Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2549/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quliyeva (Abbasova) Zəminə Teymur qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı qeyd edir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qüvvəyə minənədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeriüzrə qeydiyyatda olmasını təsdiq edən bir çox sübut var (arayışlar, aktlar). Digər tərəfdən isə o, Azərbaycan Respublikasının ərazisində doğulduğundan və həmin anda onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olduğundan, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yaranır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, sözügedən şəxs 07.10.1998-ci il tarixədək ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlağına mənsubiyyətinə səbəb ola bilər ki, o, Qaydaların 2.2.1-ci yarımbəndinə nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisi tərk etməyən şəxs olsu. Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs (11.04.1998-ci ildə 18 yaşı tamam olmuş və eyni zamanda 1997-ci ildə nikaha daxil olmuşdur)1998-ci ilin oktyabr 7-dək (yuxarıda göstərilən qanun qüvvəyə minənədək) tam həcmdə fəaliyyət qabiliyyətli şəxs olmuşdur və sonradan Rusiya Federasiyasına getmiş, hal-hazırda həmin ölkənin vətəndaşıdır. Lakin, şəxs Azərbaycan Respublikasının ərazisində anadan olduğundan, o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.
14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun: -1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. -5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. -11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: -1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1.bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasınının vətəndaşı olub-olmamasının müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını istəyir və bunu iki hal ilə əsaslandırır: -07.10.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata olması; -11.04.1980-ci ildə Azərbaycan Respublikasının ərazisində doğulması və valideyinlərinin Azərbaycan Respublikasının vətəndaşları olmasıdır. Məhkəmə ilkin olaraq iddiaçının göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından görünür ki: -Lənkəran rayonunun Mamusta kəndində doğulmuş 11.04.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızı 1980-ci ildən 1997-ci ilə kimi Lənkəran rayonunun Mamusta kəndində yaşamış və 1986-1997-ci illərdə Mamusta kənd tam orta məktəbində təhsil almışdır. (Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi). -11.04.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Sevin Teymur qızı barəsində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. (DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) -11.04.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Sevin Teymur qızının hazırda Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması barədə heç bir məlumat aşkar edilmədi. Eləcə də onun 07.10.1998-ci il tarixədək Lənkəran rayonu ərazisində qeydiyyatda olması və qeydiyyatda olmasına əsas verən sənədlər saxlama müddətləri bitdiyi üçün məhv edildiklərindən həmin sənədlərin surətləriin göndərilməsi mümkün deyildir. (Lənkəran şəhər Polis İdarəsi) Məhkəmə icraatı zamanı təqdim olunmuş Mlilli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialının arxiv arayışında qeyd olunmuşdur ki, X8 filialında saxlanılan Mamusta kənd icra nümayəndəliyinin1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X2 təsərrüfatının olması və həmin təsərrüfatda onun adı qeyd edilmişdir.Bundan başqa iddiaçının 1997-ci ilin dekabr ayından 1998-ci il aprel ayınadək Rusiya Federasiyasında olması və həmin vaxtdan 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikasının ərazisində olmasını təsdiq edən Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və həmin kənddə yaşayan sakinlər tərəfindən tərtib olunmuş akt təqdim edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı Quliyeva (Abbasova) Sevin Teymur qızının 07.10.1998-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən yalnız Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdır. Halbuki, iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmasını təsdiq edən mötəbər dəlil (vətəndaşların qeydiyyatını həyata keçirən orqan tərəfindən təsdiqedici sənəd) təqdim olunmamışdır. Bu halı isə qanunvericilikdə birbaşa şərt kimi nəzərdə tutulduğundan iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir Qeyd olunmalıdır ki, ancaq o halda iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Belə bir halın mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçının həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə onun Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən sənədlər olmuşdur. Məhkəmə qeyd edir ki, hətta iddiaçının 07.10.1998-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamasını nəzərə alsaq belə, bu hal onun Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinə tanınması üçün əsas vermir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik ikili vətəndaşlığın olmasını istisna edir. İkili vətəndaşlıq dedikdə, şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. 10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi vətəndaşlıqdan məhrum etməyə deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsinə aid olur. Bu dəyişikliklər vətəndaşlığın itirilməsinin hüquqi əsaslarını özündə əks etdirir. Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci bəndi ilə müəyyən olunmuş müddəada söhbət hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Belə ki, əgər o şəxs başqa ölkənin ordusunda, seçkili orqanlarında iştirak edirsə, o artıq üzərinə öhdəlik götürür. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Göründüyü kimi qanunvericilikdə bir başa xarici ölkənin vətəndaşı olması səbəbində Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin tanınmasının mümkün olmaması göstərilməsə də, həmin əsasın Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsinə əsas olduğu üçün, ikili vətəndaşlığının yol verilməməsi qənaətinə gəlmək olur. Məhkəmə iddiaçının dəlil kimi gətirdiyi ikinci əsasa münasibətdə bildirir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş doğum haqqında akt qeydindən göründüyü kimi İddiaçı 11.04.1980-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, onun valideyinləri X3 və X4 Azərbaycan Respublikasının vətəndaşıdır. Doğrudur ki, iddiaçı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.1.4.1-ci yarımbəndinə (doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa) əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanına bilər. Lakin, iddiaçı hazırda könüllü olaraq digər xarici ölkənin vətəndaşlığını qəbul etdiyindən və qüvvədə olan qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının ərazisində ikili vətəndaşlığa yol verilmədiyindən, iddiaçının hazırki mərhələdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün deyildir. Odur ki, hazırda iddiaçıya münasibətdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.3-cü bəndi tətbiq edilə bilməz. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov