Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2546/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi, ev Ö/T 33; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sına qarşı X2, Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş veteran kimi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və hərbi qulluqda olduğu müddət ərzində hesablanan, lakin ona ödənilməyən pul vəsaitlərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının soyadının “Səlimov” əvəzinə “Səlimli” kimi oxunması qərara alınmışdır. Həmçinin, cavabdehin adının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi” kimi oxunması qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbi “hərbi qulluqda olduğu müddət ərzində hesablanan, lakin ona ödənilməyən pul vəsaitlərinin ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı cavabdehə müraciət etmiş və Qarabağ müharibəsinin iştirakçısı kimi və N-1993-cü illərdə Fizuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşən bir tağım komandiri kimi ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilməsini xahiş etmişdir. Adıçəkilən komissiyaya müraciət etdikdə ona bildirilmişdir ki, “N nömrəli hərbi hissəyə daxil olmağınız (xx.xx.N-ci il) barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmadığına, toplanışa çağırılmağınız və qanuni əsaslarla ehtiyata buraxılmağınızın tarixləri (may Nfevral 1993-cü il) N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (xx.xx.1993 — xx.xx.1994-cü il) müddətinə təsadüf etmədiyinə görə Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir". Hərbi biletində N nömrəli hərbi hissənin tərkibində Fizuli və Qubadlı bölgələrində gedən döyüşlərin iştirakçısı olduğu, həmçinin N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışda onun Qarabağda gedən döyüşlərdə iştirakı qeyd edilsə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” işi aşardırmayaraq təkcə onunla əsaslanmışdır ki, onun N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmamış, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılmasının tarixləri N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (xx.xx.1993 - xx.xx.1994-cü il) müddətinə təsadüf etmir. Ədalətli araşdırılma keçirilsəydi təhlil olunardır ki, onun şəxsi işində hansı məlumatlar vardır və onun təqdim etdiyi sənədlər ilə müqayisə olunardır. Şəxsi işində olan sənədlərdə və onun onlara təqdim etdiyi sənədlər hamısı ona aiddir, bunun təsdiqini tapmaq olduqca asandır. Təqdim etdiyi sənədlər notarial qaydada təsdiq olunmuşdur. Göründüyü kimi, əlində olan bütün sübutlara baxmayaraq və şəxsi işində olan sənədlərlə müqayisə etməyərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya düzgünqərara gəlməmişdir və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.N-ci ildən xx.xx.1993-cü il tarixədək N N-li hərbi hissələrin tərkibində döyüşlərdə iştrak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və ««Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD N-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini ««Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 N-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 N-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistənlə həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə.... -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994- cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, ««Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...». Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə «veteran adlarının verilməsi ilə bağlı» diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.1-ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli 216 N-İi Qərarı ilə «veteran adlarının verilməsi ilə bağlı» Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Naziri 6 yanvar 1998-ci il tarixli 4 N-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçının xx.xx.N-ci ildən xx.xx.1993-cü ilədək xidmətdə olması barədə müxtəlif əmrlər var. Bundan əlavə N N-li hərbi hissə xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. İddiaçı xəstəliyi ilə əlaqədar ehtiyata buraxıldıqdan 1N ay sonra xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak edib. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 N-li Qərarına 28 sentyabr 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim ediliyi halda mötəbərdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ГР seriyalı 042103 nömrəli Hərbi Biletindən görünür ki, X3 1.06.N-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Fizuıi, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş N nömrəli Hərbi Hissənin xx.xx.1998-ci il tarixli arayışına əsasən X3 xx.xx.N-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə Fizuli, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə, tağım komandiri kimi iştirak etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “N nömrəli hərbi hissəyə daxıl olmağınız (xx.xx.N-ci il) barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmadığına, toplanışa çağırılmağınız və qanuni əsaslarla ehtiyata buraxılmağınızın tarixləri (may N-fevral 1993-cü il) N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmə (xx.xx.1993-10.0.1994-cü il) müddətinə təsadüf etmədiyinə görə Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.” İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-5768 nömrəli məktubunda göstərilmişdir: “N Nli hərbi hissənin N N-31 12 N-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 12, sıra 3, məlumatda adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun iyun N-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N N-li hərbi hissənin xx.xx.N-xx.xx.N-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 23, sıra 5, məlumatda atasının adı yazılmamışdır) leytenant Elşad Səlimovun iyun N-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N N-li hərbi hissənin xx.xx.N-xx.xx.N-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 52, sıra 24, məlumatda atasının adı yazılmamışdır) tağım komandiri leytenant Elşad Səlimovun iyul N-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N N-li hərbi hissənin xx.xx.N-xx.xx.N-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 116, sıra 18, məlumatda adı tam, atasının adı yazılmamışdır) tağım komandiri leytenant E.Səlimovun avqust N-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N N-li hərbi hissə komandirinin 30 10.N-ci il tarixli 159 N-li əmrilə (əsas: səh 20, § 10, əmrdə qazan təminatından çıxarılma səbəbi qeyd edilməmişdir) leytenant X3 xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılmışdır. N N-li hərbi hissənin xx.xx.N-xx.xx.N-ci il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 204, sıra 29, məlumatda adı və atasının adı tam yazılmamışdır) tağım komandiri leytenant E.S.Səlimovun oktyabr N-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat vardır. 5-ci batalyonun tağım komandiri leytenant X3 xəstəliyi ilə əlaqədar olaraq Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün N N-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 41 N-li əmrilə (əsas: səh 19, § 1, sıra 2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir. Qeyd edirik ki, N N-li hərbi hissə komandirinin maysentyabr, noyabr-dekabr N-ci il, yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında X1 xidməti və ezamiyyəti, sentyabr, noyabr, dekabr N-ci il, yanvar 1993-cü il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir.” Göründüyü kimi, cavabdeh orqan iddiaçının N nömrəli hərbi hissəyə daxıl olması barədə qeydlər arxiv sənədlərində öz təsdiqini tapmaması, toplanışa çağırılması və qanuni əsaslarla ehtiyata buraxılması tarixlərinin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi müddətinə təsadüf etməməsi ilə əsaslandırsa da, iddiaçının hərbi biletindən və N saylı hərbi hissənin Arayışından görünür ki, İddiaçı N-1993-cü illərdə N saylı hərbi hissədə Fizuli, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Həmin Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2546/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2546/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver