Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2541/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, Bakı şəhəri,Gəncə prospekti, ev 89, mənzil 161-də yaşayan) iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********192824 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddianın əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın əsasının dəyişdirilərək, iddia tələbinə əlavə edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2541/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadına əsasən iddianın əsasının dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********192824 saylı Qərarı ilə İddiaçı QSCnə cəmi 26025551,7 manat məbləğində əlavə vergi və sanksiyalar hesablanmışdır.Belə ki, Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********166774 saylı qərarına əsasən İddiaçı QSC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli **********166819 saylı vergi yoxlaması aktı tərtib olunmuşdur.Yoxlama aktına əsasən İddiaçı QSC-də guya ümumilikdə 17350367,8 manat vergilərin azaldılması müəyyən olunmuş və 8675183,9 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Həmin vergi yoxlaması aktında əlavə dəyər vergisinə dair göstərilənlər əsassız və qanunazidd olduğundan həmin aktda qeyd olunanlarla razı olmadıqları bildirilmiş və onu imzalamaqdan imtina etmişlər.Sözügedən səyyar vergi yoxlaması aktında və dolayısı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********192824 saylı Qərarında 17350367,8 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi İddiaçı QSC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" ASC-dən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış ********* manat borc əvəzinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi göstərilmişdir.Verginin hesablanmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2.10-cu maddəsində girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunduğuna, həmçinin Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən onların təqdim edilməsinin ƏDV üzrə vergi tutma obyekti olduğuna istinad edilir.Yoxlama aktının bu hissəsi və müvafiq olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********192824 Qərarı əsassız və qanuna ziddir.Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV vergitutma obyektidir. Lakin Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən VM-nin "Fəsil Xİ. Əlavə dəyər vergisi" fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə vergi tutulan əməliyyatlar sayılır. Vergi Məcəlləsinin 159.2-ci maddəsinin mətnindən aydın görünür ki, VM-nin "Fəsil Xİ. Əlavə dəyər vergisi" fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılmır, yəni Vergi Məcəlləsinin ƏDV məqsədləri üçün vergitutma obyekti baxımdan ümumi qaydadan mütləq istisnaları nəzərdə tutulur.VM-nin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur, yəni bu hal VM-nin 159.2-ci maddəsində nəzərdə tutulan mütləq istisnanı təşkil edir.Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi maliyyə xidməti sayılır. Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin mətnində girov təminatının təqdim edilməsi birmənalı və istisnasız olaraq maliyyə xidmətlərinə aid edilir.Vergi Məcəlləsinin 13.2.14.1, 159.2 və 164.1.2-ci maddələri rəhbər tutulmaqla İddiaçı QSC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)- 701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" QSC-nə verilməsindən ƏDV tutla bilməz, çünki həmin əmlak kredit təminatı olmuşdur.Bundan başqa 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2016-cı il tarixli 2-2(81)-701/2016 saylı Qətnaməsi ilə İddiaçı QSC-nin zavoda mülkiyyət hüququ ləğv olunmuşdur. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi həmin Qətnamədə sözügedən əmlaka "xxxx" QSC-nin mülkiyyətini tanınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2-2(81)- 701/2016 saylı Qətnaməsi ilə həmin iş üzrə cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə İddiaçı QSC-nin zavod üzərində mülkiyyət hüquqnun ləğvi və "xxxx" QSC-nin həmin əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün hərəkətlərin edilməsi vəzifəsini qoymuşdur.Beləliklə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz Qətnaməsi ilə artıq mülkiyyətçisi olmayan metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərə (zavoda) "xxxx" QSC-nin mülkiyyətini tanımışdır və bu hərəkətlər İddiaçı QSC-nin iradəsindən kənar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilmişdir. Bu baxımdan metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin (zavodun) yalnızca 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən "xxxx" QSC-nə təqdim etməsindən söz gedə bilər və ƏDVnin ödənilməsi tələbi ya həmin məhkəməyə, yaxud da Qətnaməni icra etmiş olan Səbail rayon İcra və probasiya şöbəsinə yönəldilməlidir.Əlavə olaraq İddiaçı QSC-nin banka kredit təminatı qismində girov qoyulmuş əmlakının kredit əvəzinə banka ("xxxx" QSC) verilməsi Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 514 saylı sərəncamına əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı Qətnaməsi ilə həyata keçirilmişdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının 2.3.-cü bəndinə əsasən "xxxx" ASC-nin problemli aktivləri (kreditləri) "xxxx" QSC-nin idarəedtməsinə verilmiş, həmin Fərmanın 2.3.-cü bənində əsasən isə həmin kreditlər üzrə borcların təminatı olan girov (ipoteka) qoyulmuş əmlak üzərində sərəncam vermək vəzifəsi "xxxx" QSC-nin üzərinə qoyulmuşdur.Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2015-ci il tarixli 514 saylı Sərəncamı ilə "xxxx" QSC-nə kreditlər üzərində alınan hüquqları girova yönəldərək İddiaçı MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin (zavodun) üzərində mülkiyyət hüququnu əldə etmək və sonradan mülkiyyət hüquqlarını Dövlət Neft Şirkətinə vermək vəzifəsini qoymuşdur.Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərc edilmiş qərarlarının tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları nəzərə alınmaqla yuxarıda istinad edilmiş Prezidentin Fərmanına və Nazirlər Kabinetinin Sərəncama əsasən məhkəmə tərəfindən kreditlər üzrə borcun təminatı olan girov (ipoteka) qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdim etmə sayıla bilməz. Eyni zamanda Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövləti adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə, o cümlədən, cinayət məsuliyyətinə səbəb olur. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1.-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.5.-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 269.5-ci maddəsi nəzərə alınmaqla İddiaçı QSC ilə bank arasında əsas öhdəlik kredit müqaviləsinə (predmeti borcun müqavilə şərtlərinə uyğun olaraq verilməsindən və onun qaytarılmasından) ibarətdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə borc verən, yəni bank pula mülkiyyət hüququnu borc alana, yəni İddiaçı QSC-yə keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 269.5-ci maddəsinin müdəası nəzərə alınmaqla ipotekaya qoyulmuş əmlak İddiaçı QSC kredit borcunun qaytarılmasının təminatı qismində aksessor (əlavə) hüquqdur və kredit müqaviləsindən (əsas öhdəlik) ayrılıqda mövcud ola bilməz. Belə ki, Mülki Məcəllənin 307.4-ci maddəsinə uyğun olaraq ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Dolayısı ilə əsas öhdəlik (kredit müqaviləsi) mövcud olmadıqda aksessor hüquq (girov, ipoteka və s.) da mövcud ola bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 2(81)-701/2016 saylı Qətnaməsində qeyd olunduğu kimi İddiaçı QSC ilə bank arasında əsas öhdəlik kreditin (borcun) verilməsindən və onun qaytarılmasından ibarətdir. Sadalananlar nəzərə alınmaqla İddiaçı QSC-nin kredit təminatı qismində banka girov qoyduğu əmlakının normativ-hüquqi aktlara və məhkəmə qərarına əsasən icra qaydasında banka verilməsi yalnız və yalnız kreditin (yəni borcun) qaytarılmasıdır. Vergi Məcəlləsinin 3.1-ci maddəsinə uyğun olaraq vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və Vergi Məcəlləsinin ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. X4 Baş İdarəsinin vəzifəli şəxsləri ilə müzakirə edilmiş, lakin xx.xx.2019-cu il tarixli protokolun yekununda təmin edilməmişdir.Göründüyü kimi Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin hazırki hala tətbiq edilməsində ən azından zidiyyət və qeyri-aydınlıq mövcuddur. Belə halda Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.Eyni zamanda Mülki Məcəllənin 605-ci maddəsinə əsasən icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə Mülki Məcəllənin əşyaların alqı-satqısı haqqında müddəaları tətbiq olunmur. Bu əsasla məhkəmə qərarlarına əsasən mülkiyyət hüququnun ləğvi və ya tanınması təqdim etmə sayıla bilməz.Bu məsələ ilə əlaqədar olaraq nəzərə alınmalıdır ki, bu əməliyyata ƏDV tətbiq olunmalı olsaydı belə Vergi Məcəlləsinin “Fəsil Xİ. Əlavə dəyər vergisi” fəslinin müddəalarına uyğun olaraq həmin ƏDV "xxxx" QSC tərəfindən İddiaçı QSC-nə ödənilməli olardı. Yəni ƏDV tətbiq olunduğu halda İddiaçı QSC həmin məbləği "xxxx" QSC tərəfindən geri ödənilməsini tələb etməkdə haqlı olacaqdı.İddiaçı QSC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı Qətnaməsini və banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının həmin Qətnaməyə əsasən kredit əvəzinə banka ("xxxx" QSC) verilməsi ilə əlaqədar vaxtında məlumat vermiş, qətnamənin surətini və digər müvafiq sənədləri vergi orqanına təqdim etmişdir. Lakin İddiaçı QSC məsuliyyətə cəlb edilməsi barədə hər hansı tədbir görülməmişdir. İddianın əsasının dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli inzibati akt göründüyü kimi həmin tarixdə qəbul edilmiş və Vergi Məcəlləsinin 2019-cu ildə qüvvədə olan redaksiyasının 36.3, 56.1 və 85.4-cü maddələrinin tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması ilə hesablama aparılan dövr 2016-cı ilin sentyabr ayıdır. Əlavə dəyər vergisi üzrə hesabat dğvrü təqvim ayıdır və bəyənnamə növbəti ayın 20-dək təqdim edilməklə bərabər ödəniş də yerinə yetirilməlidir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, 2016-cı ilin sentyabr ayı üzrə vergilərin hesablanmasının dövrü 2019-cu ilin oktyabrın 20-dək müəyyən edilmişdir. Mübahisələndirilən inzibati akt isə cavabdeh tərəfindən 16 təqvim günü sonra, yəni xx.xx.2019-cu il tarixdə qəbul edilməklə, qanunvericiliklə müəyyən olunmuş müddətdən sonrakı dövrdə həyata keçirilmişdir. Göstərilən normaya 2020-ci il 01 yanvar tarixindən əlavə edilən dəyişikliyə görə “Bu maddə ilə müəyyən edilən 3 illik səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhat edir.” Göründüyü kimi qeyd olunan müddəa yalnız 2020-ci il tarixdən qüvvəyə mindiyi və vergi ödəyicisinin hüquqi vəziyyətini ağırlaşdırdığı üçün geriyə təbiq oluna bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitutsiya Qanununun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmin Qanunun 87.3-cü maddəsinə görə isı törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Baş İdarənin xx.xx.2018-ci il tarixli, **********166774 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə Cəmiyyətdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********166819 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının 2018-ci ilin oktyabr ayında təyin edildiyini nəzərə alınsa cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56.1-ci, 83-cü və 85.4-cü maddəsində təsbit edilmiş 3 illik müddət ötürülməmişdir. Eyni zamanda zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçıya 2016-cı il üzrə hesablanmış ƏDV ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən iddiaçının 2016-cı il üzrə yayındırdığı ƏDV-yə görə məsuliyyətə cəlb edilməsi dövrü keçdiyindən bununla əlaqədar iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında qeyd olunur ki, “vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Həmin qərara əsasən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır”. Göründüyü kimi, iddiaçı cavabdeh vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilərkən qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddəti gözlənilmiş və düzgün olaraq ona 2016cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddianın əsasının dəyişdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********166774 saylı, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı QSC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2015 – avqust 2018-ci il vergi dövləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. İşdə olan **********166819 saylı, 27 sentyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********166774 saylı qərarına əsasən İddiaçı QSC üzrə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Əlavə dəyər vergisi üzrə yoxlama sentyabr 2015-avqust 2018-ci il dövrünü əhatə etmişdir. Əlavə dəyər vergisi üzrə yoxlama nəticəsində müəyyən olunmuşdur ki, fəaliyyət göstərdiyi dövrdə İddiaçı QSC-nin "xxxx" ASC-dən "xxxx" QSC BOKT idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış ********* manat borc əvəzində ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qətnaməsinə əsasən "xxxx" QSC BOKT-nın mülkiyyətinə verilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən yuxarıda göstərilən aktivlər "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli rəyinə əsasən ********* manat dəyərində qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxs keçməsi malların təqdim edilməsi hesab olunur, həmçinin məcəllənin 159.1-ci maddəsinə əsasən onların təqdim edilməsi ƏDV üzrə vergi tutma obyektidir. Qeyd olunanlara əsasən müəssisəyə 2016-cı il dövr üzrə 17350367,79 manat (113741300:1,18=96390932,2*18%=17350367,79) əlavə dəyər vergisi hesablanmışdır. Əlavə hesablanmış vergi məbləğinə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 8675183,89 manat maliyyə sanksiyası tətbiqi təklif olunur. Həmin aktın 2.6-cı bəndindən görünür ki, müəssisə tərəfindən 2017-ci ilin aprel ayının əlavə dəyər vergisi bəyənnaməsi təqdim olunmadığından, 40 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. İşdə olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********192824 saylı, 05 noyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı QSC üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********166819 nömrəli aktına və xx.xx.2019-cu il tarixli, **********813900 nömrəli sənədə baxılaraq, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin və mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Göstərilən səbəblərə görə 2016-cı il dövrü üzrə 17350367,80 manat əlavə dəyər vergisi, 2017-ci il dövrü üzrə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qətnaməsindən görünür ki, ilk iddia tələbləri təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 494.919.738,04 (dörd yüz doxsan dörd milyon doqquz yüz on doqquz min yeddi yüz otuz səkkiz manat dörd qəpik) manat borcu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksinə və Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlaklar üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun ləğv edilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə “Aqrarkredit" QSC- nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, "xxxx" QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan 332.600.851,05 manat borcu İddiaçı QSC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak üzərində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun ləğv edilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə “Aqrarkredit" QSC-nin həmin əmlak kompleksinin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyi qoyulması, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Делойт и Туш СНГ" Qapalı Səhmdar Cəmiyyətinin 20 iyun 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 73.000.000 (yetmiş üç milyon) ABŞ Dolları - 113.741.300 (yüz on üç milyon yeddi yüz qırx bir min üç yüz) manat məbləğində dəyəri çıxıldıqdan sonra qalan 218.859.551,05 (iki yüz on səkkiz milyon səkkiz yüz əlli doqquz min beş yüz əlli bir manar beş qəpik) manat məbləğin "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasının “Делойт и Туш СНГ" Qapalı Səhmdar Cəmiyyətinin 20 iyun 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 447.000.000 (dörd yüz qırx yeddi milyon) ABŞ Dolları - 696.470.700 (altı yüz doxsan altı milyon dörd yüz yetmiş min yeddi yüz) manat məbləğində dəyərindən həmin müəssisənin "xxxx" QSC-yə olan 494.919.738,04 manat məbləğində borcu çıxıldıqdan sonra artıq qalan (201.550.961,96 (iki yüz bir milyon beş yüz əlli min doqquz yüz altmış bir manat doxsan altı qəpik) manat) hissəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin digər əmlaklarına, o cümlədən debitor borclarına yönəldilərək həmin əmlaklar və vəsaitlər hesabına tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, "xxxx" QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qərardadından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qətnaməsi aşağıdakı kimi başa düşülməsi: Qətnamənin icra edilməyə başladığı gün, yəni 24 sentyabr 2016-cı il tarixə mövcud olmuş ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi ilə, yəni 1 ABŞ dolları = 1,6292 AZN rəhbər tutulmaqla icra hərəkətləri edilməsi, qətnamədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 iyun 2016-cı ilə tarixli rəyində göstərilən 520 milyon ABŞ dolları qətnamənin icrası üçün 847.184.000 AZN (1,6292 x 5********) kimi qəbul edilməsi, qətnamədə qeyd edilmiş məbləğlərin müvafiq məzənnə ilə qəbul edilməsi zamanı borclular ‘”Azərbaycan Metanol Ko” MMC və İddiaçı QSC-nin xeyrinə yaranan 19.663.410,91 manat qalıq məbləğ, cavabdehlərin iddiaçıya 22.874.264.95 manat məbləğində faiz borcu ilə əvəzləşdirilməsi, cavabdehlərin iddiaçıya qalan 3.210.854.04 manat məbləğində borcunun cavabdehlərin digər əmlaklarına və debitor borclarına yönəldilməsi qərara alınmışdır. Hazırki mübahisə üzrə iddiaçı ona əlavə dəyər vergisinin hesablanması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********192824 saylı qərarını mübahisələndirir. Vergi orqanı həmin qərarın qəbul edilməsinə əsas olaraq fəaliyyət göstərdiyi dövrdə İddiaçı QSC-nin "xxxx" ASC-dən "xxxx" QSC BOKT idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış ********* manat borc əvəzində ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)- 701/2016 saylı qətnaməsinə əsasən "xxxx" QSC BOKT-nın mülkiyyətinə verilməsi, həmin məhkəmə qətnaməsinə əsasən yuxarıda göstərilən aktivlər "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli rəyinə əsasən ********* manat dəyərində qiymətləndirildiyi, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxs keçməsi malların təqdim edilməsi hesab olunduğundan, həmçinin məcəllənin 159.1ci maddəsinə əsasən onların təqdim edilməsi ƏDV üzrə vergi tutma obyekti olduğunu əsas gətirərək, müəssisəyə yoxlanılan dövrdə 17350367,79 manat əlavə dəyər vergisi hesablanmasını göstərir. Lakin iddiaçı Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsinin maliyyə xidməti sayıldığı üçün belə maliyyə xidmətlərinə görə əlavə dəyər vergisinin hesablanmamasının, həmçinin aktla hesablanmış vergilər 3 ildən çox olan ötmüş müddəti əhatə etdiyi üçün əlavə verginin hesablanmalı olmadığını və maliyyə sanksiyasının tətbiq edilməməli olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iddiaçının iddiasının əsası olaraq göstərdiyi hər iki hal araşdırılmış və iddiaçının iddiasının əsassız olması qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlamasının aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin maddə 2020-ci il yanvarın 1-dən qüvvədə olan olan redaksiyasına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, istər qərar qəbul edildiyi dövrdə, istərsə də hazırda qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini yenidən hesablamaq hüququna malik olmuşdur. Vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını 05 noyabr 2019-cu il tarixdə qəbul edilsə də, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********166774 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Cəmiyyətdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********166819 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması 23 oktyabr 2018-ci il tarixində təyin edildiyindən, cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsi ilə təsbit edilmiş məsuliyyətə cəlb etmə müddəti olan 3 illik müddət ötürülməmişdir. Məhkəmə həmçinin iddiaçının tələbinin əsası kimi göstərdiyi 2016-cı il üzrə ona hesablanmış əlavə dəyər vergisinin Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsinin maliyyə xidməti sayıldığı üçün belə maliyyə xidmətlərinə görə əlavə dəyər vergisinin hesablanmaması ilə bağlı göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, hazırki mübahisə üzrə iddiaçının əlavə dəyər vergisinin ödəyicisi olması işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyrimaddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayanavə ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi hesab edilir. Malların təqdim edilməsi əlavə dəyər verigisi tutma obyektinə aiddir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi fəaliyyət göstərdiyi dövrdə İddiaçı QSC-nin "xxxx" ASC-dən "xxxx" QSC BOKT-nın idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış ********* manat borcu əvəzində ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22-ci km 22 ünvanında yerləşən əmlak kompleksi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)- 701/2016 saylı qətnaməsinə əsasən "xxxx" QSC BOKT-nın mülkiyyətinə verilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən yuxarıda göstərilən aktivlər "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli rəyinə əsasən ********* manat dəyərində qiymətləndirilmişdir. Həmin aktivlər üzərində mülkiyyət hüququnun başqasına verilməsi malların təqdim edilməsi hesab olunduğundan, malların təqdim edilməsi əlavə dəyər verigisi tutma obyektinə aid edildiyindən, ********* manat dəyərində malların təqdim edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya 17350367,79 manat əlavə dəyər vergisinin hesablanması əsaslı olmuşdur. Həmçinin səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması müəssisəyə xidmət edən banklardan alınmış məlumatlar, "xxxx" QSC BOKT-dan alınmış məlumatlar, müəssisənin əsas vəsaitlərini qiymətləndirən “Deloitte və Tuş MDB” şirkətinin hesabatına, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı və müəssisənin təqdim etdiyi digər sənədlər əsasında aparılmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********170293 saylı qərar çıxarılmış və təqdim edilmiş sənədlər (“Deloitte və Tuş MDB” şirkətinin əmlak qiymətini qiymətləndirmə hesabatı 63 vərəqədə, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli təhvil-təslim aktları 6 vərəqədə və əsas vəsaitlərin siyahısı 3 vərəqədə) qanunamüvafiq olaraq götürülmüşdür. Həmçinin mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsini də əsaslı hesab edir. Belə ki, Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəfindən 2017-ci ilin aprel ayının əlavə dəyər vergisi bəyənnaməsi vergi orqanına təqdim edilmədiyindən, ona 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı olmuşdur. Beləliklə iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması ilə əlavə hesablanmış verginin qanunauyğunluğu iş materialları ilə sübut edildiyindən, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********192824 saylı qərarının ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34.1-ci, 52-ci, 58-ci, 68-69-cu, 73-cü və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2541/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2541/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver