Məhkəmə qərarları › İş №2-1(112)-2549/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2549/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2549/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx”açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə “xxxx” ASC) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “kompensassiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə Fərman çərçivəsində kompensasiyanın hesablanması və qalıq borcunun restrukturizasiya ediləcək siyahıya daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Bank arasında xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ona 500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixində Bankla nağd pul lahiyəsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ona 13 ay müddətinə illik 28% ödəmək şərti ilə 1.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar olaraq qeyd edilmiş hər iki ”müqavilə üzrə ödənişlərində gecikmələr olmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, kreditin qalıq məbləği 430,15 manat, hesablanmış faiz məbləği 353,94 manat, əsas borcun gecikdirildiyi günlərin sayı 1301 gün, faizlərin gecikdirildiyi günlərin sayı isə 1331 gün təşkil etmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, kreditin qalıq məbləği 575.82 ABŞ dolları, hesablanmış faiz məbləği 220.03 ABŞ dolları, əsas borcun gecikdirildiyi günlərin sayı 1453 gün, faizlərin gecikdirildiyi günlərin sayı isə 1330 gün təşkil etmişdir. Bu səbəbdən “xxxx” ASC tərəfindən onun barəsində hər iki kredit müqaviləsi üzrə məhkəmə əmrinin qəbul edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(007)-2118/2017 saylı məhkəmə əmri ilə cəmi 795,85 ABŞ dolları məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmçinin Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(007)-2133/2017 saylı məhkəmə əmri ilə cəmi 784 manat məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ondan tutulması əmr edilmişdir. Qəbul edilmiş hər iki məhkəmə aktı icra edilməsi üçün müvafiq İcra şöbələrinə yönləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixində edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanın (Fərman) 7.1-ci bəndinə əsasən, X2 Palatasının banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi müəyyən edilmişdir. Qeyd edilmiş Fərmanın məqsədini problemli kreditləri olan fiziki şəxslərin borcları barədə Bankla vətəndaş arasında güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təşkil edir. Eyni zamanda həmin Fərmanın təsir dairəsinə 2012-ci il yanvarın 1-dən Fərmanın qəbul edildiyi tarixədək bağlanmış kredit müqavilələri, 10.000 (on min) ABŞ dollarınadək və 17.000 (on yeddi min) manatadək əsas borcu olan və ödənişi 360 gündən çox gecikdirilmiş kredit müqavilələri düşür. Həmçinin Fərmanın 6.2-ci bəndi ilə banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Bank ilə iddiaçı arasında bağladığı kredit müqavilələri üzrə kreditlərin məbləği, kreditlərin əldə edilməsi tarixləri və hər iki kredit üzrə gecikdirilən ödənişlərin müddətləri həmin kreditlərin problemli kreditlər olmasını və Fərman çərçivəsində restrukturizasiya edilməsini zəruri olmasını sübut edir. Qeyd edilənlərdən aydın olur ki, onunla cavabdeh bank arasında bağlanmış hər iki kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşür. Bu faktın müəyyən edilməsi üçün iddiaçı tərəfindən X2 Palatasının (Palata) Apelyasiya Komissiyasına (Komissiya) müvafiq müraciət ünvanlannmışdır. Komissiyanın xx.xx.2019-cu il tarixli #28416 nömrəli qərarında bildirilmişdir ki, restrukturizasiya olunacaq borclar Palata tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin (MKR) və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçı tərəfindən təqdim edilən materiallar, həmçinin kredit təşkilatlarında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, MKR-ə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. Yekun olaraq, müvafiq dəqiqləşmənin aparılmasının məhkəmə yolu ilə müəyyən edilməsi zərurəti qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, SF- 29911 nömrəli çixarışa əsasən, “xxxx” ASC ilə bağlanmış yuxarıda qeyd etdiyi hər iki kredit müqaviləsi onun aktiv borc öhdəliyi kimi qeyd edilmişdir. Lakin, həmin Çıxarışın 4.5-ci bəndində ona “xxxx” ASC tərəfindən xx.xx.2016-cı il tarixdə istehlak krediti verilməsi, həmin kredit üzrə isə əsas borcun gecikdirilən günlərinin sayının 3836 gün olması göstərilmişdir. İddiaçı tərəfindən həmin kredit götürülmədiyi üçün, bu qeyri-müəyyənliyin aydınlaşdırılması məqsədilə “xxxx” ASC-yə müraciət etmişdir. Sözügedən bankın xx.xx.2019-cu il tarixli MXD ******* nömrəli arayışında çıxarışın 4.5-ci bəndində əks olunmuş xx.xx.2016-cı il tarixli 1 USD məbləğində “Kredit xətti”nin başqa bir şəxsə (12- 31849-3) aid olması və texniki səhv nəticəsində ona məxsus olan Çıxarışda əks olunması faktı həmin Bank tərəfindən təsdiqlənmişdir. Lakin, “xxxx” ASC-yə dəfələrlə müraciət etməsinə baxmayaraq, adına olan kreditlərin müvafiq Fərmanın təsiri dairəsinə düşən restrukturizasiya edilən kreditlər siyahısında olmadığı və bu səbəblə də həmin kredit müqavilələrinin restrukturizasiya edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Ona görə də hər iki kredit müqaviləsinə restrukturizasiya hesablanması öhdəliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalı, həmin kredit müqavilələrinin restrukturizasiya edilməsi öhdəliyi isə cavabdeh Bank üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddia tələbinə dair xx.xx.2020-ci il tarixli 16-04640-2020 yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN:xxxxxxx) ilə “xxxx” ASC arasında xx.xx.2012-ci il tarixdə 500 manat dəyərində kredit xətti və xx.xx.2015-ci il tarixdə 1.500 ABŞ dolları dəyərində kredit müqavilələrinin bağlanmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Lakin vətəndaşın kredit tarixşəsinə daxil edilmiş, ləğv prosesində olan “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş cavabdeh və 3-cü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmişlər və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1979-cu ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. xxxx MMC tərəfindən verilən SF-29911 saylı xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, borcalan İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Bank tərəfindən “Borcalan”a 12 ay müddətinə 1.500 (bir min beş yüz) ABŞ dolları kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə borcalan İddiaçı “xxxx” ASC tərəfindən 500 (beş yüz) manat kredit verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2133/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1979-cu il təvəllüdlü ünvan 2 ünvanda yaşayan İddiaçı “xxxx” ASC-nin xeyrinə kredit məbləği üzrə 430,15 manat əsas və 353,94 manat faiz borc, cəmi 784,09 manat və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğinda dövlət rüsumunun tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2118/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1979-cu il təvəllüdlü ünvan 2 ünvanda yaşayan İddiaçı “xxxx” ASC-nin xeyrinə kredit məbləği üzrə 575,82 ABŞ dolları əsas, 220,03 ABŞ dolları faiz borc, cəmi 795,85 ABŞ dolları məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğinda dövlət rüsumunun tutulması qərara alınmışdır. “xxxx” ASC-nin AB N MXD ******* nömrəli xx.xx.2019-cu il tarixli bank arayışında İddiaçı xx.xx.2019-cu il tarixinədək “xxxx” ASC-də hər hansı bir hesablaşma hesabının olmaması bildirilmişdir. Həmçinin arayışda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli SF-29911 nömrəli AKB çıxarışının 4.5-ci bəndində əks olunmuş xx.xx.2006-cı il tarixli 1 USD məbləğində “Kredit xətti” başqa bir şəxsə (12-31849-3) aiddir və texniki səhv nəticəsində iddiaçıya məxsus AKB çıxarışında əks olunmuşdur. Azərbaycan Respubllikası Mərkəzi Bankı tərəfindən İddiaçı göndərilmiş imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X2 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciət üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin iddiaçının adına olmasının müəyyən edilməsini mümkün olmamışdır. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 2450 №li cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli CC**********C saylı müqaviləyə əsasən devalvasiya tarixlərinə ssuda hesabı üzrə əsas borc məbləğləri aşağıdakı kimidir: 1) 21.02.2015-ci il tarixə ssuda hesabı üzrə əsas borc – 0 ABŞ dolları 2) 21.12.2015-ci il tarixə ssuda hesabı üzrə əsas borc 575,82 ABŞ dolları. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X1 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X1 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində “xxxx” ASC tərəfindən kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X1 səhv təqdim edilməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “xxxx” ASC ilə bağladığı xx xxxx 2012-ci il tarixli və xx xxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə iddiaçı xx.xx.1979-cu il təvəllüdlü İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxx 2012-ci il tarixli və xx xxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə kompensasiyanın hesablanması və qalıq borcunun restrukturizasiya ediləcək siyahıya daxil edilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar