Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2544/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2007-ci ilin mart ayından sonra (ona yaşa görə əmək pensiyasl təyin edildikdən sonra) fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması barədə” 07 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2007-ci ildə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası ona cavabdeh tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra o, 2007-ci ilin mart ayından bu günə qədər əmək fəaliyyəti ilə məşğuldur. 2023-cü ildə cavabdehə müraciət edərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun bu müraciəti cavabsız və nəticəsiz qalmış və əksinə olaraq ona heç bir məlumat verilmədən, heç bir inzibati icraat aparılmadan 2023-cü ilin aprel ayından başlayaraq bu günə qədər əmək pensiyasından hər ay 325 manat pul tutulmağa başlamışdır. Bundan sonra o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona 2007-ci ilin mart ayında yaşa görə əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının 2023-cü ilin aprel ayından yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini, 2023-cü ilin aprel ayından başlayaraq bu günə qədər əmək pensiyasından hər ay 325 manat pul tutulmasına izah verilməsinə göstəriş verilməsini, onun əmək pensiyasından pul tutulması barədə qərarın surətinin onun ünvanına göndərilməsini, 2023-cü ilin aprel ayından bu günə qədər tutulmuş bütün pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə cavabdehin qəbul şöbəsində xx.xx.2024-cü il tarixdə 3-17-1/1-Ə-149915/2024 nömrəsi ilə qeydə alınmış, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Mərkəzi Filialdan müraciətinin müsbət həllinin mümkün olmayacağı iddiaçıya yazılı şəkildə bildirilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona 2007-ci ilin mart ayında təyin olunan yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya 12 mart 2007-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı 16 fevral 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, müraciətlə əlaqədar aparılan araşdırma nəticəsində iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 2553,53 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən son üç il üzrə yenidən hesablanaraq iddiaçıya 9811,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Həmin 9811,22 manat pul vəsaitinin cari aydan etibarən əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi müəyyənləşdirilmişdir. Eyni zamanda iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 98075,26 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçının Mərkəzi Filiala müraciət etdiyi 16 fevral 2023-cü il tarixə 98075,26 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 2-ci cümləsinin tələblərinə uyğun qaydada 146 aya bölünməklə (98075,26:146(65 il-58 il 10 ay=74 ay +72 ay(144 ay-72 ay)=671,75 manat) həmin tarixədək mövcud olmuş qanuni əmək pensiyasının (2553,53 manat) üzərinə əlavə edilərək pensiya məbləği 3225,28 (2553,53+671,75) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya ilk dəfə 2007-ci ildə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilib. Həmin vaxt iddiaçının xidmət keçdiyi orqan tərəfindən verilmiş pul attestatına əsasən əmək pensiyası hesablanıb. Pul attestatında iddiaçının təminat xərcliyi düzgün göstərilib. Lakin, sonrakı dövrlərdə iddiaçının vəzifə maaşı cavabdehin əməkdaşları tərəfindən elektron sistemə düzgün daxil edilməyib. Belə ki, iddiaçının təminat xərcliyi 1265 əvəzinə 1435 kimi qeyd edilib. Bu hal sonrakı artımlar zamanı baş verib. Belə ki, yenidən hesablamaların birində iddiaçının təminat xərcliyi şöbə rəisinin təminat xərcliyinə uyğun götürülüb. Həmin hal sistemdə düzəldildiyi üçün, səhv hesablamanın hansı tarixdə baş verdiyi dəqiq bilinmir. İddiaçı 2023-cü ildə müraciət edən zaman həmin hal aşkar edilib və iddiaçının əmək pensiyası yenidən hesablanaraq düzgün qaydada müəyyən edilib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 000223 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya 12 mart 2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 0046943 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X2 və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu yol rəisinin liter işləri üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə "xxxx" QSC sədrinin liter işləri üzrə köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin böyük mütəxəssisi vəzifəsinə keçirilmiş, hal-hazırda bu vəzifədə çalışır. İddiaçıya xx.xx.2023-cü il tarixli məlumat vərəqinə əsasən cəmi xidmət illərinin 37 il 11 ay 03 gün (24 il 05 ay 11 gün təqvimi, 13 il 05 ay 22 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1265 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə 30 faiz miqdarında əlavə 425,70 manat, məharət dərəcəsinə görə əlavə 15 faiz miqdarında əlavə 189,75 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 2098,45 manat təşkil edib. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7727/2023 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası 37.3-cü maddəsinə və yeni məlumat vərəqinə əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 3225 manat 28 qəpik təşkil etmişdir. Cavabdehin 08 aprel 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçı 12 mart 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunub. Adıçəkilən şəxs əmək pensiyasının yenidən hesablanması ilə bağlı 16 fevral 2023-cü il tarixində müraciət edib. Bununla əlaqədar, aparılan araşdırma nəticəsində iddiaçının əmək pensiyasının təminat xərcliyinə uyğun olaraq düzgün hesablanmadığı aşkar olunub. Buna görə də, verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumat vərəqinə əsasən əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 2023,88 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və müvafiq indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 2553,53 manat) məbləğində müəyyən edilib. Eyni zamanda, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 16 fevral 2023-cü il tarixinədək işlədiyi müddətdə fərdi şəxsi hesabında qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 3225,28 manat məbləğində müəyyən edilib. Son üç il müddət üçün iddiaçıya 9811,22 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait 2023-cü ilin oktyabr ayından etibarən adıçəkilən şəxsin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa olunur. Həmçinin, iddiaçının əmək pensiyası fərdi şəxsi hesabının sığorta hissəsində sonradan əks olunmuş pensiya sığorta kapitalı nəzərə alınmaqla 16 fevral 2023-cü il tarixindən yenidən hesablanaraq 3233,10 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 1 yanvar 2024-cü il tarixindən 3595,21 manat və 1 yanvar 2025-ci il tarixindən 3886,42 manat məbləğində hesablanıb. Əlavə olaraq, iddiaçının fərdi şəxsi hesabında sonradan əks olunmuş pensiya kapitalına görə ona ötən dövr üzrə ödənilməli olan 203,35 manat fərq məbləği müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçının artıq ödənilmiş pul vəsaitinin onun pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpası və hesablanmış fərq məbləğinin əvəzləşdirilməsi nəticəsində 01 aprel 2025-ci il tarixinə qalan artıqödəməsi 3736,22 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir (1.0.3.). Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1.0.5.) Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5.). Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.11.). Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;[119] 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər (20.14.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya hərbi qulluqçu kimi 2007-ci ildə əmək pensiyası təyin edilib. Bundan sonra isə iddiaçı 2023-cü ildə əmək pensiyasının toplanmış pensiya kapitalına uyğun formada hesablanması üçün cavabdehə müraciə edib. Cavabdeh isə iddiaçının əmək pensiyasının təminat xərcliyinə əsasən düzgün hesablanmadığını əsas gətirərək 07 aprel 2023-cü il tarixli qərar əsasında onun əmək pensiyasını yenidən hesablamışdır. Cavabdehin nümayəndəsi bu hal iddiaçının əmək pensiyasının vaxtilə təminat xərcliyinə əsasən düzgün hesablanmadığı ilə əsaslandırmışdır. Nümayəndənin bildirdiyinə görə təminat xərcliyi cavabdehin əməkdaşları tərəfindən artıq götürülmüş və bu səbəbdən iddiaçının əmək pensiyası artıq hesablanmışdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan üzün müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Həmin səhv hesablamanın nə vaxt baş verdiyini isə cavabdehin nümayəndələri məhkəmə iclasında izah edə bilməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmə tədqqiq olunmuş sübutları ümumiləşdirərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2544/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2544/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver