Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-253/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi-X12, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 iştirakları ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, X13, X21, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.10.2006-cı ildə Binəqədi Rayon Binəqədi bələdiyyəsi tərəfindən 521 nömrəli müqavilə ilə onun istifadəsinə verilmiş 1200 kv. metr bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 25.10.2006-cı ildə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsi bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi barədə 521 nömrəli müqavilə ilə Binəqədi rayonu Goradil bağ massivində 1200 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmiş, həmin vaxtdan müvafiq bələdiyyə vergilərini ödəmiş, sahəni daş hasara almış, dəmir darvaza qoymuş, əlavə kiçik bir otaqlı örtülü sahə tikmiş, bu otaqdan müxtəlif əşyalarının saxlanılması üçün istifadə etmiş, bundan əlavə öz adına elektrik xəttini də sənədləşdirərək, sayğac qoydurmuşdur. Həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün 18.07.2019-cu ildə cavabdehə müraciət etmiş, ona bildirilmişdir ki, həmin bağ sahəsi digər şəxslərin adına qeydiyyata alınmış, əlavə olaraq ona bildirmişlər ki, onunla bağlanmış müvafiq icarə müqaviləsində bağ sahəsinin nömrəsi göstərilməmişdir. Şifahi olaraq bələdiyyədən bununla bağlı məlumat alarkən ona bildirilmişdir ki, onlar heç bir müqavilədə bağ sahəsinin nömrəsini qeyd etmirlər, həmçinin ona bildirmişlər ki, həmin müqavilə hazırda da qüvvədədir, lazım gələrsə bu barədə rəsmi məlumat da verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi 26.09.2020ci il tarixli etirazında göstərmişdir ki, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən sahə Goradil bağ massividir, həmin ərazi digər şəxslərin (X7) adına daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarı sənədlər toplusuna əlavə edilməmiş, situasiya planında və torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında 25.10.2006-cı il tarixli 521 nömrəli müqavilədə bağ nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış, iddiaçıya bu barədə müvafiq məktub ünvanlanmışdır. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən sahə bələdiyyə üçün ayrılmış əraziyə aid deyildir. Əlavə olaraq göstərilmişdir ki, Binəqədi rayonu, Goradil kəndindəki 0,06 ha torpaq sahəsi olan 1696ğ nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 inkişafı və istismarı birliyinin 38644 saylı, 20.09.2006-cı il tarixli müqaviləsi əsasında X7 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sonuncu 11.05.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsini X2, bu fakt da 17.04.2013-cü il tarixdə dövlət reyestrində qeydə alınmış, hazırda həmin şəxsin mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmənin 09 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, X13, X21, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı X6 nümayəndəsi X22 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iddia tələbinə dair yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üşüncü şəxs Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin nümayəndəsi X19 mübahisəli torpaq sahəsinin Bağlar təsərrüfatına deyil, Binəqədi bələdiyyəsinə aid olduğunun və həmin torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verildiyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xaiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 16.04.2015-ci ildə ASAN 1 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1976-cı ildə Ağcabədi rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Binəqədi rayonu X5 ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 521 №li 25.10.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri N.Məmmədovla (“İcarəyəverən”) İddiaçı (“İcarəçi”) arasında həmin tarixdə Binəqədi rayonu Gorədil bağ massivində yerləşən 1200 kv.metrlik torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin qüvvəsinin 25.10.2006-cı il tarixdən 25.10.2105-ci ilədək olması müəyyən edilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısı X4 inkişafı və istismarı birliyinin 38644 saylı, 20.09.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra hakimiyyətinin 18.09.2006-cı il tarixli 274 saylı sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Gorədil ərazisindəki sahəsi 0,06 ha 1696 ğ nömrəli bağ sahəsi X7 istifadəsinə verilmiş, müqavilənin qüvvədə olma müddəti 20.09.2006-cı ildən 20.09.2016-cı ilədək müəyyən edilmişdir. Bakı şəhəri 40 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* №li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 (“Satıcı”) ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini 11.05.2012-ci il tarixdə X1. Azərbaycan Respublikası DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 X14 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 17.04.2013-cü il tarixdə 333 nömrəli reyestr kitabının 31462 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən 30.07.2019-cu il tarixli müayinə aktının surətinə əsasən iddiaçı tərəfindən göstərilmiş sahə bələdiyyələr üçün ayrılmış torpaq sahələrinə aid deyildir, bağ sahələri üçün ayrılmış ərazi olmaqla elektron baza məlumatlarına əsasən həmin sahə digər şəxslərin adına dövlət qeydiyyatından keçir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********30 №li 09.08.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən sahə Goradil bağ massividir, həmin ərazi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Bundan əlavə ərizəyə əlavə edilmiş sənədlərdə (bələdiyyə qərarı, situasiya planı və icarə müqaviləsində) bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Bu səbəblərdən də həmin ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.11.2019-cu il tarixli **********61 saylı məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 521 nömrəli 25.10.2006-cı il tarixli müqaviləyə əsasən Goradil bağ massivində yerləşən 1200 kv. metrlik torpaq sahəsi ilə bağlı məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 29.11.2019-cu il tarixli 09/3-132 №li məktubuna əsasən Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 25.10.2006-cı il tarixli 521 saylı müqavilə X11 aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.12.2019-cu il tarixli **********29 №li məktubuna əsasən mövcud baza məlumatlarında iddiaçının adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən, Bakı şəhəri Binəqədi Bələdiyyəsi ilə iddiaçının arasında bağlanmış 25.10.2006-cı il tarixli 521 nömrəli icarə müqaviləsi üzrə iddiaçının istifadəsinə verilmiş Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1200 kv.metr torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna (X9 Bakı şəhər İcra hakimiyyəti başçısı X4 inkişafı və istismarı Birliyi tərəfindən verilmiş 20.09.2006-cı il tarixli 386644 №li müqavilənin verilməsinə əsas olmuş sənədlərlə bağlı) cavab olaraq cavabdehin 18.05.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Gorədil sahəsi üzrə böyük mühəndis X15, mühəndis X10, 1974 saylı bağın icarədarı X18, 888 saylı bağın icarədarı Gülnarə Mahmudova və Fatmayi kənd sakini Məmmədağa Seyidəli oğli Məmmədovun iştirakı ilə tərtib və təsdiq olunmuş aktın surətindən görünür ki, adı çəkilən şəxslər X7 idarəyə verdiyi ərizəsinə əsasən 1696 ğ saylı bağ sahəsində olmuşlar və təsdiq etmişlər ki, həmin torpaq sahəsi həqiqətən uzun müddətdir ki, X7 istifadəsindədir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilmişdir ki, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin istifadəsinə ayrılmış torpaq sahələrinə aid olmadığı və üçüncü bir şəxsin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı, hazırki iş üzrə iddiaçı tərəfindən həmin qeydəalınmanın mübahisələndirlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-253/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-253/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver