Məhkəmə qərarları › İş №2-1(112)-255/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-255/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-255/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, tərəfindən tikilmiş 1 mərtəbəli, 1 yaşayış otağı -15,3 kvm, köməkçi sahə -17,3 kvm torpaq sahəsində başqa tikili olmayan cəmi torpaq sahəsi - 640,0 kvm-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32,3 kv.m. olan fərdi yaşayış evinin altında yerləşən və qanuni istifadəsində olan 640 kv.m. ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (həm fərdi yaşayış evinə, həm də torpaq sahəsinə dair) çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 200 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının 1-ci bəndində qeyd olunmuşdur ki, Türkan qəsəbəsində onun tikdiyi 1 mərtəbəli, 1 yaşayış otağı -15,3 kvm , köməkçi sahə -17,3 kvm torpaq sahəsində başqa tikili olmayan cəmi torpaq sahəsi-640,0 kvm-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınsın. Həmçinin həmin sərəncamın 2-ci bəndində isə qeyd olunmuşdur ki, Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evinin inventarizasiya edilib, onun adına reyestrdən çıxarış və texniki pasport verilməsi X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 200 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsaslanaraq tərəfindən İdarəyə ərizə ilə müraciət edilmiş və həmin torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi xahiş olunmuşdur. Amma ərizəsinə əlavə olunmuş ******* nömrəli çıxarışın surətindən də göründüyü kimi fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət hüququ tanınsa da, torpaq sahəsinə xüsusi mülkiyyət hüquqi tanınmamışdır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 200 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ona məxsus 640,0 kv.m.-dən ibarət torpaq sahəsidə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyata alınmalıdır. Yuxarıda yazılanları nəzərə alıb Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, ona məxsus 640,0 kv.m.-dən ibarət torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmasını və bununla bağlı ona həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsini cavabdeh təşkilatdan xahiş etsə də cavabdeh təşkilatın xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən ərizəsi təmin edilməmişdir. Cavabdeh təşkilat ərizəyə formal şəkildə baxaraq ümumi sözlərlə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən İdarəyə təqdim edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi və əlavə 1880.0 kv.m. torpaq sahəsinin istifadə edilməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsində vətəndaş İddiaçı tikdiyi fərdi yaşayış evinin hüququnun qeydiyyata alınması haqqında” 200 №-li, xx.xx.2018-ci il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Türkan qəsəbəsində İddiaçı tikdiyi 1 mərtəbəli, 1 yaşayış otağı - 15,3 kv.m., köməkçi sahə - 17,3 kv.m., torpaq sahəsində başqa tikili olmayan cəmi torpaq sahəsi - 640,0 kv.m.-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış, Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasport verilməsi X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. - Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 32,3 kvm. olan daşınmaz xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Dövlət mülkiyyətində olan, təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla daşınmaz əmlakın yerləşdiyi 0,00405 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. - Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 2018-ci ildə tikilmiş yaşayış evinin yaşayış sahəsi 15,1 kv.m., köməkçi sahəsi 17,2 kv.m., ümumi sahəsi 32,3 kv.m.-dir, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,0606 ha-dır. - İdarənin **********70 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, ünvan 3nda yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihə mövcuddur. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********53 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmiş və əlavə 1880.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Türkan qəsəbəsində icra hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun olaraq inşa etdiyi 32,3 kvm. olan fərdi yaşayış evinin və həmin yaşayış evinin yerləşdiyi 640 kv.m. torpaq sahəsinin qeydiyyata alınmasına dair Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 200 nömrəli sərəncam verilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna əsasən sonuncunun adına qeydiyyata alınsa da daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmamışdır. Hazırda iddiaçı daşınmaz əmlakın üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qeydə alınmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin üzərində sərəncam vermək hüquqi qanunvericiliklə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 640 kv.m. həyətyanı torpaq sahəsinin onun qanuni istifadəsində olması Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 200 nömrəli sərəncamı ilə müəyyən olunur. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə isə qanuni istifadəsində olan həmin 640 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş sayılır. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin 640 kvm. həyətyanı torpaq sahəsi İddiaçı adına birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalıdır. Cavabdehin imtinası qanuna zidd olmaqla və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə bir halı da vurğulayır ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarını əldə etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən 32,3 kv.m. fərdi yaşayış evinin və həmin evin 640,0 kv.m. ölçüdə həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 32,3 kv.m. fərdi yaşayış evinin və həmin evin 640,0 kv.m. ölçüdə həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar