Mənzilə dair verilmiş texniki pasport arxiv sənədlərinə uyğun olaraq qanunamüvafiq qayadada icra edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanında yerləşən 74 saylı mənzil ilkin olaraq mülkiyyət hüquqları X6 adına Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin m 4559 saylı, xx.xx.1995-ci il tarixli sərəncamdan çıxarışına əsasən qeydiyyata alınmışdır. Belə ki, sözügedən sərəncamda habelə arxiv qovluğunda saxlanılan digər sənədlər toplusunda mənzilin otaqlarının sayının 1 (bir), yaşayış sahəsi 11.75 kv.m göstərilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının cavabdehə xx.xx.2023-ci il tarixli müraciət məktubundan görünür ki, iddiaçı təqdim etdiyi çıxarışın elektron bazaya yerləşdirilməsi, texniki pasportun hazırlanması, çıxarış və texniki pasportda göstərilən ümumi sahələr eyni olması barədə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-8-0334-8/2023 **********70 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan mülk ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin m 4559 saylı, xx.xx.1995-ci il tarixli sərəncamdan çıxarışda, habelə arxiv qovluğunda saxlanılan digər sənədlər toplusunda sözügedən mənzilin otaqlarının sayının 1 (bir) təşkil etməsi göstərilmişdir və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış ilə bağlı hazırlanmış ilkin texniki pasportda da (çıxarış vətəndaş tərəfindən təhvil alınmadığından və arxivləşdirilmədiyindən, müvafiq sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır) bu öz əksini tapmışdır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanının hər biri 1 otaq olmaqla 2 ayrı mənzildən ibarət olmasına dair arxiv sənədlərində və dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir. Bəhs edilən mənzilə dair arxiv qovluğunda saxlanılan Xətai Rayon İcra Hakimiyyətinin m 4559 saylı, xx.xx.1995-ci il tarixli sərəncamdan çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) Bakı şəhəri Xətai rayonu ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanına dair (hüquq subyekti: İddiaçı) **********49-05101-093009 reyestr nömrəli xx.xx.2023-cü il tarixli, otaq sayı 1, ümumi sahə 11.72 m2, qonşu sahə 17.29 m2 olmaqla texniki pasport tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 5-11/2-S-65-069/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətində qonşuluğunda istifadəsiz qalmış ümumi sahəsi 17.3 olan otağın mənzilinə birləşdirilərək adına sənədləşdirilməsi xahiş edilmişdir. Mövcud qanunvericiliyə görə mülkiyyətdə olan mənzilə əlavə yaşayış sahəsi birləşdirərək sənədləşdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid edilməmişdir. Aidiyyəti üzrə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2006-cı il) çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində istifadədə olan 0.18685 ha torpaq sahəsində yerləşən 86 nömrəli, 9 mərtəbəli binada 11.75 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 74 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18249 nömrəli vərəqində qeydiyyata alınmışdır. X17 və İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri ünvan 3 (yaşayış sahəsi 11,75 kv.m olan 1 otaqlı mənzil) İddiaçı satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-38628/2023 **********28 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri ünvan 3 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X17 və X11 arasında bağlanılmış 069697 saylı xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri ünvan 3 X4. X11 və X14 arasında bağlanılmış 025285 saylı xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri ünvan 3 X1. X14 və X16 arasında bağlanılmış 009666 saylı xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri ünvan 3 X2. X16 və X15 arasında bağlanılmış xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri ünvan 3 X3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və X15 arasında bağlanılmış xx.xx.1995-ci il tarixli mənzil özəlləşdirmə müqaviləsinə əsasən Bakı şəhəri ünvan 3 X8 şəxsi mülkiyyətinə verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin m 4559 saylı xx.xx.1995-ci il tarixli sərəncamından çıxarışına əsasən Babək prospektindəki 86 nömrəli evin yaşayış sahəsi 11,75 kv.m olan 1 otaqlı 74 nömrəli mənzilin şəxsi-maliyyə hesabı vətəndaş X6 adına dəyişdirilmiş və o, göstərilən mənzilin kirayəçisi hesab edilmişdir. Göstərilən mənzil S.Ə.Calutlının şəxsi mülkiyyətinə verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1307/d saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Babək prospekti 86 saylı bina Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla 93 saylı MKİS-nin xidmət göstərdiyi binadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-3-Q-3/2-7051/2024 **********51 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri ünvan 3 ünvanı ilə bağlı arxiv sənədlərinin təsdiqlənmiş surəti təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia öhdəliyin icrası haqqında iddiadır. İddiaçının cavabdeh quruma müraciəti ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-ci il tarixli müraciət məktubundan görünür ki, iddiaçı çıxarışın və texniki pasportun hazırlanması barədə cavabdeh quruma müraciət etmişdir. Hazırda faktiki istifadəsində olduğunu bildirdiyi qonşu sahənin mülkiyyətinə verilməməsindən narazıdır və həmin sahəyə də mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş çıxarış və texniki pasportda, həmçinin məhkəməyə təqdim edilmiş iddiaya münasibətdə artıq onun imtina mövqeyi açıq ifadə olunmuşdur. Məhkəmə müvafiq prosessual normaların həddən artıq formal tətbiq olunmaması qənaətindədir və prosessual qənaət prinsipindən çıxış edərək qeyd edilən tələbin məhkəmədə mahiyyəti üzrə baxılmasını yolverilən hesab edir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X5 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 ünvanında yerləşən 74 saylı mənzil ilkin olaraq mülkiyyət hüquqları X6 adına Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin m 4559 saylı, xx.xx.1995-ci il tarixli sərəncamdan çıxarışına əsasən qeydiyyata alınmışdır. Belə ki, sözügedən sərəncamda habelə arxiv qovluğunda saxlanılan digər sənədlər toplusunda mənzilin otaqlarının sayının 1, yaşayış sahəsi 11.75 kv.m göstərilmişdir. Sonradan həmin mənzil xx.xx.1996-cı il tarixdə X12, xx.xx.1997-ci il tarixdə X10, xx.xx.1998-ci il tarixdə X13, xx.xx.2006-cı il tarixdə isə iddiaçıya eyni ölçüdə satılmışdır. İşin materiallarından da göründüyü kimi, iddiaçı Bakı şəhəri Babək prospekti 86 ünvanlı mənzilinə bitişik olan, qonşu 17.29 kv.m sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik deyil. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri Babək prospekti 86 ünvanlı mənzilinə bitişik olan, istifadəsiz qalmış ümümi sahəsi 17.3 kv.m sahənin mənzilinə birləşdirilərək mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar