Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2533/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əlilliyin təyin edilməsi və əmək pensiyasının ona hərbi əlil kimi yenidən hesablanması və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1974-cü il tarixdə hərbi xidmət keçərkən aldığı xəsarətlə bağlı hərbi xidmətə yararsız kimi tərxis edilmişdir. 1985 və 1997-c illərdə hərbi xidmətdə aldığı xəstəliklə əlaqədar Ukraynada əməliyyat edilmişdir. 2007-ci il tarixdə Ukraynada ömürlük əlillik təyin edilmişdir. Azərbaycan Respublikası vətəndaşlığını aldıqdan sonra 2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə ona təqaüd təyin edilmişdir. 27 sentyabr 1974-cü il tarixli hərbi həkim komissiyasının xəstəlik haqqında 1363 saylı sənədinə əsasən bağırsaq keçməzliyi xəstəliyi müəyyən edilmişdir. İddiaçı onun hərbi əlil hesablanması və əmək pensiyasının ödənilməsi ilə bağlı müraciətlər etsə də rəsmi cavab verilməmişdir. Sonradan iddiaçının ərizəsi əsasında Məhkəmənin qərardadı ilə İddia tələbi “xidməti vəzifələrinin icrası ilə əlaqədar əlilliyin təyin edilməsi” formasında qəbul edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl Cavabdeh ilə əvəz edilməsi, Mərkəzi Hərbi Həkim Komissiyasına üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi dəyişdirilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş ididaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin yuxarıda qeyd olunan faktiki halları ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas olan sənəd təqdim edilməsi bununla bağlı inzibati icraatın aparılmasına və təqdim olunan sənədlərdən asılı olaraq bu barədə imtina və ya səbəbli əlaqənin dəyişdirilməsi barədə qərar qəbul edilməsinə əsas olur. İddiaçı da əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas hesab etdiyi sənədlərlə cavabdehə müraciət etmiş, lakin nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdehə təqdim edilən, o cümlədən iş materiallarında mövcud olan Ukrayna Səhiyyə Nazirliyinin 088102 nömrəli arayışından görünür ki, iddiaçı 2 qrup əlildir, əlilliyin səbəbi hərbi xidmət dövründə yaranmış xəstəlikə əlaqədardır. Həmçinin, iş materiallarında mövcud olan hərbi biletdən görünür ki, iddiaçı 27 sentyabr 1974-cü il tarixində OBKT-358 yanında Hərbi-həkim komissiyası tərəfndən dinc dövrdə qeyri-nizami xidmətə yararsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. Həmçinin iddiaçı 20 aprel 1982-ci il tarixində Salyan RHK yanında Hərbihəkim komissiyası tərəfindən dinc dövrdə qeyri-nizami xidmətə yararsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. İş materiallarında mövcud olan 1363 nömrəli xəstəliklə bağlı 27 sentyabr 1974-cü il tarixli sənəddən görünür ki, iddiaçı şəhadətləndirilmiş, bağırsa keçməzliyi xəstəliyi ilə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız olması müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsi tərəfindən verilmiş arayışda da göstərilən sənədlərə istinad edilmiş, iddiaçının şəhadətləndirilərək ehtiyata buraxıldığı qeyd edilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, DSMF publik hüquqi şəxsin 6 saylı regional ərazi idarəsinin Filialının iddiaçıya ünvanladığı 02 aprel 2021-ci il tarixli ərizəyə cavab olaraq da inzibati orqan qeyd etmişdir ki, iddiaçıya 2 –ci qrup əsgəri xidmət vəzifəsini yerinə yetirərkən xəstələnməklə əlaqədar pensiya ödənilir. Göründüyü kimi iddiaçının əlilliyiyin məhz hərbi xidmətdə aldığı xəsarətlə əlaqədar olması barədə kifayət qədər əsaslar mövcud olmuş, həmin sənədlər cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə dair inzibati icraat tam qaydada aparılmamış, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsindən imtinaya dair faktiki şərtlərin nədən ibarət olması əsaslandırılmamışdır. İddiaçı isə tələbini əsaslandırarkən ona təyin edilmiş əlilliyin məhz hərbi xidmətlə əlaqədar olduğunu, 2014-cü il tarixdə cavabdeh tərəfindən əlilliyin təyin edilməsi zamanı hərbi xidmətdə xəsarət alması, onun bu səbəbdən tərxis olunması, 2007-ci il tarixdə Ukraynada ona əlilliyin təyin edilməsinin nəzərə alındığını iddia etmişdir ki, iddiaçının qeyd etdikləri işin faktiki halları ilə uyğunluq təşkil edir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya Ukrayna Səhiyyə Nazirliyi tərəfindən arayış verilərək onun 2-ci qrup əlil olduğu və əlilliyin hərbi xidmət zamanı yaranmış xəstəliklə əlaqədar olduğu qeyd edilmişdir ki, iddiaçının 17 oktyabr 2014-cü il tarixdə müddətsiz olaraq eyni qrup üzrə cavabdeh tərəfindən əlil təyin edilməsi məhkəmədə şübhə doğurmur. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçının qeyd etdiklərinin əksini sübut etmə vəzifəsi daşıyan cavabdeh iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin ümumi xəstəliklə bağlı olması barədə, əlilliyin hərbi xidmətlə əlaqədar olmaması barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, işin tam və obyektiv araşdırılması üçün bununla əlaqədar olaraq 18 mart 2022-ci il tarixli qərardadla aralıq inzibati akt qəbul etmiş, qərarında qeyd etmişdir ki, İşin faktiki hallarından görünür ki, iddiaçıya ümumi xəstəliklə bağlı 2014-cü il tarixdən əlillik təyin edilmişdir. İddiaçı isə hərbi xidmətdə olarkən 1974-cü il tarixdə aldığı xəsarətlərlə əlaqədar olaraq hərbi xidmətə yararsız hesab edildiyini, bununla bağlı Ukrayna Respublikasında 1985 və 1997-ci il tarixlərlə əməliyyat olunduğunu, onda əlilliyin yaranmasına səbəb olan xəstəliklərin məhz hərbi xidmətdə olarkən aldlığı xəsarətlərlə bağlı olduğunu iddia edir. Bununla əlaqədar olaraq da, 27 sentyabr 1974-cü il tarixli hərbi həkim tibbi komissiyasının rəyini məhkəməyə təqdim etmişdir. Qeyd olunur ki, göstərilən halların nəzərə alınması ilə əlaqədar olaraq cavabdehin üst qurumuna iddiaçının müraciətləri olmuş, lakin həmin müraciətlərə əsasən hər hansı formada inzibati icraatın aparılması müəyyən edilməmişdir. Halbuki, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” səbəbindən “xidməti vəzifələrinin icrası ilə əlaqədar” səbəbi ilə dəyişdirilməsi cavabdehin səlahiyyətindədir. Bununla əlaqədar olaraq da, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın tələblərinə əsasən iddiaçının ümumi xəstəlik səbəbli əlilliklə bağlı səbəbli əlaqənin hərbi xidmət dövrü və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbli əlaqələrindən hər hansı biri olub-olmamasına dair zəruri inzibati araşdırmanın aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. Lakin, cavabdeh əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsinə əsas ola biləcək sənədləri, əlilliyin ilkin təyin sənədləri ilə müqayisə edərək səbəbli əlaqənin olubolmamasının müəyyən edilməsini müəyyən etmək əvəzinə 30 iyun 2022-ci il tarixli məktubla məhkəməyə məlumat verərək qeyd etmişdir ki, əsas diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi məqsədilə iddiaçıya Milli Onkologiya Mərkəzinə getməsinin vacibliyi bildirilmiş, lakin iddiaçı həmin tələbin yerinə yetirilməsini təmin etməmişdir. Məhkəmə bu istiqamətdə araşdırma aparmış və iddiaçının izahatı da nəzərə alınmaqla müəyyən edilmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsinə əsas olan xəstəliklə Onkologiya Mərkəzinə göndərilməsinə əsas olan onda olan xəstəliyin heç bir əlaqəsinin olmadığına baxmayaraq əlillik üçün əsas olan xəstəliklə bağlı araşdırma aparılması əvəzinə tamam başqa xəstəliklə əlaqədar inzibati araşdırma aparılmışdır ki, bu səbəbdən də qiymətləndirilmədən imtina edilmişdir. Məhkəmə, iddiaçının əlavə inzibati araşdırmanın aparılmaması və inzibati məhkəmə və inzibati icraat üzrə müddətin əsassız uzanmasının məhdudlaşdırılmasına yönəlmiş iddiaçının araşdırmanın aparılmasından imtinanı düzgün hesab edərək qeyd edir ki, cavabdeh iddiaçının əlilliyin təyin edilməsinə əsas olmuş ilkin sənədlərini və ilkin xəstəliyinin iddiaçının təqdim etdiyi sənədlərdə nəzərdə tutulan diaqnozla əlaqəsinin olduğu müəyyən etmək əvəzinə iddiaçıda olan xəstəliyin əlilliyə əsas verib-verməməsi ilə bağlı araşdırma aparmışdır. Sonradan qərardadın icrası ilə əlaqədar və iddiaya dair etiraz xarakterli məhkəməyə ünvanlanmış sənəddən də görünür ki, cavabdeh hesab etmişdir ki, iddiaçının əlavə müayinəyə ehtiyacı var. Halbuki, iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmaması, əlil olub-olmaması hazırkı iddianın predmeti deyil. Hazırkı iddia əlilliyin səbəbli əlaqəsi ilə əlaqədardır ki, inzibati orqan məhkəmə qərardadının icrası üçün əlilliyin təyini üçün ümumi xəstəliyin nə olması, ümumiyyətlə əlilliyin hansı qaydada təyin edilməsi, iddiaçının sonradan təqdim etdiyi hərbi xidmət zamanı xəsarət alması ilə bağlı sənədlərin araşdırılaraq səbəbli əlaqənin dəyişdirilib-dəyişdirilməməsini yoxlamalı idi ki, cavabdeh birbaşa əlilliyin təyini məsələsində özünü səlahiyyətli saymış, ümumiyyətlə əlilliyin düzgün olub-olmamasını müəyyən etməyə çalışmışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, məhkəmə iddiaçının təmini istisna edən zəruri şərtlərin mövcudluğu cavabdehin əvəzinə müəyyən etmir. Cavabdeh hazırkı halda iddianın təminini inzibati prosessual qanunvericiliyin müddəalarına əsasən istisna edən halları özü sübut etməlidir. Cavabdeh isə həmin halları sübut edə bilməmiş, iddiaçıya ümumiyyətlə ümumi xəstəlik səbəbindən 17 oktyabr 2014-cü il tarixdə əlilliyin təyin edilməsinə əsas olmuş heç bir sənədi təqdim edə bilməmişdir ki, məhkəmə iddiaçının əlilliyin təyin edilməsi zamanı məhz Ukraynada əlilliyin təyin edilməsi zamanı olan sənədlərin nəzərə alınmaqla və ona əlavə edilmiş sənədlər əsasında Azərbaycan Respublikasında əlilliyin ona təyin edilməsi barədə halın düzgün olub-olmadığını müəyyən edə bilsin. Nə qədər ki, cavabdeh həmin halların mövcud olmadığını sübut edə bilmir, məhkəmə hesab edir ki, məhz həmin sənədlər, o cümlədən Ukrayna Səhiyyə Nazirliyinin arayışı, xəstəlik haqqında sənədlər, iddiaçının SSSR dövründə müvafiq inzibati orqan tərəfindən şəhadətləndirilməsi əsasında mövcud olan sənədlərə uyğun olaraq ümumi xəstəlik səbəbindən yox, iddiaçının qeyd etdiyi səbəbdən əlillik müəyyən edilmiş olmalıdır. Təkrarən qeyd olunur ki, iddiaçı barəsində onun əlilliyin təyin edilməsinə əsas olan sənədləri saxlamaq vəzifəsi daşıyan inzibati orqanda həmin sənədlərin mövcud olmaması inzibati prosessual qanunvericilik baxımından iddiaçının ziyanına şərh edilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflərin iştirakı ilə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddianın təminindən imtina əsası kimi iddiaçının yenidən şəhadətləndirilməsinin məcburiliyi Ukraynada şəhadətləndirilmənin nəzərə alınmasının yolverilməzliyi ilə bağlı mövqe nümayiş etdirilmişdir ki, məhkəmə həmin mövqeyi əsaslı hesab etmir. Belə ki, iddiaçının şəhadətləndirildiyi 1974-cü il tarixdə Ukrayna və Azərbaycan ümumi məlum olan haldır ki, SSSR-nin tərkibində idi və həmin dövlətin müvafiq funksiyalarını icra edən inzibati orqanların qərarlarının hüquqiliyinin mübahisələndirilməsi mübahisə predmeti təşkil etməməlidir. Nəzərə alınmalıdır ki, eyni dövlətin tərkibində olma Azərbaycan SSR vətəndaşının digər SSR dövlətində hərbi xidmət keçməsinə səbəbiyyət verirdi ki, hazırkı inzibati mübahisədə iddiaçı tərəfindən əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi üçün təqdim edilən sənədlərin Azərbaycan SSR tərəfiindən tərtib edilmiş sənəd olmaması da qeyd olunan məntiqə uyğunluğun nəticəsidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, adıçəkilən sənədin Azərbaycan SSR tərəfindən tərtib edilməməsi, şəhadətləndirmənin həmin dövr, həmin vaxtda, həmin yerdə hərbi xidmət keçən iddiaçıya münasibətdə şəhadətləndirməni aparmalı olan inzibati orqan tərəfindən aparılması və nəticədə iddiaçının hərbi xidmətdə yaranmış xəstəlik səbəbi ilə tərxis olunması, həmin xəstəlik səbəbindən daha sonra ona Ukraynada əlillik təyin edilməsi və həmin sənədlər əsasında 2014-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikasında əlillik təyin edilməsi hazırkı mübahisə üzrə vəziyyətin iddiaçının xeyrinə şərh edilməsi kimi məhkəmə hesab edir ki, hüquqi nəticə yaratmalı, əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi üçün əsasların mövcud olduğu nəzərə alınmalıdır. Beləliklə, nə qədər ki iddiaçının ümumi xəstəliklə əlilliyin təyininə əsas olan halları təsdiq edəcək sənədlər cavabdeh tərəfindən təqdim edilə bilmir 16 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi üzrə aparılmış inzibati məhkəmə araşdırmasının yenidən təkrarlanmasına zərurət yoxdur. İddianın təminini istisna edən şərtlərin sübut olunmadığı aşkardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “ 26” dekabr tarixli “19- 1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik 2.9. Bu Təlimatın 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində göstərilən əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir. 2.10. Xəsarətin alınma şəraiti və səbəbi ştatlı HHK tərəfindən təsdiq edilmiş xəstəlik haqqında şəhadətnamədə və ya xəsarətin və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərarında, yaxud ştatdankənar HHK arayışında göstərilməlidir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir) 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi dəyişdirilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2533/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2533/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver