Məhkəmə qərarları › İş №2-1(112)-2543/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2543/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2543/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının istisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının istisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2007-ci ildə Rusiya Federasiyasında Universitetə qəbul olunmuş, 2008-ci ildə Azərbaycan Beynəlxalq Universtetinə köçürülmüşdür. Bundan sonra ABU rəhbərliyi ilə atası X4 arasında ali təhsilli kadrların hazırlamaq məqsədi ilə müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı və valideyni üzərlərinə düşən öhdəlikləri tam və vaxtında icra etmişlər. Təhsil aldığı Universitetin fəaliyyətinin dayandırılması ilə bağlı iddiaçı təhsilini davam etdirə bilməmiş və ona təhsil haqqında yekun dövlət sənədi olan diplom verilməmişdir. İddiaçı ilə bərabər təhsil alan digər tələbələr Azərbaycan Kooperasiya Universitetinə köçürülsələr də, iddiaçı köçürülən tələbələr sirasına daxil edilməmiş, onun təhsili yarımçıq qalmışdır. İddiaçı digər ali təhsil müəssisəsinə köçürülüb orada təhsilini davam etdirməsi ilə bağlı cavabdehə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, lakin Nazirlik onun müraciətinə müsbət cavab verməmiş, onun başqa ali təhsil müəssisəsinə köçürülməsindən imtina etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunduğu vaxt digər tələbələr kimi onunıa Universitetin rəhbərliyi arasında müqavilə bağlanmışdır. Universitet rəhbərliyi ilə bağlanmış müqavilənin 3.2-ci bəndində Universitet rəhbərliyi ona təhsil haqqında yekun sənədin – diplomun verilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, lakin müqavilə üzrə digər tərəf üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 422-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Universitetin fəaliyyətinin dayandırılması onun iradəsindən asılı olmayan səbəblərdəndir. Onun Universitetə akademik və maliyyə borcu qalmamışdır. Ona görə də iddiaçıya oxuduğu ixtisas üzrə yekun sənədin – diplomun verilməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, onun hüquqlarına da toxunur. Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Həmin Universitetdə təhsil alan tələbələrin digər universitetlərə yerləşdirilməsi və onlarla bağlı digər məsələlərin həllinə dair Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən 8 sentyabr 2010-cu il tarixdə növbəti əmr imzalanmışdır. Bununla da məlum olur ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılandan sonra Təhsil Nazirliyi faktiki olaraq tələbələrin problemlərinin həllini öz üzərinə götürmüşdür. Hesab olunur ki, hazırkı mübahisədə onun pozulmuş hüquqlarını bərpa etmək səlahiyyəti qanunvericiliklə hazırkı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, İPM-in 2.2.3, 14.3, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının təhsil aldığı maliyyə-kredit ixtisası üzrə təhsilinin davam etdirilməsi üçün ixtisasına uyğun digər ali təhsil müəssisələrinin (ixtisası üzrə təhsil və yekun təhsil sənədi – diplom vermək səlahiyyəti olan) birinə köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı 2008-ci ildə Rusiya Fedarasiyasının ali təhsil müəssisəsindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” 5 fevral 2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. 2002-ci ildə Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddı vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri 28 yanvar 2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin üçüncü bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin beşinci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı 6 avqust 2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış, tələbənin xarici pasportunun surəti, təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsi məsələsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadan rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətlər edilmədiyindən iddiaçının da qanunla qorunan hər hansı bir hüququ pozulmamışdır. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra, qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunmuş və təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüş, təhsilini başa vuran tələbələrə diplomlar verilmişdir. İddiaçı iddiası onun heç bir hüquqi əsas olmadığından, rədd edilməlidir. Göstərilənlərə və İPM-in 47.2, 73.3-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qydasında baxılır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. Həmin Qanunun 1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 26.1-ci maddəsinə görə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Həmin Qanunun 27.1-ci maddəsionə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş (Fərmanın 1-ci bəndi 6 may 2017-ci il tarixli Fərmanla ləğv ediulmişdir) «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 6-cı bəndinə görə Komissiyanın vəzifələri sırasına Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Nizamnamənin 2-ci bəndinə görə Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 4.4-cü maddəsinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 iyun 1999-cu il tarixli 524 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə»də dəyişiklik bərədə 9 dekabr 1997-ci il tarixli 870 saylı əmrinin 1-ci bəndinin 2-ci abzasının müvəqqəti olaraq aşağıdakı kimi ifadə olunması qərara alınmışdır: - Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pullu (ödənişli) təhsil qruplarına tələbələrin köçürülməsi dövlət təhsil müəssisəsi tabeliyində olduğu Nazirlik, Komitə, idarə və təşkilatların razılığı əsasında təhsil müəssisəsi rəhbərliyinin (rektorların və ya direktorların) əmri ilə həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Beynəlxalq Universitetinin X1 köçürülmüş və təhsilini davam etdirmişdir. 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra təhsilini başa çatdıra bilməmişdir. Hazırda iddiaçı təhslini davam etdirmək üçün onun ixtisası nəzərə alınmaqla tələbə kimi müvafiq ali təhsil müəssisəsinə köçürülməsini tələb edir. İlk növbədə məhkəmə diqqətə çəkir ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə qurumun Moskva Filialından köçürülməsi zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyindən razılıq alınması zəruri olmuşdur və iddiaçıya münasibətdə belə razılığın alınmaması onun təhsil müəssisəsinə köçürülməsinin qeyri-qanuni əsaslarla həyata keçirilməsi nəticəsi yaradır. Bundan başqa, iddiaçının təhsil aldığı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətini dayandırmasından 14 ilə yaxın müddət keçmişdir. Həmin tarixdən əvvəlki dövrün hansı hissəsinədək iddiaçının müvafiq təhsil proqramını yerinə yetirməsini (imtahan sessiyası üzrə imtahanları vermək) hazırda mümkünsüzdür. Ötən 14 il ərzində ali təhsil sahəsində elmi texniki nailiyyətlər mövcuddur, bununla bağlı təhsil proqramları, ümumilikdə ali təhsilin standartları dəyişmiş və müasir çağırışlara (o cümlədən hazırkı qəbul qaydalarına) uyğunlaşdırılmışdır. «Təhsil haqqında» Qanunun 1.0.43-cü maddəsinə əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Qeyd olunanları nəzərə alaraq belə qənaət yaranır ki, hazırkı vəziyyətdə iddiaçının digər müvafiq ali təhsil müəssisəsinə köçürülməsi və təhsilini davam etdirməsinin təhsilin mahiyyətinə formal şəkildə xidmət etmiş olar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının istisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «iddiaçının istisasına uyğun müvafiq ali təhsil müəssisəsinə köçürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar