Məhkəmə qərarları › İş №2-1(112)-2535/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2535/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2535/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 115 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 115 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2003-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 18,7 kv.metr olan 1 otaqlı 115 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı və oğlu) yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli 61 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 18,7 kv.metr olan 1 otaqlı 115 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, 2 qızı və oğlu) onun adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Şəxsiyyət vəsiqəsindən də görünür ki, o, həmin ünvanda qeydiyyatdadır və həmin mənzildə yaşayır. ünvan 1 ünvanda yerləşən 115 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədlər əlavə edilməklə cavabdehə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Bu imtina qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********20 nömrəli yazılı etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı əmlaka hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

10. İddia həm də əsaslıdır. Belə ki, işdə olan X22 Təmiri İstehsalat Birliyinin xx.xx.1997-ci il tarixdə “X20”nin rəhbərliyinə ünvanladığı ЖБК-12 nömrəli məktubdan görünür ki, Gəmi Təmiri zavodunun işçisi Bəyaliyev Çingiz rəhbərliyə ərizə ilə müraciət edərək onun yaşayış sahəsi ilə təmin olunması məsələsinə baxılmasını xahiş etmiş və bildirmişdir ki, o, 4 nəfər ailə üzvü və Füzuli rayonundan məcburi köçkün olan bacısı və onun ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır. Kirayə qaldığı evin sahibi evi boşaltmağı tələb edir. Hazırda zavodun yataqxanasında boş otaq yoxdur. Göstərilən səbəbləri nəzərə alaraq rəhbərlik və həmkarlar ittifaqı komitəsi İnşaatçılar prospekti, 5 ünvanda yerləşən yataqxanada ona müvəqqəti olaraq boş otağın ayrılmasını xahiş etmişdir. Məktubun üzərində xx.xx.1997-ci il tarixdə “Mümkün olduğu təqdirdə, təmin edilsin” qeydi aparılmışdır.

11. İşdə olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 31 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İnşaatçılar prospekti, ev 5, 115 saylı mənzil 2003-cü ilə kimi Gəmi Təmiri Zavodunun işçisi Bəyaliyev Çingiz öz ailəsi və bacısı İddiaçı ailəsi ilə birlikdə X22 Təmiri İstehsalat Birliyindən MBK-12 saylı, xx.xx.1997-ci il tarixli məktuba əsasən onların istifadəsində olmuşdur. İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə mübahisəli mənzildə 2003-cü il tarixdən bu günə kimi qeydiyyatdadır və yaşayırlar.

12. 157 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 05 saylı məkrubundan isə görünür ki, 115 saylı mənzil Yasamal rayonu, İnşaatçılar pr-ti , 5 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşməklə yaşayış sahəsi 18,7 m2 təşkil edir. Mənzilin kirayəşini X5r. Hazırda bu mənzildə özü və 4 nəfər ailə üzvü pasport qeydiyyatındadır: Özü-X11 – xx.xx.1967 Qızı- X6 – xx.xx.1998 Qızı- X7 – xx.xx.2022 X8 oğlu -xx.xx.2005 X3 oğlu – xx.xx.2011

13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamı ilə “Azərbaycan X20” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 5 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.

14. İşdən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə “Azərbaycan X20” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.

15. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2015-ci il tarixli 13 nömrəli sərəncamından görünür ki:

1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə “Azərbaycan X20” QSC-nin balansında olan daşınmaz dövlət əmlakı balansa qəbul edilmiş;

2. Departamentin nəzdində yaradılmış məişət kommunal təyinatlı obyektlərin təhvil təslim komissiyasına 65 saylı sərəncamın əlavəsində göstərilən siyahı üzrə balansa verilmiş yaşayış binalarının və digər məişət-kommunal təyinatlı obyektlərin təhvil- təslim işləri ilə bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmış;

3. Azərbaycan Xəzər Dəniz X14 Cəmiyyətinin balansından qəbul edilən məişət kommunal təyinatlı obyektlər (yaşayış binaları, yataqxanalar) həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş;

4. Balansa qəbul edilən mənzil fondunun mövcud texniki normalara uyğun istismarının təşkil edilməsi və sakinlərə mənzil–kommunal xidmətlərin göstərilməsi məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində 3, 154, 157, 158,159 saylı mənzil-kommunal istismar sahələri yaradılmış;

5. Həmin sərəncamın 2 saylı Əlavəsinə uyğun olaraq mənzil fondu (yaşayış binaları, yataqxanalar) istismar edilməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş;

6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yartaqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinin orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirilməyə hazırlanması məqsədilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır.

16. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli 61 saylı sərəncamından görünür ki, iddiaçının 2003-cü ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 18,7 kv.metr olan 1 otaqlı 115 saylı mənzilində yaşaması nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 18,7 kv.metr olan 1 otaqlı 115 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmış, qeyd olunan mənzilə iddiaçının adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. ünvan 1, 115 nömrəli mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.

18. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 2219/d nömrəli, 05 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 115 saylı mənzil Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mənzil fonduna aiddir. X1 Yasamal rayon İcra Hakimiyyətində hər hansı mənzil növbəsində olması barədə məlumat aşkar olunmamışdır.

19. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçı 1997-ci ildə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin 115 saylı mənzili ilə təmin olunmuş, 2003-cü ildə yaşadığı həmin mənzil üzrə qeydiyyata alınmış, həmin mənzilin yerləşdiyi bina 2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmiş, iddiaçı balanssaxlayıcıya müraciət etmiş, balanssaxlayıcı da iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi barədə qərar qəbul etmişdir.

20. İddiaçı hazırda həmin mənzilə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir.

21. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

23. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

24. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir.

25. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçıya 1997-ci il tarixdə verildiyini nəzərə almamışdır.

26. İddiaçıya mübahisəli mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

27. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək iddiaçının mənzilin icarədarı olması barədə qərar olmasa da, iddiaçının 1997-ci ildən həmin mənzilə köçürülməsi, mənzildə təsərrüfat aparması iş materialları ilə təsdiq olunur. Bu isə iddiaçının icarədarla eyni hüquqlara, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir.

28. Məhkəmə onu qeyd edir ki, mübahisəli mənzil iddiaçıya verilərkən müvafiq qərarın qəbul edilməməsi, yalnız məktub vasitəsilə şəxsin mənzillə təmin olunması, yəni iddiaçıya müvafiq mənzil sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi onun təqsiri ucbatından olmamışdır. X22 Təmiri İstehsalat Birliyinin xx.xx.1997-ci il tarixli məktubu əsasında iddiaçıya müvafiq mənzilin ayrılması, onun 20 ildən artıq həmin mənzildə yaşamaqla ondan istifadə etməsi, bu müddətdə həmin mənzildə yaşaması ilə bağlı hər hansı etirazın daxil olmaması iş materialları ilə tam təsdiq olunur. Məhz buna görə də mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçdikdən sonra faktiki yaşayan şəxs kimi iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilmişdir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinin tələblərini nəzərə alır. Həmin maddəyə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

30. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Çünki iddiaçının mübahisəli mənzilə istifadə hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, xx.xx.2019-cu il tarixli sərəncam həmin hüququn yeni balanssaxlayıcı tərəfindən təsdiqindən ibarət olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır.

31. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin yaşayış sahəsi 18,7 kv.metr olan 1 otaqlı 115 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar