Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2527/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində düzəlişlər aparılması, sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə iddia tələbinə dair inzibati işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsində xx.xx.1964-cü il tarixində aparılmış doğum haqqında akt qeydində düzəlişlər aparılmasının, həmin sənədin və digər yuxarıda qeyd olunan sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Həmin dövrdə SSSR-nin tərkibində olan müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda sənədləşmə işlərinin əksəriyyəti rus dilində tərtib edilməklə aparılırdı. xx xxxxxx 1964-cü ildə Bakı şəhər Oktyabr rayonu VVAQ Şöbəsində ona doğum haqqında şəhadətnamə yazılaraq verilmiş, orada adı, soyadı, ata adı X1 qeyd edilmişdir. xx xxxxxx 1982-ci il tarixində Bakı şəhəri Oktyabr Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə həbsdə olmuşdur. Həbsdə olduğu vaxt Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşamış, pasport almışdır. xx xxxxxx 1994-cü il tarixində həbsdən azad olunduğu arayışda Gadıyev rauf Elxan oğlu qeyd edilmişdir. 1995-ci il tarixində bacısı X2 evində Bakı şəhəri, Şərifzadə küçəsi, ev 32, mənzil 32-də qeydiyyatda olmuşdur. xx xxxxxx 2009-cu ildə təkrar həbs olunmuş, xx xxxxxx 2019-cu il tarixində həbsdən azad olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 01 saylı Cəzaçəkmə Müəssisəsinin verdiyi arayışda X5 qeyd olunmuşdur. Həbsdən azad olduqdan sonra şəxsiyyət sənədinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmdətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx xxxxxx 2020-ci il tarixində ona məktub ünvanlanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ona əlavə məlumat veriləcək.” Lakin, uzun müddət keçməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. O, Yasamal rayon Qeydiyyat Şöbəsinə doğum haqqında akt qeydində ata adının düzəliş edilməsi barədə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixində müraciətə baxılıb imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 5347 saylı, xx.xx.1964-cü il tarixli doğum haqqında akt qeydinin uşaq bəndində ata adının və ata bəndində adın “İlhan” kimi yazılmasına baxmayaraq, 216 №-li Forma B arayışda ata adı “Elxan” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səvhlərin düzəldilməsi və ona dəyişiklilər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən aşkar surətdə göründüyü kimi, iddiaçı X3 iddia tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ona məxsus qeydlərin (doğum tarixi ilə bağlı qeydin) düzgün olmamasının müəyyən edilməsi, həmin qeydlərdə düzəliş edilməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında olan qeydlərin düzgün olmaması təşkil etdiyindən, həmin iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə iddia tələbi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2527/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2527/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver