Məhkəmə qərarları › İş №2-1(112)-2532/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2532/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2532/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 sentyabr 1988-ci il tarixli 9 saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 2/289 A saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər, rayonu Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 800 kv.metr olan 2/289A nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1988-ci il tarixli 9 saylı protokoldan çıxarışa əsasən xx.xx.1988-ci il tarixli 9 saylı protokolla X6 verilmiş 2/289 A saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılması, onun adına verilmiş üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/289 A saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvük kitabçası açılması qərara alınmışdır. Həmin protokol əsasında ona H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1999-ci il tarixli üzvlük bileti verilmiş və 1999-cu ildən bugünkü günədək həmin bağ sahəsi onun istifadəsindədir. H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1988-ci il tarixli 9 saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 2/289 A saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-İ0191/02-8/2Ü23, **********72 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli **********45 nömrəli məktubda qeyd olunan 6 kv-lıq yüksək gərginlikli elektrik xətti ilə bağlı "xxxx" ASC-nin arayışı təqdim edilsə də, həmin məktubda göstərilən digər iradlar aradan qaldırılmamışdır. xx.xx.2020-ci il tarixli imtina məktubunda isə göstərilmişdir ki, idarənin arxivində saxlanılan "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında sizin və protokoldan çıxarışda Sizin və adı qeyd edilən X1 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi "Bahar" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli 01/02/12-13/İ- 344/6274 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları"nın 5a saylı bəndinə əsasən "Buzovna qəsəbəsi, N.Axundov 44 ünvanında yerləşən sözügedən torpaq sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir. Lakin cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1988-ci il tarixli 9 saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/289 A saylı bağ sahəsində fərdi yaşayış evi inşa etdirərək 1999-cu ildən hal-hazırkı vaxtadək həmin evdə yaşayır. Həmin ərazidə onunla yanaşı digər fərdi yaşayış evləri də inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Hesab edir ki, cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh imtinasını onunla əsaslandırılmışdır ki, “1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında Sizin və F.M.Əliyevin adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin, bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.”

5. Cavabdeh digər imtinasında qeyd etmişdir ki, “xx.xx.2023-cü il tarixli **********45 nömrəli məktubda qeyd olunan 6 kV-lıq yüksək gərginlikli elektrik xətti ilə bağlı "xxxx" ASC-nin arayışı təqdim edilsə də, həmin məktubda göstərilən digər iradlar aradan qaldırılmamışdır.”

6. Cavabdehin iddiaçının iddia tələbinə dair etirazında qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında mövcud olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X2 adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda olmaqla, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, iddia olunan bağ nömrəsi bağçılıq-yoldaşlığın bölgü sxemində qeyd olunmamışdır.

7. H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1999-ci il tarixli 10 nömrəli protokolundan olan çıxarışda qeyd edilmişdir ki, xx.xx.1988-ci il tarixli 9 saylı protokolla F.B.Əliyevə verilmiş 2/289a saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/289a saylı bağ sahəsi X3 adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır.

8. H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq birliyinin 347 nömrəli üzvlük biletindən görünür ki, H.Z.Tağıyev adına NQÇİ-yə məxsus 2/289a nömrəli sahəyə dair İddiaçı adına üzvlük bileti verilmişdir.

9. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-239930/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Xalq Deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/325 saylı və xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə keçmiş Əzizbəyovneft NQÇİ-nin kollektivinə Buzovna ərazisində bağçılıq təsərrüfatı yaradılması üçün topraq sahəsi ayrılmışdır. Həmçinin, sorğuda qeyd edilən bağ torpaq sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir, həmçinin tikililərin və torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Sorğunun icrası ilə əlaqədar olaraq “Bahar” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahılarının, müayinə aktının (koordinatlar göstərilməklə), təsdiq edilmiş surəti və ortofoto məhkəməyə təqdim edilir.

10. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-2575/2024 nömrəli məktubunda qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin, bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Ərazinin 34 m məsafəsində ləğv olunmuş neft quyusu məlumatı var.

11. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01/02/12-13/İ-344/6274 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5a saylı bəndinə əsasən Buzovna qəsəbəsi, N.Axundov 44 ünvanında yerləşən sözügedən torpaq sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünküyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlillər ondan ibarətdir ki, bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir, həmçinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X2 adı aşkar edilməmişdir, bundan əlavə bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, ərazinin 24 metr məsafəsində ləğv edilmiş neft quyusunun olmasına dair məlumat var.

27. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, H.Z.Tağıyev adına NQÇİ-nin "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1999-ci il tarixli 10 nömrəli protokolundan olan çıxarışına əsasən xx.xx.1988-ci il tarixli 9 saylı protokolla X7 verilmiş 2/289a saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, 2/289a saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmış və bu əsasla həmin təsərrüfat tərəfindən X3 adına üzvlük bileti verilmişdir.

28. Məhkəmə qeyd edir ki, "Bahar" bağçılıq yoldaşlıq idarə heyətinin iclas protokolunda X5 ata adının “Mollağa” kimi yazılması texniki səhv olmuşdur. Belə ki, "Bahar" bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1999-ci il tarixli 10 nömrəli protokolundan olan çıxarışına əsasən görünür ki, X5 ata adı səhvən “Mollağa” kimi göstərilmiş, daha sonra həmin iclas protokolunda həmin səhv düzəldilərək, “Balağa” qeyd olunmuşdur. “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 2-ci sırada X4 adı var.

29. Məhkəmə cavabdehin bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən bağ sahəsinə dair ortofoto görüntüsündən müəyyən edilir ki, torpaq sahəsində sürüşmə baş verib. Belə ki, bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından cəmi 1 fərdi yaşayış evi məsəfədə yerləşir.

30. Məhkəmə "xxxx" ASC-nin arayışına əsasən müəyyən edir ki, sözügedən torpaq sahəsi elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşmir. Bu da cavabdehin bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə dair dəlilini təkzib edir.

31. Cavabdehin sonuncu dəlili ərazinin 24 metr məsafəsində ləğv edilmiş neft quyusunun olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

33. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

34. Qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir.

35. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək.

37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

38. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 800 kv.metr olan 2/289A nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar