Məhkəmə qərarları › İş №2-1(112)-2548/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2548/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2548/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi satıcı, pensiyaçıdır), cavabdehin nümayəndəsi X2 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin 31.10.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X18” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi ” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı cavabdehin 31.10.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X18” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 31.10.2020-ci il tarixli Çıxarışda səhvən “İddiaçı” əvəzinə “X18” göstərilmişdir. Şəxsiyyət vəsiqəsindən göründüyü iddiaçının adı İddiaçıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeyd olunan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin (paylı mülkiyyət üzrə) İddiaçı kimi düzəliş edilməsi üçün X18 ilə eyni şəxs olması barədə sənəd təqdim olunması məqsədəuyğundur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 10338392 saylı 29.06.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə görə İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1955-ci il təvəllüdlüdür. Doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı Xasay qızı xx.xx.1955 –ci ildə Qubadlı rayonunda Məmər kəndində doğulmuşdur; ata qrafada Xasay, ana qrafada X9 qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X15 adına verilmiş ********** qeydiyyat nömrəli, 31.10.2020-ci il tarixli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətini görə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə əmlak kimi hüquqi sahibləri qismində X20, X21 və X11 olmaqla qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********92 nömrəli 29.06.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişə görə ərizəçi X6 bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən ilə bağlı ********** qeydiyyat nömrəli 10.06.2021-ci il tarixli ərizənizə baxılmış, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin (paylı mülkiyyət üzrə) X1 düzəliş edilməsi üçün X18 ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçı tərəfindən əlavə sübut kimi təqdim edilmiş 2(007)-3301/2021 nömrəli 22.07.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəradadına əsasən, ərizəçi X3 “ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31.10.2020-ci il tarixli çıxarışında yazılmış X10 X12 ilə eyni şəxs olması faktının müəyyən edilməsi haqqında ərizəsinin qəbulundan imtina edilməsi, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01.09.2021-ci il tarixli, 2(103)- 8946/2021 nömrəli iş üzrə qərardadına əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşagıdakı sənədlər təqdim edilmişdir: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 17.10.1996-ci il tarixli 1057 nömrəli şəhadətnaməyə əsasən, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə X13, X18, X7 ondan ötrü verilmişdir ki, Bakı şəhəri, 8-ci km qəsəbəsi, Q. Qarayev küçəsi 1, BÇTİ-nin 115/211 nömrəli çörək mağazasının əmlakını və 25,42 kv.m olan qeyri-yaşayış sahəsini on milyon üç yüz otuz səkkiz min manata qüvvədə olan qanunvericilik əsasında satın almışdırlar. - X16 adına olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 31.10.2020-ci il tarixli Çıxarışı , - X16 X4 vərəsəsi olması, onun miras əmlakdan 1/1 pay alması, o cümlədən Bakı şəhəri, 8-ci kilometr qəsəbəsi, qara Qarayev prospekti, 1 ünvanda yerləşən ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (ümumi birgə mülkiyyət hüququ üzrə) X8 məxsus hissəsindən ibarət olması barədə Qanun üzrə vərəsəlik haqqında 08.10.2020-ci il tarixli şəhadətnamə. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 30 senrtabr 2020-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev küçəsi 1, ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əmlakın ümumi birgə paylar üzrə mülkiyyətçiləri: X17, X13, X14r. , Məhkəmə iş materiallarında olan həmin sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı cavabdehə müraciət edərək iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatı barədə ********** qeydiyyat nömrəli,31.10.2020-ci i tarixli Çıxarışında yazılmış “X18” olaraq qeyd edilən adının “İddiaçı” kimi düzəlməsini xahiş etmişdir, lakin müraciəti qeyd edilən daşınmaz əmakla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim ediməməsi əsası ilə təmin edilməmişdir.Odur ki. iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 16-ci maddəsində göstərilmişdir:” 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.” Həmin Qanunda eyni zamanda qeyd olunmuşdur ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6.-ci maddəsi) Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.24-ci bənd) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İşin faktiki hallarına əsasən qeyd olunan ********** qeydiyyat nömrəli, 31.10.2020-ci i tarixli Çıxarışda adının ‘X18” kimi qeyd olunduğundan adının İddiaçı olaraq dəyişdirilməsi barədə tələb ilə hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət edən iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etməmişdir. Belə bir sənəd - X18 ilə İddiaçı eyni şəxs olmasına dair hər hansı bir sənəd mövcud olmadığından, cavabdehin dövlət reyestrində düzəlişlərin edilməsindən imtinası qanunsuz hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında’ qanunun 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin qanunun 13-cü maddəsinin müvafiq bəndlərinə görə, 13.1.dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır, 13.2. ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir, 13.3. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir: 13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq sahibləri; 13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında təqdim olunmuş çıxarışlar; 13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər. İş materiallarında olan ********** qeydiyyat nömrəli,31.10.2020-ci i tarixli Çıxarışın verilməsi üçün əsas olmuş arxiv sənədlərdə, o cümlədən 1996-ci ildə verilmiş şəhadətnamədə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini əldə etmiş 3 nəfər fiziki şəxsin- ümumi birgə mülkiyyətçilərinin- adları ( X10 adı daxil olmaqla) aydın və tam şəkildə, hər hansı düzəliş edilmədən yazılmışdır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin 31.10.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X18” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi ” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin 31.10.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X18” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi ” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar