Məhkəmə qərarları › İş №2-1(112)-253/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-253/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-253/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3 cəlb edilməklə) “çıxarışın və yeni texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci və 3-cü qapılı ardıcıl yerləşən 1 kvadrat metr hamam otağı və təxminən 2 kvadrat metr sahəli mətbəx otağına mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-nı xx.xx.2016-cı il tarixdə alqı-satqı yolu ilə almış və bu barədə ona çıxarış verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94-ə həyətdə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci və 3- cü qapılı ardıcıl yerləşən 1 kvadrat metr hamam otağı və təxminən 2 kvadrat metr sahəli mətbəx otağı mövcuddur. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9 a 94 saylı evin 9 saylı mənzilinin bölünməsi yolu ilə yaranmışdır. 9a saylı mənzil 1 yaşayış otağından və giriş hissədən ibarət, sanitar istifadə sahəsi həyətdə olmaqla hələ özəlləşdirmə anınadək mövcud olmuş və son hadisələrə qədər bu cür istifadə edilmişdir. Sanitar qovşağı mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Hazırda üçüncü şəxs X1 iddiası üzrə Səbail Rayon Məhkəməsinin 14 okryabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi ev 94, mənzil 9 a saylı mənzildə özbaşına tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilmişdir. Hazırda iddiaçı 9a saylı mənzildə yaşasa da sanitar sahələrə malik deyildir, belə ki, məhkəmə qətnaməsi ilə həmin sahələr sökülməlidir. İddiaçı qeyd edir ki, o, bu mənzili alarkən həmin sahənin ümumi istifadədə olması ondan gizlədilib. Mülkiyyət hüququnu əldə edərkən mənzilin sanitar qovşaqlarının 1-ci mərtəbədə yerləşməsini ondan gizlətmək üçün üçüncü şəxs tərəfindən qovşaqlarının qapılarını mismarlamaqdan belə çəkinməmişdir. Son zamanlar ona məlum olmuşdur ki, bu sahələr ümumi istifadədə olmuşdur. Həmin sahələr iddiaçının mənzilinə aid edilməli və onun istifadəsinə verilməli, mənzilinin ümumi sahəsinə daxil edilməlidir. Belə ki, o, hazırda mənzilin sanitar qovşağından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı 7 il 2-ci mərtəbədə yerləşən hamam otağından istifadə etmişdir. Lakin burada da üçüncü şəxs onu rahat buraxmamış və 14 oktyabr qətnaməsi əsasında sökülmə nəticəsində bu imkandan da istifadə mümkünsüz olmuşdur. 9 saylı mənzildə 2 ədəd tualet və hamam qovşağının mövcudluğu təsdiqlənsə də, 2-ci dəfə yeni sənəd verilərkən mənzilin texniki sənədinə yenə mətbəx salınmayıb. 9a saylı mənzil üçüncü şəxslər və cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin günahı ucbatından xx.xx.2023-cü il tarixdən hamam otaqsız qalmış və faktiki mətbəx xətlərinin sökülməsi təhlükəsi ilə üz-üzə qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş və X3 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək tələbin “Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a-ya dair ümumi sahəsi 39,3 kv.metr göstərilməklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və 2 otaqlı mənzildə 2-ci mərtəbədə 1,8 kv.metr mətbəx otağı ilə 1-ci mərtəbədə 1,2 kv.metr hamam-sanitar qovşağı əlavə edilməklə texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. İş üzrə üçüncü şəxs X3 məhkəmənin dəftərxanası vasitəsi ilə hazırkı işə baxan hakimə ünvanlanmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi təqdim edərək Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016-cı ildə və 06 iyul 2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı ildə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilinə dair 25 avqust 2016- cı il tarixdə və 06 iyul 2021-ci il tarixdə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və 01 sentyabr 2016-cı il tarixdə İddiaçı adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəliş edilməsi barədə iddia ərizəsi icraata qəbul edilməmişdir. Qərardaddan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2- 1(103)-1974/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10087/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, üçüncü şəxs X1 iddiası mümkün sayılmamışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2166/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1974/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X3 tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, ümumi istifadədə olan sahələr üzərində mülkiyyət hüququnun tanınması kimi absurd və çoxmənzilli binada, yaşayış sahəsinin yenidən planlaşdırılmasının və konfiqurasiyasının dəyişdirilməsinin prosedur qaydalardan kənar, qanunsuz tələbi, rədd edilməlidir. Həmçinin, cavabdehlərin də bu mövqedə olmasını vurğulamaqla, sonuncuların məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazına və iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna istinad etməklə, eləcədə, Səbail Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(009)-720/2021 nömrəli Qətnaməsini və eyni məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(009)- 857/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 2(009)-1557/2023 nömrəli Qətnamələrini, sübut kimi qəbul edilməsi xahiş olunmuşdr. xx.xx.2023-cü il tarixli etirazda və xx.xx.2023cü il tarixli məktubunda cavabdeh tərəf olan DƏDKR-Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, iddiaçının məlum tələblərini etirazla qarşılamaq üzrə, düzgün olaraq, bildirir ki, iddialar, müvafiq qanunvericiliyin tələbilə istisna edilir və mümkün sayılmamalıdır. Eləcədə, digər iddia tələbinə münasibətdə bildirilir ki, 1.2 kv.m sahəyə dair hüquqmüəyyənedici sənəd yoxdur. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək tələbin “Texniki sənədə düzəliş edilməklə, ünvan 2 ünvanlı 2 otaq mənzil daxilində 3 saylı 1,8 kv.m sahəli otağın təyinatın zəruri mətbəx qeyd olunmaqla dəyişdirilməsi; 184 saylı qoruq idarəsi aktı əsasında 9a mənzili istifadəsi üçün tikilmiş 1-ci mərtəbədə mənzilin sanitar qovşağına bitişik yerləşən 1,2 kv.m sahəli otağın mətbəx otağı olaraq 9a mənzilinin ümumi sahəsinə qaytarılmaqla daxil edilib, mütənasib mülkiyyətçi hüququ tanınmaqla yeni texniki pasportun təqdim olunması; ünvan 2 mənzilinin texniki pasportunda otaqların təyinatı hissəsində yanlış qeyd olunmuş 8,9 kv.m sahəli dəhliz otağının təyinatının 94 binası Qoruq Arxiv surəti plan sxeminə uyğun mətbəx otağı təyinatı ilə əvəzlənməklə 9A mənzilinə dair yeni texniki pasportun təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ünvan 3ənzil 9a ünvanına dair xx.xx.2016-cı il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, mənzilin yaşayış otağı 26,6 kv.m, dəhlizi 10,7 kv.m, sanitar qovşağı 1 kv.m təşkil etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, ünvan 3ənzil 9a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. ünvan 3ənzil 9a ünvanına dair xx.xx.2021-cı il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, mənzilin yaşayış otağı 17 kv.m, dəhlizi 8,9 kv.m, sanitar qovşağı 1,8 kv.m, yaşayış otağı 9,2 kv.m, sanitar qovşağı 1 kv.m təşkil etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 31 may 2019-cu il tarixli çıxarışından görünür ki, ünvan 3ənzil 9 xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 11.06 2019-cu il tarixli çıxarışından görünür ki, ünvan 3ənzil 14a xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 30 may 2019-cu il tarixli çıxarışından görünür ki, ünvan 3ənzil 12 xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyatdan keçirilmişdir. 08 yanvar 2021-ci il tarixli Mənzil-kommunal və Təmir Xidmətinin İddiaçı ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, qısa müddət ərzində ona məxsus sanitar qovşaq və mətbəxdə kanalizasiya və su xəttində olan nasazlığın aradan qaldırılması, əks tədqirdə tərəflərindən qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri , Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 (üç yüz otuz üç) manat tutularaq iddiaçı X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli, 04/505 inventar nömrəli texniki pasport qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, müraciətdə qeyd olunan 1 saylı sahəyə bitişik, 1.2 kv.m sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh2 X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanıtarqovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitar-qovşaq (tualet), işlək vəziyyətdə 1 ədəd sanitar-qovşaqının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın 1 ədəd sanitar-qovşaqının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın sahəsindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir. Ümumi həyətdə qeyd olunan sanitar qovşağın sahəsi 1 kv.m olan bir ədəd iddiaçıya məxsus M.Mənsur, ev 94, mənzil 9A ünvanın teexniki pasportunda öz əksini tapmışdır. Beləliklə, işin hallarından məyyən olunur ki, iddiaçı istifadəsində olan ünvan 3ənzil 9a ünvanında inşa olunmuş əlavə 1,2 kv.m sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini, eyni zamanda mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunan 8,9 kv.m dəhlizin və 1,8 kv.m sanitar qovşağının mətbəx kimi nəzərə alınmasını və yeni texniki pasportun verilməsini tələb edir. İddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunsuz olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə, təqdim edilmiş sübut və sənədlər əsasında mövqeyini əsaslandıraraq qeyd edir ki, iddiaçının 1,2 kv.m-lik əlavə sahə üzərində hüquqların qeydiyyatı üçün qanunla tələb olunan sənədlər təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər, o cümlədən müxtəlif məhkəmə qərarları, daşınmaz əmlaka dair çıxarışlar və texniki sənədlər isə istinad edilən sahənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni aidiyyəti icazə və hüquqi prosedurlar əsasında inşa edildiyini və ya rekonstruksiya olunduğunu təsdiq etmir. Bu sənədlər məzmunca yalnız iddiaçının iddia olunan ünvanda yerləşən mənzilə (ünvan 3ənzil 9a) dair mövcud olan hüquqlarını ehtiva etməsini təsdiq edir. Qeyd olunmalıdır ki, 1,2 kv.m sahənin istər tikinti, istərsə də rekonstruksiya yolu ilə əldə edilməsinə dair isə hər hansı sənəd təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının üçüncü şəxslə arasındakı məhkəmə çəkişmələrinə dair təqdim etdiyi aktlar da konkret mübahisəli sahənin hüquqi statusunun, hansı sənədlər əsasında inşa edildiyinin müəyyən edilməsinə xidmət etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi əlavə sahə üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Belə olan halda cavabdehin müraciətin təmin edilməsindən imtinası həmin hissədə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, iddiaçının texniki pasportda əks olunan 8,9 kv.m dəhlizin və 1,8 kv.m sanitar qovşağının mətbəx kimi nəzərə alınmasını və yeni texniki pasportun verilməsini tələb etsə də, aparılmış araşdırma zamanı bu növdə dəyişikliyin edilməsinə hər hansı zərurət olmamışdır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan sahələrin ilkin texniki sənədlərdəki təyinatı dəyişməz olaraq qalıb, yəni dəhliz və sanitar qovşaq kimi göstərilib, onların mətbəx kimi istifadəsini və ya bu yöndə dəyişiklikləri təsdiqləyən rəsmi sənədlər mövcud deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıdaki maddələrinə əsasən: 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Qeyd edilməlidir ki, texniki pasport “texniki sənəd” statusu daşıyır və yalnız əmlakın faktiki texniki inventarlaşdırılması nəticəsində tərtib edilir. Texniki inventarlaşdırma zamanı daşınmaz əmlakın hər bir sahəsinin funksional təyinatı, ölçüləri, yerləşmə sxemi və texniki göstəriciləri qeyd olunur. Əgər əmlakda sonradan yenidən qurma və ya planlaşdırma işləri aparılarsa, məsələn, sahənin təyinatı dəyişdirilərsə, əlavə arakəsmələr quraşdırılarsa və ya mövcud quruluş dəyişdirilərsə, bu zaman yalnız müvafiq razılaşdırma orqanlarının qərarı və texniki normativlər əsasında yeni texniki pasport hazırlanması mümkündür. Lakin mövcud halda nə belə dəyişikliklərin aparılması, nə də onlara dair səlahiyyətli orqanlardan alınmış icazə sənədi təqdim olunmuşdur. İddiaçının sadəcə şəxsi istəyinə əsaslanaraq texniki sənədə dəyişiklik edilməsi isə əsassızdır. Qeyd olunmalıdır ki, iddiaçının tələbi yalnız o halda hüquqi nəticə doğura bilərdi ki, ya cavabdeh texniki sənədi tərtib edərkən obyektiv səhvə yol versin, ya da qanuni əsaslarla aparılmış yenidənqurma işlərinə baxmayaraq təyinatın dəyişdirilməsindən əsassız imtina etsin. Bu halların heç biri isə hazırki işin halları zamanı müəyyən olunmur. Bu baxımdan, Məhkəmə hesab edir ki, cavabdeh orqanın texniki sənəddə dəyişiklik edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar