Məhkəmə qərarları › İş №2-1(112)-2531/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2531/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2531/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən bağ sahəsi ayrılmış, yoldaşlığın üzvlüyünə qəbul edilmə barədə üzvlük kitabçası verilmiş, protokoldan çıxarış da təqdim edilməsinə baxmayaraq, həmin sənədlər əsasında cavabdeh çıxarışın verilməsindən qanunsuz və əsassız imtina etmişdir. Cavabdehin etirazı: iddiaçının adı təsərrüfat üzvlərinin siyahısında mövcud olmamış, torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənar yerləşmiş, ümumi əraziyə dair Fondun adına DTXK tərəfindən verilmiş plan və ölçü sənədi (kadastr planı) mövcud olmuşdur. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Protokoldan çıxarışda qeyd edilmişdir ki, bağçılıq-bostançılıq kollektivinin protokoldan çıxarışı əsasında iddiaçıya bağ sahəsi ayrılmışdır. Üzvlük kitabçasında qeyd edilmişdir ki, iddiaçıya bağçılıq-bostançılıq kollektivi tərəfindən bağ sahəsi ayrılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının adı təsərrüfat üzvlərinin siyahısında mövcud olmamış, torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənar yerləşmiş, ümumi əraziyə dair DTXK tərəfindən verilmiş plan və ölçü sənədi (kadastr planı) mövcud olmuşdur. DTXK-nın torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncam əsasında Universitet Kampusunun tikintisi üçün daimi istifadəyə Fonda torpaq sahəsi ayrılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, imtina dəlillərinin qanunsuz və əsassız olmasına istinad edən iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tam və obyektiv araşdırmanın aparılması, eləcə də ekspert rəyinin əldə edilməsi üçün ilkin olaraq mütəxəssis rəyinin təqdim edilməsi olmasını nəzərə alaraq məhkəmə qərardadı qəbul etmiş, iddia olunan torpaq sahəsinin ayrıc aktından kənar olub-olmaması, Fondun istifadəsinə verilmiş torpaq sahəsi hüdudlarında olubolmaması, bağ sahəsinin dəqiq ölçü və koordinatlarının müəyyən edilməsinə dair mütəxəssis rəyinin zəruriliyini iddiaçının diqqətinə çatdırmışdır. Mövcud inzibati və inzibati məhkəmə praktikası ilə də müəyyən edilir ki, torpaq sahələrinin elektron bazada yerləşmə yeri, koordinat və s barədə müstəsna məlumata malik olan əmlak orqanı tərəfindən mütəxəssis rəyinin təqdim edilməməsi ekspertiza fəaliyyətinin həyata keçirilməsinə mane olmaqla ekspertin rəy verilməsindən imtina ilə nəticələnir. İddiaçının diqqətinə də həmin məsələ çatdırılaraq mütəxəssis rəyinin alınmasına şərait yaradılması, eləcə də mütəxəssis rəyinin verilməsi üçün zəruri olan xidmət haqqının ödənilməsi barədə məlumat verilmiş, lakin iddiaçı həmin ödənişin edilməsindən imtina etmişdir. Göründüyü kimi qeyd olunan imtina dəlillərinin qanunsuz olmasına iddiaçı istinad etsə də həmin dəlillərin yoxlanılmasına münasibətdə mütəxəssis rəyinin alınması iddiaçı tərəfindən ödənişin edilməməsi səbəbindən mümkün olmamışdır. Bununla bağlı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin: 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 7.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi ekspertiza aparılması üçün tələb olunan xərclərin ödənilməməsi də daxil olmaqla ekspertizanın keçirilməsinə mane olma ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən maddənin tətbiqi üçün məhkəmə hesab edir ki, əsas mövcuddur. Belə ki, mütəxəssis rəyinin alınması üçün xidmət haqqının ödənilməməsi, istər maddənin analogiya üzrə tətbiqi baxımından, istərsə də son nəticədə ekspert rəyinin təqdim edilməsinə mane baxımından məhkəməyə imkan verir ki, ekspertizanın keçirilməsinə üzrlü səbəb olmadan imtina edən şəxsə münasibətdə ekspert rəyində aydınlaşdırılmalı məsələyə münasibətdə qiymət versin. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi bağçılıq-bostançlığın ayrıc aktından kənarda, Fondun istifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəbdən də məhkəmə həmin əsaslar nəzərə alınmaqla iddianın mahiyyəti üzrə qiymətləndirilməsini zəruri sayır. Məhkəmə Fondun istifadəsinə verilmiş ərazidə yerləşməyə münasibətdə qeyd edir ki, istər DTXK tərəfindən verilmiş plan və ölçü sənədi, istərsə də həmin sənədin verilməsinə əsas olmuş sərəncam qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmişdir. Odur ki, plan və ölçü sənədində Fonda ayrılmış adıçəkilən bağ sahəsinin yerləşdiyi əraziyə dair iddiaçının hər hansı hüququnun qeydiyyatınının aparılmasından məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1210/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin Fondun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında Fonda ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan, Fonda torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Eləcə də, 2-1(102)-1043/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda, 2-1(102)-780/2023 saylı iş üzrə qəbul edilmiş qərarda öz əksini tapmışdır. Digər tərəfdən ayrıc aktından torpaq sahəsinin kənar yerləşməsinə münasibətdə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ayrıc aktından kənarda yerləşmə iddiaçının təqsir sferasına aid olmasa da, hazırkı halda ayrıc aktından bağçılıq-yoldaşlığın kənar ərazidə bağ sahəsi ayrılması digər şəxsin hüquq və mənafelərini pozulması ilə nəticələnmişdir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, göstərilən hal bağçılıqyoldaşlığa ayrılmış ərazidən kənarda yerləşən başqa şəxsin daimi istifadəsində olan bağ sahəsinə dair torpaq ayırma sənədlərinin mötəbərliyinə şübhə altına alır. Məhkəmə hesab edir ki, bu zaman bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında da iddiaçının adının aşkar edilməməsi torpaq ayırma ilə bağçılıq-yoldaşlığın səlahiyyətlərinin düzgün yerinə yetirilmədiyinin müəyyən edilməsinə əsas yaradır. Ali Məhkəməsinin 2-1(102)-1015/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin iş üzrə vətəndaşın iddia etdiyi torpaq sahəsinin bağçılıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi ekspert rəyi ilə təsdiq olunmuş, bununla da vətəndaşın iddia etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi əsaslı hesab olunmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar