Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-255/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə «tikintiyə icazənin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rRayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 saylı qərarı və “Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı satılmışdır. Həmin tarixdən bu günədək sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsini o, 10 iyun 2016-cı il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi X3 ilə bağlanmış icarə müqaviləsi əsasında 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə vermişdir. "xxxx" MMC-nin müraciəti əsasında 10 fevral 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində “"xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 53 saylı sərəncam qəbul edilmişdir (həmin sərəncamın ləğv edilməsi üçün artıq müraciət edilmişdir). Lakin sonradan "xxxx" MMC onlar arasında bağlanmış müqavilənin şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət 3 aydan çox davam etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsini (bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər) rəhbət tutaraq, icarə müqaviləsini birtərəfli qaydada 24 iyul 2018-ci il tarixdən ləğv etmiş və bu barədə "xxxx" MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymadan torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunaraq, "xxxx" MMC İlə bağlanmış icarə müqaviləsinə xitam verildiyi və "xxxx" MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığı bildirilsə də, İdarə buna heç bir əhəmiyyət vermədən qanunsuz olaraq 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə İcazə” sənədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. “MAP" MMC İlə iddiaçı arasında bağlanan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinin icarə predmeti olduğu icarə müqaviləsi ləğv edildiyindən və nəticədə "xxxx" MMC-nin sözügedən torpaq sahəsi üzərində hər hansı əmlak hüququ olmadığından, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin həmin torpaq sahəsi üzərində "xxxx" MMC-yə tikinti üçün icazə vermək səlahiyyəti yoxdur. Lakin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətlərini aşaraq iddiaçının mülkiyyət toxunulmazlığını pozmuş və başqaları tərəfindən də pozulması üçün qanunsuz inzibati akt qəbul etmişdir. "xxxx" MMC Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qəbul edilmiş 7 may 2020-ci il tarixli “Tikintiyə İcazə” sənədinin etibarsız olduğuna baxmayaraq, həmin icazə əsasında hal-hazırda iddiaçının mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamışdır. Göstərilənlərə və «İnzibad icraat haqqında» Qanunun 65.1.2, 67.2, 67.3-cü maddələrinə, İPM-in 2.2.5, 36.1-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə” sənədinin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 28, 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin 3 iyun 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəməyə ünvanlanmış 25 iyun 2020-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllə, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin onun mülkiyyətində olduğunu qeyd etmişdir. Lakin mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması barədə müvafiq hüquq müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, həmin mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il tarixli 18/49 nömrəli “ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında» Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, (75.3.2) tikinti layihəsi, (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti, (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Göstərilənləri nəzərə alaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC 7 may 2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə”ni təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Bununla əlaqədar İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflərin nümayəndələri gəlmişlər, üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 2 iyul 2020-ci il tarixli məktubunda aşağıda göstərilən ərazidəki torpaqların statusu barədə məlumatın qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahələri. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlanmış 7 avqust 2020-ci il tarixli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 139.2.2 və 202.2-ci maddələrinin tələblərinə müvafiq olaraq yerində müayinənin vaxtı və yeri barədə məhkəmənin məktubunda və ya qərardadda məlumatın göstərilməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməməsi və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı, iş üzrə hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Məhkəmənin iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişvə ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə həvalə olunmuşdur. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Binədəqi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 1.200 kv.m torpaq sahəsi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 28 nömrəli “Obyektin tikintisinə icazə” sənədi ilə "xxxx" MMC-yə tikintisinə icazə verilmiş obyektin tikintialtı sahəsinin hər hansı (tam və ya qismən) üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə ünvanlanmış 14 dekabr 2021-ci il tarixli məktubu ilə qurumun ekspertinin həmin tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” aşağıdakı məzmunda məlumatı təqdim olunmuşdur: - Bakı İnzibati Məhkəməsinin iş üzrə 15 sentyabr 2021-ci il tarixdə təyin edilmiş məhkəmə ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspert qarşısında qoyulmuş sulların həlli məqsədi ilə 21 oktyabr 2021-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilməsi və əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 2 dekabr 2021-ci il tarixə saat 16:00-a təyin edilmişdir. Qeyd olunan tarixdə qərardadda cəlb olunmuş, vəsatətdə qeyd olunan mütəxəssislər və tərəflər iştirak etmədiyindən, tədqiqat obyektinə baxış keçirilməsi baş tutmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qərardadda qoyulmuş sullar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İş materiallarından görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi "xxxx" MMC arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 10 iyun 2016-cı il tarixli “İcarə müqaviləsi”nə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1.200 kv.m torpaq sahəsi icarəyə verən tərəfindən 10 il müddətinə icarəçiyə icarəyə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2015-ci il tarixli 5 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30 yaanvar 2017-ci il tarixli 18/03-8/220 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və "xxxx" MMC-nin 30 yanvar 2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icazə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rəhbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib edilmiş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının (başçının müavininin səlahiyyətlərini müvəqqəti icra edən, aparatın rəhbəri) 11 iyun 2018-ci il tarixli 363 nömrəli sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 yanvar 2019-cu il tarixli 02 nömrəli sərəncamı ilə ləğv edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 yanvar 2020-ci il tarixli 1 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, müvafiq tikinti obyektlərinə, o cümlədən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən 1 ədəd bir girişli 11 mərtəbəli yaşayış binasına (Sifarişçi "xxxx" MMC, Layihəçi “Azərdövlətlayihə” DBLİ) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: (8.20-1) müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı müvafiq ərazidə qonşu sahədə əmlakı olan maraqlı şəxs kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə”sini mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan, bununla bağlı prosessual müddət buraxılmadığından (iddia ərizəsi 2 iyun 2020-ci il tarixdə, yəni 30 gün müddət keçmədən məhkəməyə təqdim edilmişdir), tikintiyə icazə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı hazırkı iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı mübahisə inşa oluncaq tikili, yəni daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan ona baxılması üçün İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq inşa olunacaq tikilinin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə tikintiyə icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə daxildir (maddə 5.1.4). Həmin Məcəllənin 5.2-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (75.3.1) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; (75.3.2) tikinti layihəsi; (75.3.3) sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; (75.3.4) «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyətinin yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Məhkəmə hazırkı icraatda mübahisələndirilən inzibati aktın – 7 may 2020-ci il tarixli 38 nömrəli “Tikintiyə icazə”nin qəbulu üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan inzibati icraatda qanunvericiliyin tələblərinin tətbiq edilməsi ilə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinin mümkün olmaması səbəbindən ekspert qarşısında qoyulmuş müvafiq suallar nəticəsiz qaldığından, mübahisəli predmeti olan “Tikintiyə icazə”də nəzərdə tutulan tikintinin aparılacağı torpaq sahəsinin məhz İddiaçı məxsus sahə ilə üstüstə düşüb-düşməməsi müəyyən edilmir; - hətta yuxarıda qeyd olunan üst-üstə düşmə halı müəyyən edilsə belə, hazırkı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2016-cı il tarixli “İcarə müqaviləsi” ləğvi ilə bağlı tərəflərin razılaşması olmadığından, eləcə də müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu hal müəyyən edilmədiyindən, müqavilə ləğv edilmiş kimi qiymətləndirilə bilməz; - 7 may 2020-ci il tarixli “Tikintiyə icazə”ni verməkdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətli olduğundan və üzərində tikiliyə icazə verilmiş müvafiq torpaq sahəsi inzibati icraatda tikinti aparmağa icazə verilmiş hazırkı üçüncü şəxs "xxxx" MMC-nin qanunsuz istifadəsində olmadığından, inzibati icraatda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2 və 75-ci maddələrinin tələbləri gözlənilmişdir; - mübahisə predmeti olan 7 may 2020-ci il tarixli inzibati aktın (icazənin) qəbulunda maraqlı şəxslər qismində hazırkı iddiaçının məlumatlandırılmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə münasibətdə pozuntu sayılsa da, “mütənasiblik prinsipi” baxımından maraqlı şəxslərin hüquqları pozulmadığından, bu pozuntu formal xarakterlidir və inzibati aktın qanuniliyinə mütənasib təsir etməmişdir; Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, sonda belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”si qanunsuz inzibati akt kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız sayılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-255/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-255/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver