Məhkəmə qərarları › İş №2-1(112)-2527/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2527/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2527/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək ünvan 1 ünvanında yerləşən mənzilə dair 2009-cu ildən əvvəl malik olduğu hüquqlarının nəzərə alınması və həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müracuiət edərək, ünvan 1 ünvanına dair mülkiyyət hüquqlarının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 Vətən müharibəsində, Qarabağ uğrunda döyüşlərdə fəal iştirak edib və fiziki xəsarətlərlə birgə çox ciddi psixi sarsıntıya məruz qalmışdır. Bu səbəbdən, son dərəcə əsəbi həyat tərzi keçirirdi, hətta övladının doğulması belə onu sarsıntıdan qazandığı depressiyadan qurtara bilmədi. İddiaçı bir müddət körpəsilə birgə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır, sonra uzaq qohumu X6 onun halına yanıb, 2002-ci ildə iddiaçını körpəsilə birgə özünə məxsus ünvan 2 ünvanında yerləşən evə gətirmişdir və bir ailə üzvü kimi yaşamağa başlamışlar. 2005-ci ildə iddiaçını əsas kirayişinin ailə üzvü kimi ünvan 2 ünvanı üzrə müvafiq qaydada, qanuna uyğun şəkildə qeydiyyata aldılar. Bir müddətdən sonra Gülzar Rusiyada yaşayan övladına baş çəkməyə getdi və bir daha qayıtmadı. İddiaçının həyat yoldaşı Rauf körpəsilə tək qaldığını biləndən sonra narahat olduğunu bildirib onlarla birgə yaşamağa başladı. 2021-ci ildə həyat yoldaşı Rauf bu evdə vəfat etmişdir. Evin əsas kirayəçisi Rusiyaya gedəndən sonra ev faktiki iddiaçının sahibliyinə keçmiş və iddiaçı kirayəşinin ailə üzvü kimi mənzilə dair bütün kommunal və digər xərcləri vaxtıvaxtmda ödəməyə başlamışdır. 2015-ci ildə iddiaçı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 88 saylı Mənzil Kommunal İstismar Sahəsinə müracət edib mənzilə dair kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Lakin “Mənzil fondunun özələşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edilməklə xahişi rədd edilmişdir. İmtinam əsassız hesab edərək, 2015-ci ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb, uzun müddət qanuni əsasla sahibliyi və istifadəsində olan mənzilin kirayə müqaviləsinin adına baglanmasını tələb etmişdir. Məhkəmə rəsmi sənədləri araşdırıb müəyyən etmişdir ki, iddiaçının bu mənzilə dair hüquqları 2005-ci ildə kirayəşinin ailə üzvü kimi qəbul edilərək rəsmi qaydada qeydiyyata alındığı vaxtdan yaranmışdır. Məhkəmə sənədlərə əsaslanaraq hesab etmişdir ki, iddiaçı ilə əlaqəli olan mübahisəli hüquq münasibətləri 2009-cu ildən əvvəl yaranmışdır və bu səbəbdən, mübahisənin həlli MPM-n 217-ci maddəsinə əsasən, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Məhkəmə Mənzi Məcəlləsinin 85ci maddəsinə istinad edərək nəticəyə gəlmişdir ki, iddiaçının mənzili tərk etmiş icarədarın ailə üzvü kimi mənzilin icra müqaviləsinin adına dəyişdirilməsinə dair tələbi qanunidir, çünkü bu tələbə dair iddiaçının hüququ 2009-cu ildən əvvəl qazanılıb. Məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətini başçısının xx.xx.2015-ci il tarixli Sərəncam qəbul edərək mübahisəli mənzilin maliyə hesabı iddiaçının adına dəyişdirərək, iddiaçı mənzilin əsas kirayəçisi kimi tanımışdır. İddiaçı 18 il qanuni istifadəsində olan mənzili adına özəlləşdirmək üçün tələb olunan bütün sənədləri əlavə etməklə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə yazılı müracət ünvanlamışdır. Müracətinə verilən xx.xx.2022-ci il tarixli cavabda bildirilir ki,yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən yalnız 2009-cu il tarixədək verilmiş sərəncam, order və ya mənzil kirayə müqaviləsi dövlət qeydiyyatı üçün əsas hesab edilir. xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsi ərizəsinə əlavə edilsə də, cavabdeh ərizəyə dair cavabını həmən qətnaməni nəzərdən keçirmədən vermişdir. Belə ki,məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzilə dair qanuni hüquqları 2009-cu ildən əvvəl yaranmışdır və buna görə, iddiaçı ilə kirayə müqaviləsi 2009-cu ildən əvvəl mənzilə dair yaranmış hüquqlara əsasən bağlanmalıdır. Beləliklə, mənzilə dair hüquqların 2009-cu ildən əvvəl yaranması faktı məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir və bu hall preyudisallığını almış fakt kimi qiymətləndrilir və təkrar sübut olunmasına yol verilmir. Belə olan halda, cavabdehin imtinası əsassız və qanuna zidd hesab olunmalıdır, çünkü əgər mənzilə dair kirayə müqaviləsi iddiaçının adıma 2009-cu ildən əvvəl yaranmış hüquqlarla bağlanmışsa, mənzilin onun adına özəlləşdirilməsi eyni qaydada, yəni 2009-cu ilədək malik olduğu hüquqlar əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsi mübahisəli mənzilə dair 2009-cu ilədək olan istifadə hüququnu əsas kirayəşinə aid edilən hüquq və öhdəliklərlə bərabər tuturdu. Belə ki, özəlləşdiriləcək mənzildə pay hissəsinin olması qanunda nəzərdə tutulduğundan, Qanun paylara dair fikrini bildirməklə iddiaçının rəsmi razılığının verilməsini tələb edirdi. Bu baxımdan əgər, mübahisəli mənzil 2009-cu ilədək özəlləşdirilsə idi, iddiaçı payının ayrılaraq müəyyən edilməsini tələb etməkdə qanunla haqlı hesab olunurdu. Göründüyü kimi, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin iddiaçıya şamil edilməsi üçün cavabdehə məhkəmə qətnaməsi ilə qanuni əsas yaradılmışdır. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktiki hala əhəmiyyət verməyərək iddiaçının tələbini əsassız olaraq rədd etmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 63 saylı evin, 9 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilən qeyd olunan mənzilə dair Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 91 saylı sərəncamı xx.xx.2015-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********08 saylı, xx.xx.2022-ci tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı İdarəyə müraciəti ilə bağlı təqdim etdiyi ərizə imzalanmamış və tarix qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiı tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məktubda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 63 saylı evin, 9 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizənizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 91 saylı sərəncamı xx.xx.2015-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyətinə orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) komunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2№-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə olunmalıdır.

6. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 02 oktaybr 2015-ci il tarixli sərəncamında qeyd olunmuşdur ki, B.Nuriyev küçəsi, 63 №-li evin yaşayış sahəsi 16,59 kv.m olan, 1 otaqlı 9-cu mənzilinin kirayə müqaviləsi 2 nəfər ailə tərkibi ilə (özü, qızı) İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin kirayəçisi hesab edilsin.

7. X8 tərəfindən verilmiş ərizədə ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına özəllşdirilməsinə və Dövlət reyestrindən çıxarışın verilməsinə heç bir etirazı yoxdur.

8. Nizami rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 88 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci tarixində verilmiş 338 nömrəli arayışa əsasən, İddiaçı Köşbəy qızı və X8 ünvan 5 ünvanında qeydiyyatdadırlar və yaşayırlar.

9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2-1(82)-1567/2015 saylı, 22 iyun 2015-ci il tarixli qərarına əsasən, İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 63 saylı evin 9cu mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

10. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.

11. Məhkəmənin hazırlıq icraatı iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiyaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

18. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X3 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

23. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ilə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında müqavilə bağlanmış, iddiaçıya (İddiaçı) B.Nuriyev küçəsi, 63 nömrəli evdə 9 nömrəli mənzildə 16,59 kvadrat metr yaşayış sahəsi müddətsiz istifadəyə verilmişdir. Nizami rayon İcra hakimiyyəti başçısının Bakı şəhəri B.Nuriyev küçəsi 63 №-li evin 9-cu mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncam qəbul edilmiş və iddiaçı (İddiaçı) mənzilin kirayəçisi hesab edilmişdir.

24. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən ünvan 7 ünvanına dair X1 adına verilmiş xx.xx.1988-ci il tarixli 240583 nömrəli orderin təsdiq edilmiş surəti təqdim edilmişdir.

25. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Nizami rayon İcra Hakimiyyəti arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2015-ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair order səlahiyyətli qurum tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş, iddiaçı kirayəçi X1 gəlini ilə faktiki olaraq yaşayaraq ailə üzvü kimi ümumi təsərrüfat aparmış, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Odur ki, məhkəmənin müəyyən etməli olduğu hal iddiaçının həmin mənzilin kirayəçisi ilə birlikdə faktiki yaşayan ailə üzvü olmasının müəyyən edilməsidir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı həmin mənzildə ən azı xx.xx.2005-ci ildə yaşamaqla kirayəçi ilə ümumi təsərrüfat aparan şəxs olmuşdur. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə Nizami rayon İcra Hakimiyyəti arasında müqavilənin bağlanması haqqında xx.xx.2015-ci il tarixli sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.

26. Məhkəmə həm də nəzərə alır ki, həmin mənzildə qeydiyyatda olan X8 mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir (notariat qaydasında təsdiq olunmuş ərizə məhkəməyə təqdim edilmişdir).

27. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 63, 9 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar