Məhkəmə qərarları › İş №2-1(112)-2532/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2532/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2532/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-yoldaşlığı tərəfindən İddiaçı ayrılmış 17 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) "Şabandağ" bağçılıqyoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 12 sot olan 17 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən iddiaçı 1991-ci ildə "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv. metr olan 17 saylı bağ sahəsi verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 31 mart 2022-ci il tarixli, **********96 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi elektron kadastr-baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və həmçinin 17 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarədə mövcud arxiv məlumatlarına əasasən təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Həmçinin ümumi əraziyə digər fiziki şəxslərin müraciəti mövcuddur. Bundan əlavə, təqdim olunmuş protokoldan çıxarışın ili qeyd olunmayıb. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********96 nömrəli cavab məktubu ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********96 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, İdarədə mövcud olan arxiv məlumatlarına əasasən təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - “SOCAR”-ın SOCAR**********30490089X00061 saylı 07 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 01 iyul 2009-cu il tarixli əmr-qərarı ilə SOCAR-ın və onun tabeliyində olan müəssisə və təşkilatlarla əmək münasibətlərində olan işçilərin mənzil, yataqxana, bağ, müvəqqəti və digər yaşayış sahələrinin vahid siyahılar üzrə uçotu və bölüşdürülməsi işi şirkətin aparatında aparılmaqla mərkəzləşdirilməsi müəyyən edilmişdir. Lakin təhvil verilmiş sənədlər arasında sorğuda qeyd edilən bağçılığa, eləcə də həmin şəxsə dair SOCAR-ın aidiyyəti strukturunda hər hansı bir sənəd aşkar edilməmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********81 saylı məktubdan görünür ki, İddiaçı adına “Şabandağ” bağçılıq yoldaşlıq birliyi nəzdində Şabandağ bağ massivində 0.12 ha torpaq sahəsi olan 17 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq “Qaradağneft” NQÇİ-nin bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının, ayrıc aktlarının və X5 kitabında xx.xx.2011-cİ il tarixdə 23519 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - X5 kitabında xx.xx.2011-cl il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Binəqədi rayonu Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında yerləşən 17276776 kv.m torpaq sahəsi Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı ilə Universitet Kampusunun tikintisi üçün daimi istifadəsi üçün X6 ayrılmışdır. - Arxivdə olan “Qaradağneft” NQÇİ-nin bağçılıq yoldaşlığı üzvlərinin siyahısından görünür ki, İddiaçı adı siyahıda yoxdur. - iddiaçının təqdim etdiyi “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından görünür ki, iddiaçının adı 18-ci sırada göstərilmişdir. - xx.xx.1990-cı il tarixli 10 №-li Bağçının üzvlük kitabçasının surətindən görünür ki, Lökbatan-Xocasən yolunun qərbində Şabandağ qəsəbəsi bağ massivində 17 saylı bağ sahəsi istifadəyə ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin 29 saylı xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, iddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 BAKİ KOMİSSARİ” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ" bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m olmaqla 17 saylı sahəsi ayrılmışdır. - Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. - Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №li sərəncamının surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının tələbinin əsaslandığı hallara görə, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-yoldaşlığı tərəfindən İddiaçı ayrılmış 17 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdehin imtinasının əsaslarına görə qeyd olunan ərazi elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: -8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Hazırkı iş üzrə torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilmişdir. Belə ki, iş materiallarında olan X5 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №li sərəncamından göründüyü kimi X4 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Lakin həmin sərəncamı mübahisələndirmədiyi halda iddiaçı hazırki iddianı irəli sürmüşdür. Belə olan halda başqa şəxslərin hüquqlarının qeydiyyatını təsdiq edən mötəbər sənədlər qüvvədə olduğu üçün həmin torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınması üçün əsas ola bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar