Məhkəmə qərarları › İş №2-1(112)-2541/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2541/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2541/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qanunsuz olaraq hesablanmış 900 manat borcun silinməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 qanunsuz olaraq hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014- 2017-ci illərə aid olan 1541,00 manat borcu barədə 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər üzrə Hüquqi Şəxslər üzrə İş İdarəsi tərəfindən Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra cəmiyyətin olan borcu 12 noyabr 2018-ci il tarixədək tam ödənilmişdir. Bakı şəhəri üzrə X7 İdarəsi tərəfindən 15 noyabr 2018-ci il tarixdə borcun tam ödənilməsi barədə məktub göndərilmişdir. 2018-ci ildən cəmiyyət fəaliyyət göstərməmiş, rüblük bəyannamələr boş verilmişdir. 2021-ci ilin may ayından isə cəmiyyətin fəaliyyəti rəsmi olaraq dayandırılmışdır. Cəmiyyət fəaliyyət göstərmədiyi halda 2021-ci ildə müxtəlif vaxtlarda Vergilər Nazirliyinin aidiyyatı şöbəsi tərəfindən mənə telefon vasitəsilə xəbərdarlıq edilərək təxminən 900,00 manata yaxın borcumun ohnası və onun ödənilməsi tələb edilmişdir. Bundan sonra, Vergilər Nazirliyinin 1 saylı Xidmət Mərkəzinə dəfələrlə müraciət etsə də, borcun haradan və necə yaranması haqqında heç bir dəqiq və rəsmi məlumat ala bilmir.

3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə açıq məlumat sistemində X3 adlı vergi ödəyicisi müəyyən edilmir. İddia ərizəsində əlavə etdiyi sənədləri surəti isə "xxxx" MMC-yə bağlıdır. Bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.

4. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş, məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə X3 iddiaçı "xxxx" MMC ilə əvəz edilmiş, iddianın qanunsuz olaraq hesablanmış 900 manat borcun silinməsi vəzifəsinin Dövlət Vergi Xidmətinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri X6 Baş idarəsi ilə əvəz edilməsini xahiş edilmişdir.

6. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri X6 Baş idarəsi tərəfindən bildirilmişdir ki, ödəyici 06.12.2021-ci il tarixə vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) vergilər üzrə 216,27 manat (əsas borc 177,60 manat, faiz borcu 38,67 manat, yaranma tarixi 12.07.2021-ci il), sosial sığorta haqları üzrə 783,01 manat (əsas borc 453,25 manat, faiz borcu 329,76 manat, yaranma tarixi 05.02.2019-cu il) borcu müəyyən edilmişdir. Beləki, "xxxx" MMC (VÖEN: **********) 11.05.2012-ci il tarixdən fəaliyyət göstərir, həmin hüquqi şəxs 19.05.2021-ci il tarixdən məlumat dəyişikliyi edərək ödəyicisi İddiaçı MMC adı ilə fəaliyyəti davam etdirmiş və 12.08.2021-ci il tarixədə fəaliyyətini dayandırmışdır. Əlavə olaraq müraciətinlə əlaqədar 06.12.2021-ci il tarixə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunmuşdur.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı qismində İddiaçı MMC göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım göstərilmişdir. İddiaçı hesab edir ki, əsl İddiaçı MMC, məhz "xxxx" MMC-dir. Belə ki, "xxxx" MMC-nin adı sonradan İddiaçı MMC-yə dəyişdirilsə də, dövlət qeydiyyat nömrəsi VÖEN ********** olmaqla eyni olsa da, vergi borcu İddiaçı MMC-nin dövründə deyil, "xxxx" MMC-nin dövründə yarandığından iddaçı qismində məhz "xxxx" MMC çıxış etməlidir.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, "xxxx" MMC adlı hüquqi şəxsin mövcudluğu müəyyən edilmir. Belə ki, VÖEN ********** ilə İddiaçı MMC mövcuddur. Bununla bağlı məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçının dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı "xxxx" MMC-nin mövcudluğunu təsdiq edən sübutları (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi) məhkəməyə təqdim etmədən əsl iddiaçının "xxxx" MMC olduğunu hesab edir.

10. Qeyd edilənlələrə əsasən, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar