Məhkəmə qərarları › İş №2-1(112)-2541/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2541/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2541/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Xalıq oğlunun cavabdeh Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5 cəlb olunmaqla) qarşı “sərəncamın dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Xətai İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli, 04 saylı Sərəncamında “1 nəfər (tək ozü)” sözləri “bacısı ilə birlikdə” sözləri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, birinci Qarabag müharibəsində onurğa sütunundan yaralanıb İ dərəcəli əlil olmuşdur. О zaman İ qrup müharibə əlili kimi mənzillə təmin olunmaqdan ötrü “tək adam kimi'’ güzəştli mənzil növbəsinə götürülmüşdür. Əslində isə İ qrup əlillər köməkçi olmadan yaşaya bilmədiyi üçün “tək ozü” kimi qeydiyyata götürülməməlidirlər. İddiaçının bacısı ona baxmaqdan ötrü ailə qurmamışdır. О da əlildir və rəsmi surətdə iddiaçının baxıcısı olduğundan onun üçün nəzərdə tutulmuş tək otaqdan imtina etməli olmuşdur. İddiaçı qeyd edir ki, ona hər dəfə bir otaqli mənzil təklif olunmuş, o isə bacısı ilə birlikdə yaşadığından həmin mənzilləri əldə edə bilmir. Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-ci il, 04 saylı Sərəncamında (tək özü)” sözlərini "bacısı ilə birlikdə” sözləri ilə əvəz etmək barədə aidiyyəti orqana müraciətinə mənfi cavab verilmiş, lakin səbəb açıqlanmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində güzəştli mənzil növbəsində olduğunu və sərəncamda qismən dəyişiklik edilərək 2 nəfər (özü, bacısı) ailə tərkibi ilə mənzil növbəsinə alınması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Məlumat üçün bildirilir ki, İddiaçı Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı əsasında 1 nəfər (özü) ailə tərkibi ilə 1-ci dərəcə Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçı rayon icra Hakimiyyətinə müraciət edərkən bacısı vətəndaş X2 Zəngilan rayonunda daimi qeydiyyatda olduğu, eyni zamanda iddiaçının bacısının himayəsində olmasına dair hüquqi sənədi olmadığı müəyyən edildiyindən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 04 saylı sərəncamına əsasən 1 nəfər (özü) ailə tərkibi ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı hazırda cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə ona verilmiş hüquqların artırılmasını, 1-ci dərəcə Qarabağ müharibəsi əlili kimi tək onun deyil, bacısının da mənzil növbəsinə alınmasını xahiş edir. Bununla da o, mənzillə təmin edilərkən iki otaqlı yaşayış sahəsi ilə təmin edilməsini istəyir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının qəbul edilməsini xahiş etdiyi inizbati akt onun üçün əlverişli nəticə yaradacağından hazırkı tələb məcburetmə növünə aid edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının onunla eyni ünvanda faktiki yaşadığı bacısı X3 onun adına qeyd olunan sərəncamına əlavə edilərək, müvafiq dəyişikliyin edilməsi və ailə tərkibinin 2 nəfər (özü və bacısı) kimi qeyd edilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -AR ƏƏSMN tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 114795 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı 1-ci qrup Qarabağ müharibəsi əlilidir. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2016-cı il tarixli 11 mart 2011-ci il tarixli qərarından görünür ki, İddiaçı Xalıq oğlunun 30 mart 2011-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi vəzifəsinin Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. -Xətai rayon İcra Hakimiyyəti başçısının 19 yanvar 2017-ci il tarixli 04 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı 1 nəfər (tək özü) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması və İ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilməsi və onun növbəsinin Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2011-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. -AR ƏƏSMN tabeliyində DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərəzi Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçının pensiya işinin materiallarından görünür ki, DSMF-in Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 15/2070 saylı qərarı ilə İddiaçı 1-ci qrup Qarabağ əlili kimi ömürlük pensiya təyin edilmişdir. -2 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı 15739775 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1964-cü il təvəllüdlüdür. Müvafiq sorğu əsasında Azərbaycan Respublikası ƏƏSMN DSMF tərəfindən X4 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaısna dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -İddiaçı xx.xx.2019-cui il tarixdə AR ƏƏSMN yanında DSMF-in Zəngilan rayon şöbəsinə ərizə ilə müraciət edərək X2 İ dərəcə əlilliyi olan şəxs kimi ona qulluq etməsinin nəzərə alınmasını xahiş etmişdir. -Azərbaycan Respublikası ƏƏSMN DSMF-nun Zəngilan rayon şöbəsinin 15 noyabr 2019-cu il tarixli 1401 №li qərarına əsasən X4 xx.xx.2019-cu il tarixdən İ qrup əlilə qulluğa görə ömürlük 50 manat pensiya təyin edilmişdir. -AZ-İV № 362116 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Zəngilan rayonunun Sobu kəndində doğulmuşdur. X1, anası X8r. -AЗ № 597963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə Zəngilan rayonunun Sobu kəndində doğulmuşdur. X1, anası X8r. -Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı və X2 adına daşınmaz əmlak aşkar edilməmişdir. -Xətai bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Xalıq oğlunun adına Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Zığ bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X2 adına Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış və sənədləşmə işləri aparılmamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəlləninn 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli, 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydasının 1.2-ci bəndinə əsasən, təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən, bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Hazırkı işin hallarından görünür ki, iddiaçı İ dərəcə Qarabağ müharibəsi əlilidir və Xətai rayon İcra Hakimiyyəti başçısının 19 yanvar 2017-ci il tarixli 04 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və müvafiq güzəştli siyahıya daxil edilmişdir. İddiaçı hazırda bu sərəncamda yalnız onun adının qeyd edildiyini, lakin onunla birlikdə baxıcısı olan bacısı Ş.Hüseynovanın yaşadığını bildirir və sərəncama onun da adının daxil edilməsini xahiş edir. Bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlıdır. Belə ki, yuxarıda istinad olunan Qaydanın 1.6-cı bəndindən göründüyü kimi, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin bacısı onun ailə üzvü hesab olunur. X4 İ dərəcə əlil olan iddiaçıya qulluq edən şəxs kimi Prezident təqaüdü təyin edilmiş və o, faktiki olaraq iddiaçı ilə birlikdə yaşayır. Onun mülkiyyətində hər hansı torpaq və ya yaşayış sahəsi aşkar edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Ş.Hüseynova hazırkı tələb üzrə müstəqil əsaslarla deyil, iddiaçının ailə üzvü kimi mənzil növbəsinə götürüldüyündən onun qeydiyyatda olduğu ərazi meyarı əsaslı dəlil hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, X2 iddiaçının ailə üzvü kimi mənzil növbəsinə götürülməsi üçün hüquqi əsas vardır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının İ dərəcə Qarabağ əlili kimi mənzil növbəsinə götürülməsinə dair Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il, 04 saylı sərəncamında dəyişiklik edilərək “1 nəfər (tək ozü)” sözlərinin “özü və bacısı (baxıcı)” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İ dərəcə Qarabağ əlili kimi mənzil növbəsinə götürülməsinə dair Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il, 04 saylı sərəncamında dəyişiklik edilərək “1 nəfər (tək ozü)” sözlərinin “özü və bacısı (baxıcı)” sözləri ilə əvəz edilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar