Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2531/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı ş, Xətai r, X4 küçəsi 34/96d(q) ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vəfat etmiş həyat yoldaşının mülkiyyətində həyət evi mövcud olmuş, cavabdehə mülkiyyət hüququnun onun adına keçirilməsi üçün müraciət etmiş, müraciətin təminindən texniki pasportun hüquqmüəyyənedici sənəd olmaması, qaz xəttinin mühafizə zonasında yerləşmə perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olması, ölçü dəyişiklikləri olması əsası ilə əsassız və qanunsuz olaraq imtina edilmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bundan əlavə, sahə yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir, texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Baxış zamanı müəyyən edilmişdir ki, sənəd üzrə torpaq sahəsi 197,3 kv.m, faktiki sahə 306,0 kv.m təşkil edir, torpaq sahəsinin 103,3 kv.m hissəsi iddiaçının şifahi məlumatına əsasən digər şəxsə satılmış və orada fərdi yaşayış sahəsi inşa edilmişdir. Texniki pasportda qeyd olunan ölçülərə əsasən qalan torpaq sahəsi 94 kv.m, faktiki torpaq sahəsi 306 kv.m təşkil edir. Belə ki, sənəd üzrə olan sahədən kənarda 212 kv.m əlavə torpaq sahəsi iddiaçının istifadəsindədir və əlavə torpaq sahəsində ümumi sahəsi 117 kv.m fərdi yaşayış evi inşa edilmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bundan əlavə, sahə yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir, texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçı həyat yoldaşı R.Paşayev vəfat etmişdir. Notariat ofisinin məktubunda qeyd edilmişdir ki, vəfat edən şəxsin vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış və iddiaçı da vərəsə olması barədə müraciət etmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, mərhum R.Paşayevin adına fərdi yaşayış evinə dair pasport tərtib edilmişdir. Pasportda tikinti altı sahə 60,5 kv.m, cəmi sahə 197,3, kv.m göstərilmişdir. “Azəriqaz” İB-nin məktubundan görünür ki, torpaq sahəsinin L=73 metr aralığından X1 və L=7 metr məsafə kənarından yüksək təzyiqli yerüstü magistral qaz xətti keçir. Müayinə aktında qeyd edilmişdir ki, sənəd üzrə sahə 197,3 kv.m, faktiki sahə 306,0 kv.m-dir. Fərdi yaşayış evinin sənəd üzrə sahəsi 36,9, faktiki 29,7 kv.m-dir. Bir tərəf yol, digər tərəfləri fərdi yaşayış evləridir. Torpaq sahəsinin 103,3 kv.m hissəsi başqa vətəndaşa satılaraq üzərində yaşayış evi inşa edilmişdir. T/P ölçülərinə əsasən qalan torpaq sahəsi 94,0 kv.m, faktiki torpaq sahəsi 306,0 kv.m-dir.212,0 kv.m əlavə torpaq sahəsi istifadədir, əlavə torpaqda 117,0 kv.m ev inşa edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, yuxarıda sadalan müddəaların tələblərindən də göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olma hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. Lakin, hazırkı halda iddiaçıda adıçəkilən sənədlərdən hər hansı biri mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim edilən pasport isə hüquqmüəyyənedici sənəd qismində nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda, nə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahında öz əksini tapmamışdır. Xüsusi ilə adıçəkilən Siyahıda hüquqmüəyyənedici sənəd qismində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun, eləcə də üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun adı çəkilsə də, təqdim edilən pasportdan da görünür ki, həmin pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və ya üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olmamış, həmin pasport Texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, konkret müddəaların tələbindən də göründüyü kimi məhz Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport hüququn dövlət qeydiyyatı üçün əsas qismində çıxış etmiş, Texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilən pasport isə nə Qanunda, nə də Fərmanla təsdiq edilmiş yuxarıda adıçəkilən siyahıda nəzərdə tutulmamış, beləliklə də Nazirlik və Büro tərəfindən verilən pasportların hüquqmüəyyənedicilik xüsusiyyəti baxımından fərqləndirmə aparılmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1951/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunan normaların məzmunundan göründüyü kimi, Siyahıda digər şərtlər də nəzərə alınmaqla daşınmaz əmlaka dair texniki pasportların hamısı deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit olunmuşdur. Başqa sözlə, Fərmanda adı çəkilən texniki pasport boş torpaq sahəsi üçün deyil, üzərində fərdi yaşayış evi, bağ evi olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. Odur ki, mövcud olmayan əmlakın texniki vəziyyətini göstərən texniki pasport öz əhəmiyyətini itirməklə orada göstərilən torpaq sahəsinin qeydiyyatını da məqbul və zəruri etmir. Oxşar mövqe Ali Məhkəmənin 2-1(102)-46/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-1285/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-cü il tarixli qərarında, 2-1(102)-1081/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov