Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2545/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Ermənistanın Vardenis rayonunda doğulmuş, xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilə qədər X14 İnsitutunda ali təhsil almışdır. 1977-ci ildən etibarən müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş, 2021-ci ildə pensiya yaşına çatmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müraciət zamanı təqdim edilən əmək kitabçasının və diplomun surətlərinə əsasən sığorta stajının (xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla) 23 il 9 ay təşkil etdiyi, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabımın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmamışdır. Həmçinin, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "Qəti söz" qəzetində əmək fəaliyyəti dövrünü araşdırılarkən həmin müəssisənin 2004- 2005-ci il tarixlərində olan arxiv sənədləri (əməkhaqqı hesablama cədvəlləri və əmrlər kitabları) saxlanılmadığı üçün onun əməkhaqqı alıb-almadığının müəyyən edilməsinin mümkün olmadığı və sözügedən qəzetin təsisçisi X2 şifahi məlumatına əsasən 2004- 2005-ci il tarixlərində redaksiya tərəfindən əməkhaqqı hesablama cədvəlləri tərtib olunmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı müddət nəzərə alınmaqla) 23 il 9 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək “Qəti söz” qəzetində əmək fəaliyyəti dövrünün araşdırılarkən həmin müəssisənin 2004-2005-ci il tarixlərində olan arxiv sənədləri (əməkhaqqı hesablama cədvəlləri və əmrlər kitabları) saxlanılmadığı üçün onun əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Sözügedən qəzetin təsisçisi X2 şifahi məlumatına əsasən 2004-2005-ci il tarixlərində redaksiya tərəfindən əməkhaqqı hesablama cədvəlləri tərtib olunmayıb. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, imtina əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək orta məktəbdə müəllim; xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək fəhlə; xx.xx.1991-cı il tarixdən xx.xx.1992-ci il tarixədək fəhlə; xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək briqadir; xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək üzümçülük briqadasında fəhlə; xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Nəşriyyatı “Qəti söz” qəzetində parlament müxbiri vəzifəsində işləmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan “Qəti söz” qəzetinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-8296/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Qəti söz” qəzeti xx.xx.2003-cü il tarixdə uçota alınmışdır. Təsisçisi və baş redaktoru X11 olmuşdur. xx.xx.2004-cü il tarixdə təsisçinin müraciətinə əsasən qəzetin ləğv olunması barədə məlumat qeydə alınmışdır. Həmçinin qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə “Media haqqında” Qanun qüvvəyə minmişdir. Həmin Qanunun 78.6-cı maddəsinə əsasən Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Qanun ləğv edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1590 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın X1 dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələrinə aid edilmişdir Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 23 il 09 ay əmək stajı hesablamış və onun əmək kitabçasında kı qeydlərə əsasən, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Nəşriyyatı “Qəti söz” qəzetində parlament müxbiri vəzifəsində olan əmək fəaliyyətini dövrünü nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının qanunla tələb olunan pensiya yaşına çatdığı və onun fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı müəyyən edilir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə iddiaçının “Qəti söz” qəzetindəki mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, hər nə qədər də “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edilsə də, xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti diqqətə alındıqda əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Lakin hazırkı halda iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı mübahisəli dövrlə bağlı (xx.xx.2004-xx.xx.2006-cı il tarixlər) qeydlərin həqiqiliyi şübhə doğurur. Belə ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Nəşriyyatı tərəfindən nəşr edilən “Qəti söz” qəzetində xx.xx.2004–xx.xx.2006-cı il tarixləri aralığında əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasında qeyd aparılmış olsa da, bu müddətdə onun faktiki olaraq əmək funksiyasını yerinə yetirməsi əsaslı şübhələr mövcuddur. Bu şübhələr, ilk növbədə, “Qəti Söz” qəzetinin hüquqi vəziyyəti ilə bağlı təsdiq olunmuş hallara əsaslanır. Belə ki, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktubundan məlum olur ki, “Qəti söz” qəzetinin təsisçisi və baş redaktoru olmuş X8 müraciəti əsasında, xx.xx.2004-cü il tarixdə qəzetin ləğv edilməsi barədə məlumat qeydə alınmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbyacan Respublikası Qanununun 14-cü maddəsindən: Kütləvi informasiya vasitəsinin fəaliyyəti yalnız təsisçinin qərarı ilə, yaxud da qeydiyyatçı orqanın iddiası üzrə məhkəmə tərəfindən dayandırıla və ya ona xitam verilə bilər. Təsisçinin kütləvi informasiya vasitəsinin fəaliyyətini yalnız redaksiya nizamnaməsində, yaxud təsisçi ilə redaksiya (baş redaktor) arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda dayandırmaq və ya ona xitam vermək ixtiyarı var. ... Kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verildikdə, onun qeydiyyat şəhadətnaməsi və redaksiya nizamnaməsi etibarsız sayılır. Göründüyü kimi, müvafiq dövrdə qüvvədə olmuş qanunvericliyin tələbinə görə kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verildikdə, onun qeydiyyat şəhadətnaməsi və redaksiya nizamnaməsi etibarsız sayılır və bu baxımdan hazırkı halda “Qəti söz” qəzetinini təsisçisinin qərarı əsasında qəzetin ləğv edilməsi barədə məlumat olduğu halda, iddiaçının həmin qəzetdə xx.xx.2004-cü ildən sonrakı əmək fəaliyyətinin hüquqi əsası olmamışdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçı parlament müxbiri kimi spesifik vəzifənin əmək funksiyalarının nədən ibarət olması, yaxud gördüyü işin xüsusiyyətləri ilə bağlı yetərli sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı öz iddiasını əsaslandırılmaq üçün “Qəti söz” qəzetinin bir neçə nüsxəsini məhkəməyə sübut kimi təqdim etmişdir. Həmin nüsxələrə məhkəmə iclası zamanı baxış keçirilmiş və bu qəzetlərdə iddiaçı tərəfindən yazıldığı iddia olunan bir sıra şeirlərin dərc olunduğu müəyyən edilmişdir. Lakin bu halın özü iddiaçının həmin mətbu orqanda parlament müxbiri vəzifəsində çalışdığını təsdiq edən dəlil kimi qəbul edilə bilməz. Çünki hər bir şəxs öz ədəbi yaradıcılığını müxtəlif qəzet və jurnallarda çap etdirə bilər. Bu hal həmin şəxsin rəsmi əmək münasibətlərində olduğunu və konkret jurnalist vəzifəsini icra etdiyini göstərən halla eyniləşdirilməməlidir. Bu baxımdan məhkəmə iddiaçının izahatını və təqdim etdiyi qəzet nümunələrini hazırkı mübahiəsənin predmeti baxımından mötəbər sübut kimi qiymətləndirməmişdir. Bundan əlavə, qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi vəzifə üzrə tələb olunan peşə-ixtisas hazırlığı da mövcud deyil. Belə ki, Televiziya və radio proqramları sahəsində qulluqçu vəzifələrinin Vahid X3 “parlament müxbiri” vəzifəsi ayrıca göstərilməsə də, onunla oxşar vəzifələr, o cümlədən “xüsusi müxbir” və “fotomüxbir” vəzifələrin olduğu müəyyən edilmişdir. Həmin vəzifələr üzrə isə aydın şəkildə ali ixtisas təhsili tələbi irəli sürülmüşdür. Halbuki, mövcud iş materiallarında iddiaçının bu sahədə müvafiq təhsil alması və ixtisas tələblərinə cavab verməsi barədə hər hansı sənəd təqdim olunmamışdır. Eyni zamanda məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı ixtisasca müəllim olmaqla, əmək fəaliyyəti dövründə 20 avqust 1977-ci il tarixdən 24 avqust 1988-ci il tarixədək ümumtəhsil müəssisəsində müəllim vəzifəsində çalışmışdır. Bu dövrə dair əmək fəaliyyəti sənədlərlə təsdiq olunmuş və şübhə doğurmadan əmək stajı kimi qəbul edilmişdir. Lakin daha sonrakı dövrdə iddiaçının “parlament müxbiri” vəzifəsində işlədiyi ilə bağlı təqdim etdiyi məlumatlar, bu dövr üzrə əmək stajını şübhə altına alır. Məhkəmə iclası zamanı iddiaçı ilə bu məsələ ətrafında müzakirələr aparılmış, lakin o, sözügedən vəzifə üzrə konkret əmək funksiyalarını izah etməkdə çətinlik çəkmiş, fəaliyyəti çərçivəsində hansı işləri yerinə yetirdiyini, bu sahənin spesifik xüsusiyyətlərini və öz bilik və ixtisasının həmin işə uyğunluğunu əsaslandıra bilməmişdir. Bundan başqa şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində iddiaçının “Qəti Söz” adlı qəzetdə parlament müxbiri vəzifəsində çalışdığını, parlament iclaslarında iştirak etdiyini və oradan məlumatlar topladığını bildirsə də, bu fəaliyyətin konkret dövrlər üzrə yerinə yetirilib-yetirilmədiyi, əmək funksiyasının nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Habelə, adıçəkilən şəxsin qəzetin baş redaktoru və təsisçisi olması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sorğuya cavab məktubu ilə də müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə, işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Nəşriyyatı tərəfindən nəşr edilən “Qəti Söz” qəzetində əmək fəaliyyətinə dair heç bir məlumatın olmadığı müəyyən edilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür.” İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov