Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2537/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİİ qrup Qarabağ qazisi İddiaçı mənzil növbəsinə götürülməsinə dair öhdəliyin Suraxanı İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İİ Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, yaralanmış və medallarla təltif olunmuşdur. İİİ qrup Qarabağ qazisidir. Hal-hazırda Respublika psixatiriya xəstəxanasında müalicə olunuram. Güzəştli şərtlərlə ona ev verilməsi üçün tələb olunan mənzil növbəsində olması barədə sərəncam almaq üçün Suraxanı İH-nə etdiyi müraciətə xx.xx.2023-cü il cavabı ilə imtina verilmişdir. Bir Qarabağ qazisi kimi hüquqları pozulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2023-cü il tarixli, 5-20/2-2562/2023 nömrəli yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatı olmadığından yuxarıda göstərilən qaydalara əsasən iddia tələbinin təmin edilməməsinə dair qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı qiymətləndirmə tarixi: xx.xx.2021, təyinat tarixi: xx.xx.2021, diaqnoz: psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, anemnezində patlayış travması və qıcolma tutmaları kəskin ifadəli asteno-nevrotik sindrom hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, kürək, bel nahiyyəsinin çoxsaylı korqəlpə yaraları kürək nahiyyəsində olan qəlpənin xaric edilməsindən sonrakı vəziyyət, bel nahiyyəsinin çoxsaylı yad cismi, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2026, əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********85 nömrəli məktubunda bildirilmişdir ki, X9, X6, X15, X2, Məlikov imran Xeyrulla oğlunun, X7, X10, Məlikov Ruslan imran oğlunun, X11 və Məlikov Yusif imran oğlunun adına Lerik rayonu, Kuman kəndində yerləşən 0.39 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-028A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X9, X6, X3 X15, qızının, X1 adına Lerik rayonu, Kuman kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0034 nömrəli xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sorğuda qeyd olunan İddiaçı adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 35406/23 nömrəli məktubu ilə İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlərin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə 4 saylı Baklı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə ünvanladığı məktubunda ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 20B/1 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 31/-46 nömrəli arayışında qeyd edilmişdir ki, Verilir İddiaçı ondan ötrü ki, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər şirkətdə günəmuzd işçi kimi çalışmışdır. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsi N.Nərimanov adına 128N məktəbin 24 yanvar 2024-cü il tarixli, 15 nömrəli arayışında qeyd edilmişdir ki, verilir həmin arayış İddiaçı ondan ötrü ki, o həqiqətən 2007/2008-ci tədris ilində N.Nərimanov adma 128№-li tam orta məktəbin İV sinfinə daxil olub və 2012/2013-cü tədris ilində İX sinfi bitirmişdir. Lakin imtahanda iştirak etmədiyindən şəhadətnamə almamışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1997-ci il tarixli İddiaçı xx.xx.2013-cü ildən özü və ailəsi poliklinikada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında xx.xx.2015-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə X9 adına **********002 kodlu qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Elektrikşəbəkə ASC-nin xx.xx.2002-ci il tarixli, 139805 nömrəli Aktından görünür ki, Albalı bağlarında **********30006 nömrəli abonent kodlu sayğac X9 adına quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü vət. X5 qəsəbəsi, Xanlar y/m, ö/t üzrə xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə kimi Sabunçu rayon Polis İdarəsi tərəfindən müvəqqəti qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-M-168/2-068/2t/1/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə qəbul olunmağınıza köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Nəzərinizə çatdırırıq ki, ünvan 4 ünvana xx.xx.2023-cü il tarixdən qeydiyyata alındığınızdan və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatınız olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2. maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinizin təmin edilməsi səlahiyyətlərimiz xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2026-cı il tarixədək üçüncü dərəcə əlildir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, dami qeydiyyatda olduğu Suraxanı rayon İcra Hakimiyyətinə yaşayış yeri üzrə uçota alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsaslanaraq iddiaçının Bakı şəhəri ərazisində xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmaqla son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatın olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinası ilə razılaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. İşin hallarından görünür ki, cavabdeh iddiaçının mənzil növbəliyinə qəbuldan imtina edərkən onun Bakı şəhəri ərazisində daimi yaşamasını onun pasport qeydiyyatı ilə əlaəqləndirmiş və iddiaçının pasport qeydiyyatının 2023-cü il tarixdən Bakı şəhərində olduğunu müəyyən etməklə sonuncunun həmin tarixdən Bakı şəhəri ərazisində faktiki yaşamağa başladığı qənaətinə gəlmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçının pasport qeydiyyatı 2023-cü ildən Bakı şəhəri olsa da Bakı şəhəri ərazisində daimi yaşaması 5 ildən çoxdur. Belə ki, iş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı atası X17, anası X8, qardaşı X21 və bacısı X12 ilə birlikdə Bakı şəhəri ərazisində məskunlaşmış, iddiaçı 2007-2013-cü illərdə Bakı şəhəri, N.Nərimaov adına 128 nömrəli tam orta məktəbində təhsil alaraq 9-cu sinfini bitirmiş, xx.xx.2017-xx.xx.2018-ci illərdə Bakı şəhərində "xxxx" MMC-də günəmuzd çalışmış, özü və ailəsi xx.xx.2013-cü il tarixdən Bakı şəhəri 21 nömrəli şəhər poliklinikasında qeydiyyata alınmış, eləcə də Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən özbaşına tikildə faktiki yaşamaqla rayon Polis İdarəsi tərəfindən müvəqqəti qeydiyyata götürülmüş, yaşadıqları fərdi yaşayış evinin qaz və elektrik sayğcaları ən geci 2015-ci il tarixdən iddiaçının atası X9 adına quraşdırılmışdır. Hazırkı halda iddiaçının adına respublika ərazisində hər hansı əmlaka olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Beləliklə, iddiaçının Bakı şəhəri ərazisində faktiki və daimi yaşadığı sübut olunduğundan onun Bakı şəhərində qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Cavabdeh daimi yaşama ilə bağlı işin yuxarıda qeyd edilən hallarını, eləcə də Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq -qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşların uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, həm də digər yer üzrə verə bilmə hüququnun mövcudluğunu nəzərə almadan iddiaçını Bakı şəhəridnə qeydiyyatda olduğu rayon üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina etməkdə haqlı olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İİİ dərəcə müharibə əlili İddiaçı mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü, İİİ dərəcə müharibə əlili İddiaçı mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2537/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2537/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver