Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2535/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X15 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Bakı şəhəri 8 saylı vəkil bürosunda işləyir),cavabdehin nümayəndəsi X18 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1-ə dair mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1-ə dair mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının əri X7 mülkiyyətində olmuşdur. X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mirasın qəbulu ilə əlaqədar vərəsələr arasında, yəni iddiaçı və birinci nikahdan olan övladları X11 vəX12 arasında məhkəmədə mübahisə olmuşdur. Mübahisə tərəflər arasında barışıq sazişinin bağlanması ilə nəticələnmişdir. Barışıq sazişə görə iddiaçı digər vərəsələrə, yəni X8 və X4 15,330 manat məbləğində pul ödəmişdir. Onlar isə öz payından iddiaçının xeyrinə imtina etmişlər.Hazırda ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tam olaraq iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı Pirallahı rayon məhkəməsinin 2(094)-51/2019 saylı qərardadı və Pirallahı rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli məktubu cavabdeh təşkilata təqdim etməklə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar müraciət etmişdir. Lakin, məhkəmə hazırkı iş üzrə cavabdehin üzərinə öhdəlik qoyulmadığını əsas tutaraq ərizəsi təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-299/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 75, mənzil 3-ə X9 1/3 hissə, X10 1/3 hissə və 1/3 hissədə İddiaçı 1/3 hissədə paylarının müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı həyat yoldaşı X5 miras qalmış Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 75 saylı evin, 3 nömrəli mənzilinin 1/3 hissədə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10813/2018 saylı qərardadına əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(094)-299/2018 saylı qətnaməsi iddiaçılar X11 və X4 aid hissədə ləğv edilməsi və iddia ərizəsi onlara aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10813/2018 saylı qətnaməsi və Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(094)-51/2019 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Bu barədə Pirallahı rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, **********904 saylı məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunan səbəblərdən ərizənin icrası təmin olunmamış və vətəndaşa **********97 saylı xx.xx.2019cu il tarixli məktub ünvanlanmışdır. ünvan 3li mənzil X7 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-299/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 75, mənzil 3-ə X6 1/3 hissə, X4 1/3 hissə və İddiaçı 1/3 hissədə payları müəyyən edilmiş, İddiaçı əri X5 miras qalmış Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 75 saylı evin, 3 nömrəli mənzilinin 1/3 hissədə mirasın qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10813/2018 saylı qərardadından görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(094)-299/2018 saylı qətnaməsi iddiaçılar X11 və X4 aid hissədə ləğv edilməsi və iddia ərizəsi onlara aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)-51/2019 saylı qərardadından görünür ki, iddiaçı X2 və X3 üçüncü şəxslər Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi, Xüsusi Notarius Altay Abbasov və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh İddiaçı qarşı "vərəsəlik hüququnun tanınması və miras əmlakdan paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Hər iki tərəf bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. Hər iki tərəf bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. Tərəflər öz aralarında evin ümumi dəyəri 23,000 manat olması barədə razılaşıb və barışıq sazişi bağlanılması yolu ilə həll edilməsindən ötrü aşağıdakı qaydada razılığa gəlirlər. Aşağıdakılar barədə Barışıq Sazişini imzalayırlar: X1 iddiaçılar X11 və X12 öz öhdələrinə götürür: Mübahisə barışıq sazişi bağlanması yolu ilə həll edildiyinə görə 2019-cu ilin avqust ayına kimi 15330 (on beş min üç yüz otuz) manat müqabilində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 75, mənzil 3 olan payından və mənzilə olan istifadə hüququndan (pasport qeydiyyatından) imtina edəcəklər. İddiaçı öz öhdəsinə götürür: İddiaçı 15330 (on beş min üç yüz otuz) manatı 2019-cu ilin avqust ayına kimi iddiaçılar X14 və X3 vəkili və nümayəndəsi X17 verilməsini öhdəsinə götürür. Barışıq sazişi tərəflər imza etdikdən sonra etibarlıdır. Barışıq sazişinin şərtlərinin yerinə yetirilməsi tərəflər üçün məcburidir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(094)- 51/2019 saylı məktubundan görünür ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(094)-51/2019 saylı qərardadı ilə X11 və X12 ilə İddiaçı arasında bağlanmış barışıq müqaviləsində qeyd olunan öhdəliklər yerinə yetirilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının əri X7 mülkiyyətində olmuşdur. O öldükdən sonra onun vərəsələri, yəni arvadı və qızları arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Pirallahı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)-51/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişi ilə tərəflər mübahisəni öz aralarında həll etmişlər. Həmin saziş vərəsələr tərəfindən tam icra edilmişdir. İddiaçı sonradan həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə baxışı zamanı iddia tələbində göstərilən əmlakın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15-ci maddəsində göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Cavabdehin iddia ərizəsinə etirazında göstərdiyi əsaslar isə iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas deyildir, belə ki, miras əmlak cavabdehin öz etirazında göstərdiyi kimi iddiaçı əri X7 mülkiyyətində olmuşdur. Onun ölümündən sonra vərəsələr arasında bağlanmış sazişə əsasən mərhumun qızları X14 və X12 mərhumun arvadı hazırki iş üzrə İddiaçı xeyrinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka olan paylarında imtina etmişlər. Belə olan halda X7 yeganə vərəsəsi kimi miras əmlak da iddiaçıya məxsusdur və həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1-ə dair mülkiyyət hüquqlarını İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci,110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1-ə dair mülkiyyət hüquqlarını İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2535/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2535/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver