Məhkəmə qərarları › İş №2-1(112)-2541/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2541/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2541/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı və iddiaçı X2 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və xx.xx.2010-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək azyaşlı övladı xx.xx.2010cu il təvəllüdlü X2 iddiaçı, özünün isə onun qanuni nümayəndəsi qismində cəlb edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 2 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 106 saylı mənzili pay haqqı ödənilməklə İddiaçı verilmişdir. xx.xx.2019-cu il tarixdə MTK tərəfindən verilmiş maliyyə arayışında qeyd edilən mənzilin İddiaçı məxsus olması, mənzilin dəyərinin tam ödənilməsi və heç bir borcunun olmaması qeyd edilmişdir. O, həmin vaxtdan qeyd edilən mənzildə yaşamaqla təsərrüfat aparır və mənzilə aid kommunal xərclər tərəfindən ödənilir. Onun və ailə üzvlərinin digər yaşayış yeri yoxdur. Yaşayış evinin mülkiyyət sənədi olmasa da iddiaçı həmin mənzili faktiki istifadə edir və mənzil onun sərəncamındadır. İddiaçı onun və oğlu xx.xx.2010-cu il təvəllüdlü X2 həmin ünvana pasport qeydiyyatına alınmaqla bağlı cavabdehə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və ərizəyə cavab verilməmişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində nə zaman qeydiyyata alınması məlum deyildir. Həmçinin, mənzilin ona verilməsi barədə müqavilə, maliyyə arayışı onun və oğlunun qeydiyyata alınması üçün əsasdır. Onları qeydiyyata almamaqla cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. İddiaçı (alıcı) ilə "xxxx" MTK (satıcı) arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 41 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.metr olan, 3 otaqlı, 106 saylı mənzil iddiaçının müllkiyyətinə verilmişdir. "xxxx" MTK-nın 18 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 41 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.metr olan, 3 otaqlı, 106 saylı mənzil İddiaçı məxsusdur. Bu mənzilin ümumi dəyəri Bakı şəhəri 32 saylı notariat ofisinin 8İ- 8487 saylı, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən X5 ödənilmişdir. Mənzilə dair MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın 20 fevral 2024-cü il tarixli arayışına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 41A ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 106 saylı mənzili ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. AZ-İİ 393086 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X3 29 yanvar 2010cu ildə doğulmuşdur. Atası İddiaçı, anası X1. Məhkəmə iddiaçının və üçüncü şəxsn izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İşdən göründüyü kimi İddiaçı ünvan 1-nın alqı-satqısı ilə bağlı "xxxx" MTK ilə müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, mənzili təhvil alaraq ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin, həmin mənzil hələ ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab edir ki, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun yaranacağına dair real gözləntisi mövcud olduğuna görə həmin mənzilə onun əmlakı kimi yanaşılmalıdır. Bu səbəbdən onun və ailə üzvlərinin mənzilə qeydiyyata düşmələri üçün hər hansı maneə yoxdur. Bu səbəbdən iddia təmin edilməli iddiaçıların ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı və X2 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar