Məhkəmə qərarları › İş №2-1(112)-2538/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2538/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2538/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “ayrıca ünvan, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan hissəsinə ayrıca çıxarış, texniki pasport və ünvan verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı 17 iyul 2009-cu il tarixli çıxarışla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı və qardaşı oğlu X6 ümumi birgə mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1872/2021 saylı 19 aprel 2021- ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 412,96 kv.metr olan fərdi yaşayış evininə bərabər paylarla ½ hissəsəinə, digər ½ hissəsinə isə X6 mülkiyyət hüquqları tanınmışdır. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli çıxarışla həmin yaşayış evinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə qardaşı oğlu X6 mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-289/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 412,96 kv.metr olan fərdi yaşayış evi barəbər hissədə naturada qardaşı oğlu X8 ilə aralarında bölünmüşdür. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün 05 may 2022-ci il tarixli 2(011 )-289/2022 saylı icra vərəqi Xətai rayon İcra Şöbəsinin 03 oktyabr 2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsnə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 06 yanvar 2023-cü il tarixli məktubunda icarə vərəqi ilə idarənin üzərinə öhdəlik qoyulmamasını, mütəxəssislər tərəfindən yoxlama-ölçü işləri aparılan zaman torpaq sahəsinin qonşu ilə bölünən hissəsinə baxış keçirilməsinin mümkün olmamasını, fərdi yaşayış evinin eyni dam altında olmasını və texniki pasportda perimetrik ölçü fərqi olmasını bəhanə edərək qərarın icrasından imtina etmişdir. Fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan hissəsinə ayrıca çıxarış, ünvan və texniki pasport verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Flüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 07 aprel 2023-cü il, 21 iyun 2023-cü il 06 iyul 2023-cü il tarixli müraciətlərin icrasına 21 və 24 iyun 2023-cü il tarixli məktublarla təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünə bölünməli olmayan əşyalar bölünməz sayılmır, 25 avqust 2023-cü il tarixli məktubla daşınmaz əmlakın naturada ayrılması ilə bağlı hissədə icra tədbirlərinin həyata keçirilməsi idarənin səlahiyyətinə aid olmaması bəhanələri ilə imtina olunmuşdur. Ərizənin icra edilməsindən imtina əsassızdır. Belə ki, 2(011)- 289/2022 saylı mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş və işə əlavə olunmuş tikinti-texniki ekspertizanın 18 mart 2022-ci il tarixli 10/6432 saylı rəyi ilə ünvan 3 saylı fərdi yaşayış evinin mülkiyyətçilər İddiaçı və X6 paylarına uyğun real bölgüsünün, tikilinin faktiki olaraq bölünmüş vəziyyətdə olmasına, tərəflərin mülkiyyətində olan hissələrin **********-10301 reyestr nömrəli çıxarışda qeyd edilməsinə və İnşaat Norma və Qaydalarının 2.08.89, 1.1,2.2, 2.4-cü bəndlərində qeyd olunan bölgü qaydalarına uyğun olmasına görə mümkün olması müəyyən olunmuşdur. DƏDRX tərəfindən ayrıca ünvan, çıxarış və texniki pasport verilməsinə imtina etməsindən belə bir məntiqi nəticə çıxır ki, yüksəkmərtəbəli evlərdə də eyni dam altında olan mənzillərə ayrılıqda çıxarış və ünvan verilə bilməz. Halbuki bu çıxarışlar və ünvanlar bir qayda olaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14179/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********57 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1872/2021 nömrəli qətnaməsinə əsasən qeyd olunan ünvanda yerləşən və ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin üzərində iddiaçının və X6 1/2 hissədə paylı mülkiyyət hüququnun tanınması qət olunmuşdur. Məhkəmə qərarı icra olunaraq daşınmaz əmlak üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmış və bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bir dam altında olan vahid tikili olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-289/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutularaq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin naturada ayrılmış 206.48 kv.m hissəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmaqla və yeni ünvan verilməklə reyestrdən çıxarış, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Xətai Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1872/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı və cavabdeh X6 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan, 0,02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 242,56 kv.m yaşayış, 115,4 kv.m qeyri-yaşayış (yarımzirzəmi, mansard), 170,4 kv.m köməkçi sahədən ibarət 38/1 saylı evin üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, (ikidə bir) payı üzərində İddiaçı, (ikidə bir) payı üzərində cavabdeh X6 mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 289/2022 saylı mülki iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6432 nömrəli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan tikilinin mülkiyyətçilərinin (Hümmətov X1, X6) paylarına uyğun real bölgüsünün mümkün olduğu müəyyən olunur. Belə ki, mübahisə predmeti olan tikilinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğu və tərəflərin istifadəsində olan hissələrin mülki iş materiallarında olan **********-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan paylara və İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4 bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında qeyd olunan bölgü qaydalarına uyğun olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Xətai Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-289/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən, tərəflər arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m. ümümi sahədən ibarət 38/1 saylı fərdi yaşayış evinjn iddiaçının istifadəsində olan 206.48 kv.m. sahədən ibarət yaşayış sahəsi İddiaçı mülkiyyətinə və cavabdehin istifadəsində olan 206.48 kv.m sahədən ibarət yaşayış sahəsi cavabdeh X6 mülkiyyətinə verilməklə naturada ayrılması qət edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-38565/2023 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Xidmətinin Qetdiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən ******* nömrəli, MH seriyalı çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 242.56 kv.m yaşayış, 115.4 qeyri-yaşayış, 170.4 kv.m köməkçi sahədən ibarət 38/1 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 10466 nömrəli vərəqində xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Xidmətinin Qetdiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 412,96 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə, 0.0257 kv.m torpaq sahəsi istifadə hüququ ilə İddiaçı və X6 hər birinə ½ hissə olmaqla xx.xx.2021-ci il tarixində, ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-7964/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixli texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 256.8 kv.m olsa da, faktiki olaraq 714.0 kv. m təşkil edir.Torpaq sahəsinin üzərində ümumi sahəsi 412.96 kv.m olan yaşayış evi mövcuddur. Sözügedən 256.8 kv.m torpaq sahəsi və üzərində yerləşən 412.96 kv.m olan yaşayış evi 01**********-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla), X6 (1/2 hissə olmaqla) adına qeydiyyatdan keçmişdir. Hüquq sahibləri arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam altında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-15074/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixli texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 256.8 kv.m olsa da, faktiki olaraq 714.0 kv. m təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 412.96 kv.m olan yaşayış evi mövcuddur. Sözügedən 256.8 kv.m torpaq sahəsi və üzərində yerləşən 412.96 kv.m olan yaşayış evi 01**********-10301 reyestr nömrəsi ilə İddiaçı (1/2 hissə olmaqla), X6 (1/2 hissə olmaqla) adına qeydiyyatdan keçmişdir. Hüquq sahibləri arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam altında yerləşir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-ci il tarixli 3-21-3-02/2/2-H-0130-8/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 1872/2021 nömrəli qətnaməsinə əsasən qeyd olunan ünvanda yerləşən və ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin üzərində sizin və X9iunun 1/2 hissədə paylı mülkiyyət hüququnuzun tanınması qət olunmuşdur. Məhkəmə qərarı icra olunaraq daşınmaz əmlak üzərində paylı mülkiyyət hüququnuz qeydiyyata alınmış və bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-289/2022 nömrəli qətnaməsinə əsasən həmin daşınmaz əmlakın naturada ayrılması qət edilmişdir. Bununla əlaqədar bildiririk ki, daşınmaz əmlakın naturada ayrılması ilə bağlı hissədə icra tədbirlərinin həyata keçirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olaraq evin ona aid hissəsinə dair mülkiyyət hüququnun yeni ünvan göstəricisi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. Cavabdeh fərdi yaşayış evinin paylı mülkiyyətdə, bir dam altında olan vahid tikili olduğu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən, 0.02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 242.56 kv.m yaşayış, 115.4 qeyri-yaşayış, 170.4 kv.m köməkçi sahədən ibarət 38/1 nömrəli fərdi yaşayış evi ilkin olaraq ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və X6 mülkiyyətində olmuş, Bakı Şəhər Xətai Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1872/2021 nömrəli qətnaməsinə əsasən fərdi yaşayış evi üzərində İddiaçı və X6 payları hər birinə ikidə bir pay olmaqla müəyyənləşmiş, daha sonra paylı mülkiyyətçi İddiaçı X7 qarşı iddia qaldıraraq payının naturada ayrılmasını mübahisələndirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-289/2022 nömrəli mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin Hümmətov X4 və X6 paylarına uyğun real bölgüsünün mümkün olduğu, tikilinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğu və tərəflərin istifadəsində olan hissələrin paylara və İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4 bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında qeyd olunan bölgü qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyinə əsaslanaraq Bakı şəhər Xətai Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-289/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən, tərəflər arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m. ümümi sahədən ibarət 38/1 saylı fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 206.48 kv.m. sahədən ibarət yaşayış sahəsi İddiaçı mülkiyyətinə və cavabdehin istifadəsində olan 206.48 kv.m sahədən ibarət yaşayış sahəsi cavabdeh X6 mülkiyyətinə verilməklə naturada ayrılması qət edilmişdir. Sözügedən mülki iş üzrə əmlakın digər payçısı (hazırkı üçüncü şəxs) qətnamə ilə razılaşmış, mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməni də ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları aktlar məcburi hüquqi qüvvəyə malikdir, qətnamə ilə öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Mübahisəli əmlaka dair mülki iş üzrə əldə edilmiş ekspert rəyi, hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktı, fərdi yaşayış evinin xx.xx.2009-cu il tarixli texniki pasportunda tikilinin mərtəbə planı, təqdim edilmiş fotoşəkillərdən müəyyən olunur ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin hər birinin ayrı-arılıqda giriş-çıxış qapıları, həyətyanı sahəni ayıran sərhəd hasarı mövcuddur. Fərdi yaşayış evinin texniki pasportundan da əmlakın iki yerə bölündüyü, evin payları ayıran müstəqil divarlarının olduğu, divarlar arasında məsafə olmaqla divarların birbirindən təcrid olduğu, vahid yükgötürən divarın olmadığı adi gözlə müşahidə olunur. Xüsusən də qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən, tərəflər arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m olan fərdi yaşayış evinin hər bir paylı mülkiyyətçinin paylarına uyğun 206.48 kv. olmaqla naturada ayrılması qət edilmişdir. Beləliklə, tərəflərin paylarının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin iddiçının tələbinə uyğun olaraq daşınmaz əmlakı dövlət reyetsrində qeydə almaqla ayrıca çıxarış, texniki pasport və ünvan verilməsindən imtina edilməsinə əsas ola biləcək qanunla sadalanan hallar mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 saylı fərdi yaşayış evindən naturada ayrılmış 206.48 kv.m hissəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 saylı fərdi yaşayış evindən naturada ayrılmış 206.48 kv.m hissəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar