Məhkəmə qərarları › İş №2-1(112)-2548/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2548/2020

28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2548/2020 28.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz hesab edilərək ünvan 1 ünvanda yerləşən binanın 3-cü mərtəbəsindəki sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlaka ünvanın, texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın 3-cü mərtəbəsindəki sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 iyul 2015-ci il tarixdə "xxxx" MTK ilə onun arasında Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə X3 küçəsinin Azadlıq prospekti ilə kəsişməsində 2 və 4 saylı binaların qarşısında inşa edilən ticarət mərkəzinin 3-cü mərtəbəsindəki ümumi sahəsi 1442.0 kv.m olan qeyri-yaşayış sahəsinin payçı olaraq ona verilməsinə dair müqavilə bağlanılmış və "xxxx" MTK üzvlərinin ümumi iclasının 11 dekabr 2019-cu il tarixli, 05 saylı protokoluna əsasən o, "xxxx" MTK-ya üzv qəbul edilmiş, ona MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 17 saylı ünvanında inşa edilən ticarət mərkəzinin 3-cü mərtəbəsində, ümumi sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsinə görə tərəfindən "xxxx" MTK-nın büdcəsinə nağd əkildə 432.60 (dörd yüz otuz iki min altı yüz) manat pul vəsaiti ödənilmişdir. Kooperativə onun heç bir borcu yoxdur. Cavabdeh təşkilata qeyriyaşayış sahəsinə texniki pasportun tərtib edilməsi, daşınmaz əmlaka ünvanın, daha sonra isə dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən **********06 saylı, 27 dekabr 2019-cu il tarixli bildirişi ilə onun ərizəsinə baxılmış və tələblərinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara icazə sənədi idarəyə təqdim edildiyi təqdirdə ərizəsinə yenidən baxıla bilər. Cavabdeh orqanın həmin imtinasını əsassız və qanunsuz hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********06 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara icazə sənədi idarəyə təqdim edildiyi təqdirdə ərizəsinə yenidən baxılacaqdır. İşdə olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 05 nömrəli, 11 dekabr 2019-cu il tarixli protokolundan Çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 3 ünvanında inşa olunan, ticarət mərkəzinin 3-cü mərtəbəsində, ümumi sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. İşdə olan "xxxx" MTK tərfindən verilmiş 11 dekabr 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 17 ünvanında inşa edilən ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyri-yaşayış sahəsinin balans dəyəri 432600 (dörd yüz otuz iki min altı yüz) manat təşkil edir. Kooperativə qeyriyaşayış sahəsinin sahibinin heç bir borcu yoxdur. İşdə olan "xxxx" MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov küçəsində 2-4 saylı binalarının qarşısında layihələndirilən qaraj və ticarət mərkəzinin işçi layihəsinin 3-cü mərtəbənin hörgü planından görünür ki, həmin layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə, 18/04-420 nömrə ilə razılaşdırılmışdır. Hazırda iddiaçı razılaşdırılmış layihə əsasında inşa edilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair texniki pasportun və reyestrdən çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2019-cu il tarixli, **********06 saylı məktubla imtina edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Eləcə də, həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən binanın 3-cü mərtəbəsindəki sahəsi 1442 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar