Məhkəmə qərarları › İş №2-1(112)-2540/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2540/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2540/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (DSMF-nun Məhkəmə Mübahisələri ilə iş İdarəsinin məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Nizami rayon şöbəsinə qarşı əvvəlki müddət üçün sosial müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən, yəni xx.xx.2001-ci il tarixindən xx.xx.2019-cu il tarixə qədər ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən də Naxçıvan MR-nın Sədərək rayonunun sərhədlərində 1990-1992-ci illərdə iştirakına görə hərbi biletində aparılan qeydlər əsasında xx.xx.2001-ci tarixində ona müharibə veteranı iştirakçısı vəsiqəsi verilmişdir.Buna əsasən o, xx.xx.2019-cu il tarixində cavabdehə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müavinətlərin verilməsini xahiş etmiş və nəticədə cavabdeh ona 2019-cu ildən aprel ayının 1-dən müavinətlərin verilməsi haqqında sərəncam vermiş və o, həmin müəvinətləri alır.Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasına əsasən Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.Həmin Qanunun 4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müharibə iştirakçısı müraciət etdiyi vaxtdan asıl olmayaraq həmin müavinətlər əvvəlki illər üçün də nəzərdə tutulmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müavinət almaq üçün müraciət edildikdə həmin müavinət əvvəlki dövr üçün 3 ildən çox olmamaqla onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “müharibə veteranı” adı və vəsiqəsi hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında müvafiq orqan tərəfindən yaradılmış komissiyanın qərarı əsasında verilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər də veteran vəsiqəsi təqdim edildikdə verilir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı və xx xxxxx 2019-cu il Fərmanı ilə həmin müavinətlər ləğv olunaraq təqaüdlə əvəz olunmuş və xx xxxxx 2019-cu il tarixdən tez olmayaraq həmin təqaüdü almaq hüququ yaranan gündən təyinatı və ödənişi həyata keçirilir. xx xxxxxx 2020-ci il tarixli, 2-1(82)-2540/2020 saylı qərara əsasən İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi xx xxxxxx 2001-ci il tarixdə verilmişdir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə təqaüd təyin olunması üçün şöbəyə müraciət etmiş və komissiyanın xx.xx.2019-cu il tarixli, 2510 saylı qərarı ilə ona xx.xx.2019-cu il tarixdən təqaüd təyin olunmuşdur və ödənilir. Cavabdeh sonradan iddiaya dair verilmiş etiraza əlavəni təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Fondun Nizami rayon şöbəsinə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən müavinət təyin edilməsini xahiş etmişdir. Fondun Nizami rayon şöbəsi vətəndaşa xx.xx.2019-cu il tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Digər tərəfdən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəası iddiaçının 18 illik müavinətin ödənilməsi tələbini istisna edir. Belə ki, vətəndaşın hüququ yarandığı dövrdən müraciət etməməsi və 18 il keçdikdən sonra bu müavinətin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyması sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnun pozulmasına gətirib çıxarır. Həmçinin, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində məhz veteranlar barəsində dövlət siyasətinin qurulduğu əsaslar sırasında sosial və hüquqi müdafiənin təmin edilməsi; əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacaqa təminat verilməsi: fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması; yaşayış sahəsi ilə təminat; hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi; əmək hüququnun heç bir məhdudiyyət qovulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması; veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi isinə bilavasitə cəlb edilməsi qeyd edilmişdir. Məhz bu müddəalar ona əsas verir ki, adıçəkilən qanunun digər normaları mahiyyət etibarilə bu maddədə nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsinə uyğun olmalı, həmin əsaslara zidd olmamalıdır. Əgər iddiaçıda bu qədər uzun dövr aralığında yuxarıda sadalanan hallardan birinə ehtiyac və ya tələbat yaransa idi, müddəti bu qədər keçirməyərək Fondun müvafiq şöbəsinə müraciət etmiş olardı. Bu hər bir halda dövlətin maliyyə yükünün çoxalmasına, həmçinin eyni statusda olan digər şəxslərin belə təminatdan istifadə etməsinin məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmyaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanl eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza və etiraza əlavəyə uyğun məzmunda izahat verdi, həmçinin iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001ci il tarixdə verilmiş 047149 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müavinət almaq üçün müraciət edildikdən həmin müavinət pensiya hüququ olmayan şəxslərə əvvəlki dövr üçün 3 ildən çox olmamaqla onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “müharibə veteranı” adı və vəsiqəsi hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasən müvafiq orqan tərəfindən yaradılmış komissiyanın qərarı əsasında verilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər də veteran vəsiqəsi təqdim edildikdə verilir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı və xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə həmin müavinətlər ləğv olunaraq təqaüdlə əvəz olunmuş və xx xxxxx 2019-cu il tarixdən tez olmayaraq həmin təqaüdü almaq hüququ yaranan gündən təyinatı və ödənişi həyata keçirilir. Ona görə də onun xx xxxxxxx 2019-cu il tarixli müraciətinə baxılaraq komissiyanın xx.xx.2019-cu il tarixli 2510 saylı qərarı ilə xx xxxxx 2019-cu il tarixdən təqaüd təyin olunaraq ödənişi həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2001-ci il tarixdə iddiaçı “Müharibə veteranı” vəsiqəsini almışdır. Onun tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə müavinətin ödənilməsi ilə bağlı müraciət olunmuş, cavabdeh tərəfindən iddiaçıya xx xxxxx 2019-cu il tarixdən sosial müavinət əvəzinə verilən təqaüd təyin olunaraq ödənilir. İddiaçı hazırki halda ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən keçmiş bütün dövr üçün sosial müavinət ödənilməsini tələb edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş, bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli, 641 saylı Fərmanının 1-ci maddəsindən görünür ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilməsi və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci maddəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Göründüyü kimi prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçının hüququ xx.xx.2001-ci il tarixdən yaransa da, o, xx xxxxxxx 2019-cu il tarixdə müavinətin ödənilməsi ilə bağlı müraciət etmiş, ona xx xxxxx 2019-cu il tarixdən sosial müavinət əvəzinə verilən təqaüd təyin olunaraq ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, iddiaçıya xx xxxxxx 2001-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilsə də, o, müavinətin ödənilməsi ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən, ona xx xxxxx 2019cu il tarixdən sosial müavinət əvəzinə verilən prezident təqaüdü təyin olunaraq ödənilməyə başlanıldığını nəzərə alınaraq, iddiaçıya təqaüdün təyin olunduğu tarixdən 3 il əvvəlki xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək dövr üzrə ödənilməmiş müavinətin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi öhdəliyin icrası haqqında inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən bu növ iddialar üzrə iddia müddəti təyin edilmədiyindən, iddiaçın Mülki Məcəllənin tələblərinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Nizami rayon Şöbəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar