Məhkəmə qərarları › İş №2-1(112)-2534/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2534/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2534/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 26 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 0,09 ha olan 26 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq- bostançılıq üçün torpaq sahəsi ayrılıb. "Bağçının üzvlük kitabçası"na əsasən X2 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 900 kv.m. olan 26 saylı bağ sahəsi verilib. 02 mart 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət edib. Cavabdeh orqanın 05 aprel 2022-ci il tarixli **********65 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən 26 saylı bağ sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi, ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və həmçinin 26 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilib. Həmçinin 26 saylı bağın sahəsinin sənəddə 0,09 hektar göstərilsə də, fakitiki 0,0635 hektar olması imtinaya səbəb göstərilib.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqanın 05 yanvar 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, İdarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi oağçılıqyoldaşlığm ayrıc aktından kənarda yerləşir. Ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. Bundan başqa sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,09 ha qeyd edilsə də, faktiki ölçüsü 0,0635 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair .erilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxanş təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin zdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan spublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin (X18) adına “Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxslərin (X4, X9, X5) müraciəti mövcuddur. Bundan başqa sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,09 ha qeyd edilsə də, faktiki ölçüsü 0.0635 ha təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********65 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 -nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4, X9 və X6 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

8. Üçüncü şəxslər şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak etmirlər.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq olunan tədqiq olunan sübutlar

13. SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin “26 Bakı Komissarı” Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan Çıxarışa əsasən X2 həqiqətən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona “Şabandağ” sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 900 kv.m olmaqla 26 saylı bağ sahəsi ayrılmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-il tarixli, 11/546 saylı qərarına əsasən 26 Bakı komissarı adına Neft-qazçıxarma idarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lök- Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, “Şabandağ” bağçılıq-yoldaşlıq yoldaşlığının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş Ə.Əmirov adına NQÇİ-nin nəzdində “Şabandağ” bağçılıq bostançılıq kollektivinin ümumi siyahısında 72 nəfər olmaqla İddiaçı 26 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən, bağçılıq cəmiyyəti üzvlətinin xx.xx.1990-cı il tarixli 10№-li protokoluna əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 900 kv.m. olan 26 №-li bağ sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 635,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. İdarədə mövcud arxiv məlumatlara əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Mirağa qızının adı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşir. Ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur.

17. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi tərəfindən bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilmədiyindən, sorğuda qeyd edilən sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması mümkün deyildir.

IV. Məhkəmənin mövqeyi

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

20. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

24. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıqyoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilini qəbul etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş cizgi (digər analoji işlərdə olduğu kimi) 1986-cı ilə aid olmaqla (“Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərara əsasən ayrılmışdır) “Qaradağneft” bağçılıqyoldaşlıq təsərrüfatına aiddir və həmin “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir. Lakin məhkəmə nəzərə alır ki, məhkəmənin SOCAR-a verilmiş sorğusuna cavab olaraq bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı Mirağa qızına “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilmədiyi bildirimişdir.

25. İddiaçının iddia etdiyi və naturada göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X16 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********000058) tərtib olunmuş X17 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.

26. Həmçinin mübahisəli torpaq sahəsinin X14 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X17 ayrılmış sahə ilə üst-üstə düşdüyü işin mübahisəsiz halı olduğundan (qeyd edilən ərazinin X17 ayrılmış sahə ilə üst-üstə düşməsi analoji işlərdə də təsdiqini tapmışdır və iddiaçı həmin halı mübahisələndirmir, ona görə məhkəmə həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür), digər tərəfdən iddiaçının göstərdiyi torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşdiyindən və X17 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.

28. “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığının digər üzvlərinə münasibətdə qəbul edilmiş məhkəmə aktları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: -"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). -İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, digər iş üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar