Məhkəmə qərarları › İş №2-1(112)-2546/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2546/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2546/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və digərləri cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar qeydiyyatsız yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsindəki fərdi yaşayış evinə qeydiyyata düşmək üçün ərizə ilə cavabdehə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktub ilə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək müraciəti təmin etməkdən imtina etmiş, məhkəməyə müraciət etmək hüquqlarının olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçılar isə hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, qeydiyyata alınmasını istədiyi evdə heç kəs pasport qeydiyyatına alınmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün müraciəti müraciəti təmin edilməmiş, ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. -Binəqədi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı1 ünvan 1 ünvanda qeydiyyatdadır. -Binəqədi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2 ünvan 3 ünvanda qeydiyyatdadır. -ASAN1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı3 ünvan 3 ünvanda qeydiyyatdadır. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1984-cü il təvəllüdlüdür. -Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 207 №li Qərarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Binəqədi rayonu Biləcəri qəsəbəsinin şimal-qərbində yerləşən Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqına ayrılmış 1,10 ha torpaq sahəsindən 300,0 kv.m. torpaq sahəsi fərdi ev tikmək məqsədilə alqı-satqı əsasında İddiaçı1 adına sənədləşdirilməsi qərara alınmışdır. -Binəqədi RPİ QMB-nin inspektoru C.Qafarovun və Biləcəri rayonu, 1 May küçəsində yaşayan C.Abbasova, M.Məmmədova, T.Tağıyeva, S.Vəliyeva və Q.Eminovanın iştirakı ilə tərtib olunmuş 02 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, aktda adları çəkilən şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yaşadıqlarını təsdiq etmişlər. -Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınıb-alınmaması ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda ünvana dair dəqiq məlumat (evin nömrəsi) verildikdən sonra müraciətə yenidən baxıla biləcəyi bildirilmişdir. -Binəqədi RİH Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 İddiaçı2, İddiaçı3, İddiaçı4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivində inşa edimiş tikilidə qeydiyyatsız yaşayırlar. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci bənddə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini vermək hüququ olan şəxsin iradə ifadəsi olduqda. Məhkəmə yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçıların qeydiyyata alınmalarını xahiş etdikləri fərdi yaşayış evinə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı1 Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 207 №li qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində torpaq sahəsi ayrılması barədə qərar qanunvericiliklə nəzərdə tutulmuş hallara uyğun olması şərti ilə həmin daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayıla bilər. Lakin bu qərar iddiaçıların həmin torpaq sahəsində inşa etdikləri tikiliyə hazırkı halda qeydiyyata alınması üçün hüquq vermir. Başqa sözlə, bəhsolunan inzibati akt 5-ci maddədə göstərilmiş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən biri kimi çıxış edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən fərdi yaşayış evinə səlahiyyətli qurum tərəfindən ünvan verilməsi də müəyyən edilməmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə qənaəti belədir ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar