Məhkəmə qərarları › İş №2-1(112)-2547/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2547/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2547/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (qardaşı) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı “şəhadətnamədə dəyişiklik edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 10TG026 dövlət qeydiyyat nişanlı İSUZU Ecobus avtobusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilən AD584447 №-li X3 şəhadətnaməsinə avtobusun tipinə uyğun olaraq faktiki oturacaq sayına münasib olan 22 + 1 dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 10TG026 dövlət qeydiyyat nişanlı İSUZU Ecobus avtobusuna Azəraycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi Qİİ tərəfindən AD5 84447 №-li X3 şəhadətnaməsi verilmişdir. Həmin avtobus hal-hazırda ilkin alqı-satqı müqaviləsinə əsasən X5-nin istifadəsindədir. Belə ki, MMC tərəfindən müvafiq avtobusun istifadə edilməsində maneələr yaranmışdır. Bu maneələrə səbəb isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş X3 şəhadətnaməsində avtousun tipi olaraq Vaqon 27+1 yer olaraq qeyd edilmişdir. Lakin qeyd edilən tip 10TG026 dövlət qeydiyyat nişanlı İSUZU Ecobus markalı 2012-ci il buraxılışlı avtobuslar üçün uyğun tip deyil. Çünki həmin avtousa baxış keçirilsə müəyyən etmək olar ki, qeyd olunan avtobusun oturacaq sayı 22+1 ədəddir. Buna əsasən AR DİN Baş X13 İdarəsi tərəfindən verilən şəhadətnamə düzgün tərtib edilməmişdir. Məhz buna görə yəni, avtousun faktiki oturacaq sayının 22+1 ədəd olması, lakin X3 şəhadətnaməsində oturacaq sayının 27+1 ədəd olaraq göstərilməsinə görə yol polisi tərəfindən dəfələrlə avtobus saxlanılmış, müvafiq uyğunsuzluq diqqətə çatdırılmış, səmərəli istifadəyə maneələr törədilmişdir. İddiaçı tərəfindən Baş X13 İdarəsi tərəfindən X3 şəhadətnaməsi tərtib edilərkən yol verilmiş səhvin aradan qaldırılması və müvafiq qeydiyyat şəhadətnaməsində müvafiq düzəlişin aparılması ilə bağlı AR DİN Baş X13 İdarəsinə müraciət edilsə də, qurumdan rəsmi cavab ala bilməmişik. İddiaçı hesab edir ki, 10TG026 dövlət qeydiyyat nişanlı İSUZU Ecobus avtobusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilən AD584447 №-li X3 şəhadətnaməsinə avtobusun tipinə uyğun olaraq faktiki oturacaq sayına münasib olan müvafiq dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.

3. AD 584447 nömrəli X3 Şəhadətnaməsinə əsasən: Qeydiyyat nişanları: 10TG026 Marka, model: İSUZU ECOBUS AVTOBUS Tip: VAQON 27+1-YER Buraxılış ili: 2012 Mühərrik: 029675 Şassi: NNAM0B5LL02017264 Rəngi: Ağ Qeydiyyat üçün əsas: Alqı-satqı müqaviləsi BDYPİ Verilmə tarixi: xx.xx.2019

4. 20.10.2022-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqı Müqaviləsinə əsasən Tərəflər xx.xx.2024-cü il tarixə kimi AD584447 nömrəli xx.xx.2019-cu il tarixli AR X3 Şəhadətnaməsinə əsasən “Satıcı” İddiaçı məxsus olan 029675 mühərrik nömrəli, 2012-ci il buraxılışlı 10TG026 dövlət nömrə nişanlı İSUZU ECOBUS AVTOBUS markalı avtomobilin 22050 (iyirmi iki min əlli) manata “İkinci tərəf” X1 barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İSUZU ECOBUS AVTOBUS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.

6. "xxxx" MMC tərəfindən təqdim edilmiş “İsuzu Ecobus” markalı 10TG026 dövlət nömrə nişanlı avtobusun oturacaqlarının sayının müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 74 nömrəli Hesabatda müəyyən edilmişdir ki, “İsuzu Ecobus” markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun qeydiyyat şəhadətnaməsində (AD№5 84447) avtobusun tipi - Vaqon 27+1 yer qeyd olunmuşdur. Lakin baxış zamanı 22+1 yer müəyyən olunmuşdur. «İsuzu Ecobus» 2012-ci il buraxılışlı avtobuslar zavodda 22+1 yer kimi istehsal olunaraq istifadəyə buraxılır.

7. "xxxx" QSC tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, “İsuzu Ecobus” markalı ** TG *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirdilmiş və sərnişin yerlərinin sayı 22+1-dir.

8. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

13. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

14. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

15. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

16. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

17. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, X3 şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

19. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin rəsmi qeydiyyatdan keçdiyini təsdiq edən hüquqi sənəddir. Bu şəhadətnamə Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən verilir və nəqliyyat vasitəsinin hüquqi statusunu, texniki göstəricilərini və mülkiyyətçisinə dair məlumatları özündə əks etdirir.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, AD 584447 nömrəli X3 Şəhadətnaməsinə əsasən: Qeydiyyat nişanları: 10TG026 Marka, model: İSUZU ECOBUS AVTOBUS Tip: VAQON 27+1-YER Buraxılış ili: 2012 Mühərrik: 029675 Şassi: NNAM0B5LL02017264 Rəngi: Ağ Qeydiyyat üçün əsas: Alqı-satqı müqaviləsi BDYPİ Verilmə tarixi: xx.xx.2019

21. İddia ərizəsinin məzmunundan göürünür ki, İddiaçı 10TG026 dövlət qeydiyyat nişanlı İSUZU Ecobus Avtobus markalı nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş AD584447 №-li X3 şəhadətnaməsində nəqliyyat vasitəsinin tipinin faktiki oturacaq sayına uyğun olaraq 22 + 1 kimi dəyişdirilməsini tələb edir.

22. Məhkəmə nəzərə alır ki, - "xxxx" MMC tərəfindən təqdim edilmiş “İsuzu Ecobus” markalı 10TG026 dövlət nömrə nişanlı avtobusun oturacaqlarının sayının müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 74 nömrəli Hesabatda müəyyən edilmişdir ki, “İsuzu Ecobus” markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun qeydiyyat şəhadətnaməsində (AD№5 84447) avtobusun tipi - Vaqon 27+1 yer qeyd olunmuşdur. Lakin baxış zamanı 22+1 yer müəyyən olunmuşdur. «İsuzu Ecobus» 2012-ci il buraxılışlı avtobuslar zavodda 22+1 yer kimi istehsal olunaraq istifadəyə buraxılır. - "xxxx" QSC tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, “İsuzu Ecobus” markalı ** TG *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirdilmiş və sərnişin yerlərinin sayı 22+1dir.

23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “İsuzu Ecobus” markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun sərnişin yerlərinin sayı 22+1 olduğundan AD 584447 nömrəli X3 Şəhadətnaməsində müvafiq dəyişiklik edilərək nəqliyyat vasitəsinin tipi faktiki vəziyyətə uyğun olaraq 22+1 kimi qeyd olunmalıdır.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən X3 Şəhadətnaməsində dəyişiklik edilməsi üçün “qanuni gözləntisi” var.

25. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilsin. “İSUZU ECOBUS AVTOBUS” markalı, 10TG026 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinə dair AD 584447 nömrəli X3 Şəhadətnaməsində dəyişiklik edilərək nəqliyyat vasitəsinin tipinin “22+1” kimi qeyd olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar