Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2539/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsiz şəxslər üçün nəzərdə tutulmuş 760 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bundan sonra yenidən işsiz şəxslərə birdəfəlik ödəmə təyin edilərsə, ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz vətəndaşlar üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəməni almaq məqsədi ilə işsiz statusu almaq üçün 17.04.2020-ci il tarixində e-sosial.az internet portalındakı müraciət bölməsi vasitəsi ilə elektron müraciət etmiş və 19.04.2020-ci il tarixində Azərbaycan Respüblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmışdır. Sonradan onun mobil telefonuna göndərilən mesajda (sms) aztəminatlılıq meyarına uyğun gəlməməyi səbəb göstərilərək ona 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab etdiyindən, bundan sonra o, 190 manat birdəfəlik ödəmənin təyin edilməsi tələbi ilə bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazaraq müraciət etmişdir. Həmin müraciətlərinə Xaçmaz rayon Məşğulluq Mərkəzində baxılaraq ona ünvanlanmış cavab məktublarında aztəminatlılıq meyarına uyğun gəlməməsi əsas gətirilərərək ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmiş və ona iş axtarmaq təklif edilmişdir. Həmin məktublara qoşma olaraq aztəminatlılıq meyarları haqqında məlumat göndərilmişdir. Çox təəssüf ki, o, həmin dövrdə işləyə bilməzdi. Çünki tənha anadır və baxçalar fəaliyyət göstərmədiyindən 2 yaşlı övladını evdə tək qoya bilməzdi. Hətta baxçalar fəaliyyət göstərsəydi belə övladını ora yerləşdirməsi düzgün olmazdı. Çünki övladı xəstədir, ona vaxtlı-vaxtında dərmanlarını verməlidir. Həmçinin özü görmə qüsurludur, buna baxmayaraq, pensiya və ya müavinət almır. Hesab edir ki, qeyd olunan əsasla imtina qanunsuz və əsassızdır. 2-ci iddia tələbi 3 noyabr 2020-ci il tarixindən sonra təyin edilən birdəfəlik ödəmələri özündə ehtiva edir. Bu ödəmələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2020-ci il tarixli 444 nömrəli və 23 dekabr 2020-ci il tarixli 506 nömrəli qərarları ilə tənzimlənir və hər iki halda Xaçmaz şəhərinə şamil edilir. 2-ci iddia tələbi üzrə ona əlavə olaraq 380 manat ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehi nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının İİ hissəsinin (işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqaməti) 4-cü hissəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Tədbirlər Planının İİ hissəsinin 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”na uyğun olaraq birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan aşağıdakı şəxslərə ödənilir: 1) 2020-ci il 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MASda) işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. MEİS-dən alınmış məlumata əsasən, şəxs indiki dövrədək ümumiyyətlə əmək münasibətlərində olmamışdır, eyni zamanda iddia ərizəsində də qeyd etdiyi kimi, himayəsində 2 azyaşlı övladı, həmçinin görmə qüsuru olduğundan işləyə bilməz. İddiaçının uzun müddət faktiki işsiz olduğuna baxmayaraq, MAS-da yalnız pandemiya dövründə (19.04.2020-ci il tarixində) qeydiyyata alınmışdır, onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. İddiaçı MASda bir il müddətində qeydiyyatdadır, o, yalnız passiv məşğulluq tədbiri üçün müraciət etmiş, X3 tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün təklif edilən bir sıra aktiv məşğulluq tədbirlərinə (özünüməşğulluq, peşə hazırlığı, sosial iş yerləri və d.) müraciət etməmişdir. İddiaçı iqtisadi qeyri-fəal əhali sırasına daxildir (iqtisadi qeyri-fəal əhali dedikdə - məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslər başa düşülür), işləməyə hazır deyildir və beləliklə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz şəxs hesab edilə bilməz. Birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. İddiaçı qeyd olunan Tədbirlər Planı və Qaydalarla müəyyən edilmiş pandemiya dövrünün mənfi təsirindən zərərçəkən işsizlər sırasına aid olmadığından, habelə işsiz şəxs hesab edilmədiyindən onun birdəfəlik ödəmənin almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə məhkəmə baxışı iclasında baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Xaçmaz rayon Məşğulluq Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 17.06.2020-ci il tarixli **********1 saylı məktubda qeyd edilir: Sizin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xaçmaz rayon Məşğulluq Mərkəzində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. Siz 19.04.2020 tarixli müraciətiniz əsasında işsiz kimi qeydiyyata alınmısınız. Əlavə araşdırmalar nəticəsində aztəminatlılıq meyarına uyğun gəlməməsi səbəbi ilə Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Şəxsin özünün gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən istifadə edilməklə işsiz şəxslərə verilən 190 manat birdəfəlik ödəmənin alınması üçün müraciət edilmiş ayda əldə olunmuş gəlirlər nəzərə alınır (aztəminatlılıq meyarlarına aid olan gəlirlər, xərclər və aktivlər qoşmada qeyd olunmuşdur). Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatda olduğunuzu nəzərə alaraq “Məşğulluq haqqında” Qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda DOST İş mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər Sizə təklif olunur. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı 17.04.2020-ci il tarixdə online müraciət etmiş, 19.04.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyata alınmışdır. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından 04.05.2020-ci il tarixdə İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, o, aztəminatlıq meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; 1.1.7-ci maddəsinə əsasən işaxtaran - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir; 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 17.04.2020-ci il tarixdə online müraciət etmiş, 19.04.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı 01.04.2020-ci ilədək işsiz kimi qeydiyyata alınmamışdır, pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar sosial müdafiəyə ehtiyacı olan işsiz şəxs hesab edilmir, eyni zamanda işsiz kimi qeydiyyata alınması üçün müraciət etməsi isə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işindən məhrum olması ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir və birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2539/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2539/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver