Məhkəmə qərarları › İş №2-1(112)-2536/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2536/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2536/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasına qarşı “şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi- Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 2015-ci il tarixdə SHXÇDX-nın Şəki rayon şöbəsi tərəfindən müddətdən artıq hərbi xidmətə çağırılmış və N saylı hərbi hissədə kiçik çavuş kimi xidmətə başlamışdır. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında HHK-nın müayinəsi zamanı onda “insanın immun çatışmazlığı virusu” aşkar olunmuşdur. 05 avqust 2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və ona “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyularaq “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və həmin xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “ümumi xəstəlikdir” kimi göstərilmişdir. Aşkar olunan xəstəliyin (insanın immun çatışmazlığı virusu) səbəb əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Ona təqdim edilmiş 9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, 2015-ci ilin 26 fevral tarixində hərbi xidmətə çağırılmış, xəstəlik isə onda 2022-ci ilin iyul ayının 15-də, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2015-ci ilin 26 fevral tarixində, o, hərbi xidmətə göndərilərkən həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adı çəkilən xəstəliyin əlamətləri onda aşkar olunmamışdır. Deməli, bu xəstəlik onda hərbi xidmət dövründə qazanılmışdır. 9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə 2022-ci ilin sentyabr ayında cavabdehə ərizə ilə müraciət etsə də, müraciətinə 1938 saylı xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin imtinası tam əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən iddiaçının müraciətinə cavab olaraq 1938 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona aid sənədlər Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim edilmişdir. Ona aid tibbi sənədlər (9561 saylı xəstəlik haqqında şəhadətnamə) araşdırıldıqdan sonra “insanın immun çatışmazlığı virusu ilə yoluxma. İ (birinci) dərəcəli dişləm anomaliyası: dişlərarası məsafə 3 mm.” diaqnozu və “ümumi xəstəlikdir” və “hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,5 D nəticəsində görmə itiliyinin 0,5-ə qədar azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu və “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Əsas: Xəstəliklər cədvəlinin 5b maddəsinin İİİ qrafası və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, SHXÇDX-nın Şəki rayon şöbəsi tərəfindən 2015-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5 “b” maddəsinin İİİ qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı 29 02.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.8-ci bəndinə əsasən “şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. Xəstəlik ilk dəfə İddiaçı xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə zamanı aşkar edilmişdir. Həmin tarixdə, o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və daimi qeydiyyata götürülmüşdür. SHXÇDX-nin Abşeron rayon şöbəsinin 957 saylı xx.xx.2021-ci il tarixli göndərişi ilə Müdafiə Nazirliyi MHP-da tibbi şəhadətləndirilmiş, SQ BKH-da infeksionisti tərəfindən konsultasiya olunmuşdur. İddiaçı aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim-mütəxəssisı-terapevti tərəfindən araşdırılmış və P.Nurəddınovda yoluxma olduğu nəzərə alınmış və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasının qərarı Müdafiə Nazirliyi MHHK-sı tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu N saylı hərbi hissədə qeydiyyatdadır. N saylı hərbi hissə tərəfindən İddiaçı barəsində tərtib edilmiş AD seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli şəxsi vəsiqədən görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2016-cı ildə N saylı hərbi hissənin operator-radiometrçisi təyin edilmişdir və ona xx.xx.2018-ci il tarixdə kiçik çavuş hərbi rütbəsi verilmişdir. 9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin N saylı xx.xx.2022-ci il tarixli göndərişi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2015-ci il tarixdən Silahlı Qüvvələrdədir. Hərbi rütbəsi – MAHHXHQ kiçik çavuş; Hərbi-uçot ixtisası – rabitəçi; Hərbi hissəsi – 654. SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi-Həkim Komissiyasının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında qərarına əsasən İddiaçı “insanın immun çatışmazlığı virusu ilə yoluxma. İ (birinci) dərəcəli dişlərin anomaliyası: dişlərarası məsafə 3 mm.” diaqnozu və “ümumi xəstəlikdir” və “hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,5 D nəticəsində görmə itiliyinin 0,5-ə qədar azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu və “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Xəstəliklər cədvəlinin 5b maddəsinin İİİ qrafası və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. N saylı hərbi hissənin gözətçi gəmiləri divizionunun kiçik gözətçi gəmisinin (g127) radiotexnika xidmətinin operator-radiometirçisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2015-ci ildən xidmət edən MAHHXHQ kiçik çavuş İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, o, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi müsbət tərəfdən göstərmişdir. Vəzifə borclarının öhdəsindən bacarıqla gəlir. İxtisas üzrə bilik səviyyəsinin artırılması üzərində daim çalışır. Hərbi texnikadan istifadə etməyi bacarır. Qarşısında qoyulan tapşırıqları dəqiq, vaxtında və keyfiyyətlə yerinə yetirir. Məsuliyyət hissi yüksəkdir. Özünə qarşı tələbkardır. Tənqidə düzgün yanaşır. Kollektivdə hörmətə malikdir. Hərbi nəzakət və davranış qabiliyyəti yaxşıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrin tələblərini bilir və xidmətdə tətbiq etməyi bacarır. Sıra hazırlığı yaxşıdır, xarici görkəmi səliqəlidir, idmanı sevir, fiziki cəhətdən hazırlıqlıdır. Dövlət sirrini qorumağı bacarır. 2015-ci ilin fevral ayında Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış, hal-hazırda N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ kiçik çavuş İddiaçı təqdim edilmiş tibbi xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu MAHHXHQ kiçik çavuş İddiaçı xidmət etdiyi müddət ərzində N nömrəli hərbi hissənin tibb məntəqəsində və N nömrəli hərbi hissənin poliklinikasında nəzarətdə olmuşdur. Müxtəlif vaxtlarda fərqli diaqnozlarla ambulator müayinədə olmuşdur.xx.xx.2022-ci ıl tarixdə Dəniz Piyada kursunda iştirak etmək məqsədi ilə hərbi həkim komissiyasından keçən zaman “QİÇS” diaqnozu aşkar edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının laboratoriya bölməsinin immunoloji laboratoriyasının İddiaçı müayinəsi barədə 5167 saylı analiz vərəqindən görünür ki, onda “anti – HİV – ELİSA” müayinəsinin nəticəsi pozitiv müəyyən edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin İddiaçı müayinəsi barədə vərəqindən görünür ki, o, Mərkəzə xx.xx.2022-ci il tarixdən daimi qeydiyyata götürülmüşdür. “İFA İİ” müayinəsinin xx.xx.2022-ci il tarixli nəticəsi “0,272/3,203/3,210” və “0,272/3,192/3,230”; “Lues” müayinəsinin xx.xx.2022-ci il tarixli nəticəsi “mənfi”; “Hepatit B” müayinəsinin xx.xx.2022-ci il tarixli nəticəsi “mənfi”; “Hepatit C” müayinəsinin xx.xx.2022-ci il tarixli nəticəsi “mənfi”; “İmmunoblot” müayinəsinin xx.xx.2022-ci il tarixli nəticəsi isə “gp: 120,41 p:31,24,17” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2524 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı 2022-ci ilin ilk 6 ayı ərzində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı təqdim edilmiş 16448 saylı arayışa əsasən hərbi rütbəsi – MAHHXHQ kiçik çavuş; Hərbi hissəsi – 654. SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən 2015-ci ildə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). N saylı hərbi hissə komandirinin N saylı xx.xx.2021-ci il tarixli göndərişi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə şəhadətləndirilmişdir. Qısa anamnezi – N saylı hərbi hissə komandiri tərəfindən xüsusi təyinatlı hissələrdə xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi-Həkim Komissiyasının “Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında” Qərarından görünür ki, “hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,5 D nəticəsində görmə itiliyinin 0,5-ə qədar azalması, korreksiya ilə 1,0 olmaqla”, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “36, 46cı dişlərinin olmaması”, “ümumi xəstəlikdir”, “xüsusi təyinatlı hissələrdə xidmətə yararlıdır” olaraq müəyyən edilmişdir. Xəstəliklər cədvəlinin --- maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Xüsusi təyinatlı hissələrdə xidmətə yararlıdır”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan İnzibati İcraat Haqqında qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulduğu kimi onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Eyni zamanda məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. İddia düzgün cavabdehə qarşı qaldırılmışdır, iddiaçının iddianı qaldırmaqda subyektiv hüququ var. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İşin hallarından da göründüyü kimi, iddiaçı 2015-ci ildən müddətdən artıq hərbi xidmətdə olmuşdur. “İnsanın immun çatışmazlığı virusu” ilə yoluxma xəstəliyi onda ilk dəfə iddiaçıda xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə zamanı aşkar edilmişdir. İddiaçının həmin virusa yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə şəhadətləndirilərkən iddiaçıda “insanın immun çatışmazlığı virusu” ilə yoluxma müəyyən edilməmiş və o, xüsusi təyinatlı hissələrdə xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədən: 1.2 Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunların və orqanların uçuş heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan uçuş heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və bu hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşlar tabeliyində aviasiya bölmələri olan orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilən «Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq həkim-uçuş komissiyalarında şəhadətləndirilirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». — ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. — e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Məhkəmə hesab edir ki, iddiaçıda aşkar olunmuş xəstəlik onun hərbi xidmətdə olduğu dövrdə yarandığının müəyyən edilməsi xəstəliyin səbəbli əlaqəsinin “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilməli olması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsində “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 9561 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsində “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə göstərilən xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar