Məhkəmə qərarları › İş №2-1(112)-2530/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2530/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2530/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş pensiyanın yenidən xx.xx.2022-ci il tarixindən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə maaşın 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə almaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya edilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırkı pensiya arasında olan fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2007-ci il tarixə qədər Bakı şəhəri Səbail rayon məhkəməsində hakim vəzifəsində işləmişdir. Məhkəmə-Hüquq Şurasının xx.xx.2007-ci il tarixli qərarına əsasən hakim səlahiyyətlərinə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xitamı verilmişdir. xx.xx.2023-cü il tarixində 65 yaşı tamam olduğundan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 02 avqust 2023-cü il tarixdə vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2236,50 manat hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 335,48 manat olmaqla aylıq əmək haqqının 2571,98 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 02 avqust 2022-ci il tarixdən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2571,98 manat) 80 faizi 2057,58 manat əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 - 20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə hakimlik stajının hər 5 ilinə görə əlavə haqq səlahiyyətlərini yerinə yetirməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə almaq üçün ikiaylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilməmiş məzuniyyət haqqı və əmək haqqına ödənilməmiş digər əlavələr nəzərə alınmaqla iddiaçıya əmək pensiyası təmin olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pensiyanın hesablanması üçün əmək haqqı barədə xx.xx.2022-ci il tarixli 10/164 saylı Arayışından görünür ki, iddiaçının işlədiyi müddətdə 179387,16 manat xəstəlik pulu hesablanmışdır. İddiaçı hesab edir ki, DSMF-nin Xüsusi təyinatlar üzrə Mərkəzi Filial tərəfindən pensiya hesablanan zaman qeyd olunan xəstəlik pulu da nəzərə alınmamamışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd olunmuşdur ki, iddiaçının vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2236,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 335,48 manat olmaqla orta aylıq əmək haqqı 2571,98 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 2 avqust 2022-ci il tarixindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq hakim kimi iş stajına uyğun olaraq iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2571,98 manat) 80 faizi - 2057,58 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilir ki, əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən pensiya 2360.04 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş “əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd edilmişdir ki onun xx.xx.2023-cü il tarixdən vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2236,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 335,48 manat olmaqla orta aylıq əmək haqqısı 2571,98 manat təşkil etmişdir. Bununla əlaqədar ona 02 avqust 2022-ci il tarixdən “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası qanununun 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2571,98 manat) 80 faizi məbləğində 2057,58 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bildirmişdir ki 2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərini yetirməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əməkhaqqı məbləğində pul təminatı, o cümlədən ödənilməmiş məzuniyyət haqqı və əməkhaqqına ödənilməmiş digər əlavələr nəzərə alınmaqla onun pensiyası yenidən hesablanmalıdır. Həmçinin İddiaçı fikrincə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 10/164 nömrəli arayışda qeyd edilən 179387,16 manat xəstəlik pulu da ona pensiya təyin edilərkən nəzrə alınmamışdır. İddiaçı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2571,98 manat) 80 faizi-2057,58 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tələbləri:

1. 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə. İddiaçının təqdim etmiş olduğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/164 nömrəli arayışda qeyd edilən əlavələr göstərilməmişdir. Yəni İddiaçı hakimlik fəaliyyəti ilə məşğul olduğu dövrdə sözügedən əlavələri almamışdır. Məhz bu səbəbdən ona pensiya təyin edilərkən həmin əlavələri nəzərə almaq mümkün olmamışdır.

2. Hakimlik stajının hər 5 ilinə görə əlavə haqq. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/2-N- 116272/2023 nömrəli cavab məktubunda İddiaçı pensiyasının yenidən hesablanması zamanı hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin nəzərə alındığı qeyd edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununun 106-cı maddəsinə əsasən, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.

3. Səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı. İddiaçı tələb etdiyi “səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı” qanunvericiliyə xx.xx.2010-cu il tarixdə əlavə edilmişdir. Yəni İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununun 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında sözügedən pul təminatı yer almadığından onun pensiya məbləği yenidən hesablanarkən bu pul təminatının nəzərə alınması mümkün olmamışdır.

4. Məzuniyyət vaxtı iki aylıq əməkhaqqı məbləğində pul təminatı, ödənilməmiş məzuniyyət haqqı və əməkhaqqına ödənilməmiş digər əlavələr. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

5. İşlədiyi müddətdə hesablanmış 179387,16 manat məbləğində xəstəlik pulu. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/164 nömrəli arayışda qeyd edilən işlədiyi müddətdə hesablanmış 179387,16 manat xəstəlik pulu aldığı qeyd edilmişdir. Məhz bu səbəbdən sözügedən məbləğ əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununa əsasən: Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Göründüyü kimi, qanunvericilikdə “xəstəlik pulu” yox, “müalicə olunma üçün iki aylıq əmək haqqı məbləği” anlayışı nəzərdə tutulmuşdur. Qeyd edilir ki, sözügedən iki anlayış tamamilə fərqli anlayışlardır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

6. İddiaçı münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Pensiyanın hesablanması üçün əmək haqqı barədə” xx.xx.2022-ci il tarixli 10/164 nömrəli Arayış iş materiallarına əlavə olunmuşdur.

7. İş materiallarına əlavə olunmuş məxsus əmək kitabçasına əsasən İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər Bakı şəhəri Səbail rayon məhkəməsində hakim vəzifəsində işləmiş və xx.xx.2007-ci il tarixdə səlahiyyət müddətinin bitməsi ilə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən rayon (şəhər) məhkəməsi hakiminin vəzifə maaşı 1386,00 manat təşkil edir. Eyni zamanda «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 İlinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Həmin qanunun 106-ci maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli,sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i həcmində aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

9. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 261,34 manat, hesablamadan sonra xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərar ilə yenə 1434,51 manat məbləğində müəyyən olunmuşdur.

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd olunmuşdur ki, iddiaçıya 02 avqust 2022-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının müraciətinə əsasən müvafiq arayış nəzərə alınmaqla iddiaçının əmək pensiyası cari ayda yenidən hesablanıb. Nəticədə, iddiaçının vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2236,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 335,48 manat, digər növ əlavələr 138,58 manat olmaqla orta aylıq əmək haqqı 2710,56 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq orta aylıq əmək haqqı (2710,56 manat) 80 faizi - 2168,44 manat məbləğində, cari il üzrə əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən isə 2487,21 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Bundan başqa, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan 1949,58 manat fərq məbləği hesablanıb. Həmin 1949,58 manat fərq məbləği cari aydan etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür.

11. İş materiallarına əlavə olunmuş Xidməti məktuba əsasən İddiaçı 2 avqust 2022-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin müraciətinə əsasən müvafiq arayış nəzərə alınmaqla əmək pensiyası xx.xx.2023-cü il tarixində yenidən hesablanıb. Nəticədə, İddiaçı vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2236,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 335,48 manat, digər növ əlavələri 138,58 manat olmaqla orta aylıq əmək haqqısı 2710,56 manat təşkil edib. Bununla əlaqədar adıçəknən şəxsin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında’’ Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq nakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2710.56 manat) 80 faizi-2168,44 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bunaan başqa, xx.xx.2022-30.11 2023-cü il tarixləri arasındakı dövr üzrə İddiaçı ödəniıməli olan 1949,58 manat fərq məbləği hesablanıb. Həmin 1949,58 manat fərq məbləği 2023-cü ilin dekabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar Nizami Hüseynovun əmək pensiyası xx.xx.2024-cu il tarixindən 2765.78 manat təşkil edir.

12. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması gedişində hakimlik fəaliyyəti zamanı müalicə olunma üçün iddiaçıya ödənilən vəsait nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanıb.

13. Odur ki, daha sonra iddia tələbi əmək haqqı artımındakı sonrakı dəyişikliklər nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması kimi dəqiqləşdirilmişdir. Ərizənin nəticə hissəsində tələb əmək pensiyasının yenidən hesablanması kimi göstərilsə də, ərizənin məzmunundan aydın olur ki, iddiaçı məhz əmək haqqı artımındakı sonrakı dəyişikliklər nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Belə ki, ərizə onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 dekabr 2023-cü il tarixli arayışında qeyd edilir ki, 02 avqust 2022-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası vaxtı ilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği çıxarılmışdır. Hesab edir ki, bu qaydada hesablama düzgün aparılmamışdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2018-ci ilə qədər qüvvədə olmuş 109- cu maddəsinin tələbinə görə pensiya yaşma çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş işin orta aylıq əmək haqqın hakimin 80% miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişdiklər məbləğə şamil edilir. xx.xx.2017-ci ildə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbibə görə “Pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əməj haqqının 80% miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişdiklər həmin məbləğə şamil edilir”. Hesab edir ki, yuxarıda qeyd edilən qanunların tələbinə görə xx.xx.2022-ci il tarixdə mənə pensiya hesablanarkən həmin dövrdə hakimin aldığı əmək haqqının 80% miqdarında pensiya verilməli idi. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 22 dekabr 2023-cü il tarixli arayışında digər növ əlavələr 138,58 manat təşkil edir. Arayışda digər növ əlavələrin nədən ibarət olduğu açıqlanmır. Eyni zamanda ona pensiya hesablarkən aşağıdakılar nəzərə alınmamışdır. Yuxarıda qeyd edilən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2018-ci il və xx.xx.2017-ci ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunların mənasına görə əmək haqqının artımındakı dəyişdiklər sabiq hakimlərə pensiya hesablanırkən həmin məbləğə şamil edilir. Ona pensiya hesablanarkən 2 aylıq məzuniyyət haqqı hesablanmamışdır. Hazırda işləyən hakimlərin əmək haqqının 1980 manat olmasını nəzərə alsaq mənim iki aylıq məzuniyyət haqqım 3960 manat, 2 aylıq müalicə xərci 1980x2=3960 manat, əmək haqqının 10% miqdarında 198 manat maddi yardım nəzərə alınmamışdır.

14. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, hakim vəzifəsində işləyərkən vəzifə maaşına əlavələr almamışdır.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

22. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisə İddiaçı münasibətdə sabiq hakim kimi əmək pensiyası hesablanarkən vəzifə maaşına əlavələrin cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

25. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarından:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.

27. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarından: ...Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. ...Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. ...Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. ...Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

30. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər Bakı şəhəri Səbail rayon məhkəməsində hakim vəzifəsində işləməsi və xx.xx.2007-ci il tarixdə səlahiyyət müddətinin bitməsi ilə hakimlik səlahiyyətlərinə xitam verilməsi işin mübahisəsiz halıdır.

31. Məhkəmə iş materiallarını araşdırararaq müəyyən edir ki, İddiaçı münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Pensiyanın hesablanması üçün əmək haqqı barədə” xx.xx.2022-ci il tarixli 10/164 nömrəli Arayışda xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər (iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə) vəzifə maaşına əlavə qeyd edilməmiş və məhkəmə iclasında iştirak edən iddiaçının izahatı ilə də bu fakt (hakim vəzifəsində işləyərkən iddiaçıya vəzifə maaşına əlavələr ödənmədiyi) təsdiqlənmişdir.

32. Belə ki, birinci instansiya məhkəmələrinn hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i həcmində aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir.

33. İddiaçı hesab edir ki, ona pensiya xx.xx.2022-ci il tarixdə təyin olunduğundan həmin vaxt hakimin aldığı əmək haqqına uyğun pensiya təyin edilməlidir.

34. Odur ki, iddiaçı faktiki olaraq işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının və ya onlara edilən əlavələrin əsas götürülməsini tələb edir. Bu isə pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

35. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən sabiq hakim kimi ona təyin olunan yaşa görə əmək pensiyası 2057,58 manat məbləğində müəyyən edilmiş və əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən pensiya 2360.04 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Lakin əmək pensiyasının yenidən hesablanması nəticəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xidməti məktubda qeyd edilmişdir ki, iddiaçı X2 şəxsin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında’’ Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 24 gün sabiq nakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2710.56 manat) 80 faizi - 2168,44 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, xx.xx.2022-30.11 2023-cü il tarixləri arasındakı dövr üzrə İddiaçı ödənilməli olan 1949,58 manat fərq məbləği hesablanıb. Həmin 1949,58 manat fərq məbləği 2023-cü ilin dekabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar Nizami Hüseynovun əmək pensiyası xx.xx.2024-cu il tarixindən 2765.78 manat təşkil edir.

36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası hesablanarkən hakim vəzifəsində işləyərkən ona ödənilməmiş əlavələrin nəzərə alınması ilə bağlı “qanuni gözləntisi” yoxdur.

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar