Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-255/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsindəki “3338a” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin “3338a” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət “3338a” saylı bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, “3338a" saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 30292 nömrəli müqavilə əsasında 12 oktyabr 2001-ci il tarixdə onun istifadəsinə verilmişdir. Həmin müqavilə əsasında 0,12 ha torpaq sahəsi o gündən mübahisəsiz iddiaçının istifadəsindədir. Həmin bağ sahəsini adına sənədləşdirmək məqsədilə bağ sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, təşkilatdan ona imtina cavabı verilmiş və bildirilmiş ki, istifadəsində olan bağ sahəsi bağların bölgüsünə dair sxermatik xəritə ilə uyğunsuzluq təşkil edir, o cümlədən “3338a” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı istifadəsində olan bağ sahəsinin qonşuluğunda “3338” saylı bağ sahəsinin olduğunu qeyd etmişdir. O, həmin bağ sahəsindən 20 ildir təyinatı üzrə istifadə edir. Tam abad vəziyyətdədir. İstifadəsində olan bağ sahəsinin başqa bir fiziki şəxsin adına rəsmiləşməsi qeyri-mümkündür. Bu səbəbdən cavabdeh təşkilatın imtinasını qanusuz hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, sxematik xəritədə bağ sahəsinin yerləşməsi ilə faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur. Hal-hazırda eyni nömrəli bağ sahəsi X3 adınadır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, İcarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar Bağlar təsərrüfatının inkişafı və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Həmin Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» xx.xx.2001-ci il tarixli 69 saylı protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsəsən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.21. Ləhişdəki 3338a saylı bağ (BTK- 88) – X13. “Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin protokolunun təsdiq edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, 654 nömrəli sərəncamından görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 5 oktyabr 2001-ci il tarixli, 69 №-li protokolu təsdiq edilmişdir. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X13 arasında bağlanmış 30292 saylı, 12 oktyabr 2001-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Sərəncamının 654 nömrəli protokolu əsasında Ləhiş qəsəbəsində 0,12 ha sahəsi olan 3338a saylı bağ sahəsi X7 icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2007-ci ilədək müəyyən edilmişdir. 3338a saylı bağın inventarlaşdırma vərəqəsi tərtib olunaraq müqaviləyə əlavə edilmişdir. 18 mart 2007-ci il tarixli, AZ-İ seriyalı, 298418 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş xx.xx.1976-cı il təvəllüdlü X8 ilə xx.xx.1981-ci il təvəllüdlü X13 18 mart 2007-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 mart 2007-ci il tarixdə 384 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “3338a” saylı bağa baxış keçirilmiş, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktki 0,1956 ha (0,0756 ha artıq) olduğu müəyyən edilmişdir. Akta əsasən torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, həyət tikilisi mövcuddur, vətəndaş göstərən bağ sahəsinin koordinat cədvəli əlavə edilmişdir qeydi aparılmışdır. Göründüyü kimi, həmin dövrün qanunvericiliyinə uyğun olaraq iddiaçı onun uzun müddət istifadəsində olan bağ sahəsinin adına sənədləşdirilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etmiş, həmin orqan protokolla 3338a saylı bağın iddiaçının adına sənədləşdirilməsini qərara almış, daha sonra bu protokol sərəncamla təsdiq edilmiş və son olaraq həmin bağ sahəsi ilə bağlı iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 3338a saylı bağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq sərəncam və icarə müqaviləsini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 3338a saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (həm sərəncam, həm də müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin sənədlər ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçının deməsinə əsasən ona ayrılmış bağdan həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir, iş materiallarında bu halı təkzib edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə və “3338а” saylı bağ sahəsinin digər fiziki şəxsin, X3 adına qeydiyyatdan keçməsinə istinad etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu dəlilləri idda tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli bağ sahəsinə dair mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0,1932 ha təşkil edir. Torpaq sahəsinin üzərində həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi 3336, 3337 bağlararası yol, 3190 və 3191 saylı bağ sahəsinin ərazisinə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3336 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X12 ilə X14 arasında bağlanılmış xx.xx.1968-ci il tarixli, 12436 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli aktda və cizgidə bağ sahəsinin yeni nömrəsi 3336/3075 olmuşdur. Ləhiş bağ massivi, 3337, 3190 və 3191 saylı bağ sahələrinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Həmçinin caavbdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ləhuiş qəsəbəsi 3338 və 3075 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Cavabdeh həmin rəyin verilməsi zamanı istinad etdiyi Ləhiş qəsəbəsində yerləşən mübahisəli bağın yerləşdiyi ərazi üzrə sxematik xəritəni xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim etmişdir. Həmin sxematik xəritədən görünür ki, orada, ümumiyyətlə, 3338a saylı bağ sahəsi nəzərdə tutulmamış, yalnız 3338 saylı bağın yerləşmə yeri göstərilmişdir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi Ləhiş bağ massivində yerləşən 88 saylı BTK-ya aid bağ sahələrinin yerləşmə planından görünür ki, həmin planda həm 3338, həm də 3338a saylı bağ sahəsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçıya ayrılmış 3338a saylı bağın həmin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi anlaşılandır. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Eyni nömrəli bağın digər şəxsin adına qeydə alınmasına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bahı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 203 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən qüvvədə olan bağtikinti kooperativlərinin tərkibində vətəndaşlarin istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır: 3.3.X26 q - Ləhic ВТК № 88 bağ 3338а Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının bağlar təsərüfatının inkişafı və istismarı Birliyi Ləhiş bağlar sahəsindəki 88 saylı kooperativ tərəfindən X15 verilmiş 3 saylı Orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 19 mart 1998-ci il tarixli, 203 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 88 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3338a saylı bağ sahəsi ayrılmışdır. İşdə olan 06 may 1999-cu il tarixli, İ-ЖГ seriyalı, 266702 nömrəli Familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X19 familiyasını, adını və atasının adını X16 dəyişmişdir. Bu barədə familiyanın, adın, ata adının dəyişilməsi haqqında akt qeydləri kitabında 1999-cu ildə may ayının 6-cı günündə 5 nömrəli qeyd aparılmışdır. X9 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli, JN-29909D, Kod 00500003 seriya nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 19 mart 1998-ci il tarixli, 203 saylı Qərarı, BTİ və İB-nin 03 saylı Orderi ilə 0,12 ha Ləhiş bağ massivində yerləşən 3338a saylı bağ sahəsi X9, X5, X10 mülkiyyətinə verilmişdir. AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20, X13, X21 ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə onlara verilmiş seriya nömrəsi JN-29909D, Kod 00500003 olan şəhadətnaməyə əsasən birgə mülkiyyət üzrə 0,12 ha torpaq sahəsini X1. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3249/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarına əsasən iddiaçı X3 iddia tələbi təmin edilmiş, X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3338a ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan görünür ki, iddiaçı X4 imtina verəkən, cavabdeh qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3338a ünvanında yerləşən bağ sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3337 saylı bağın ərazisinə aiddir. Məhkəmə “cavabdehin mübahisəli bağ sahəsinin yerləşməsini sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini bildirsə də, sözügedən sahənin iddiaçıya qanuni əsaslarla ayrılmasını nəzərə almamış, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı inzibati araşdırma aparmamışdır” əsası ilə X3 iddia tələbini təmin etmişdir. İşdə olan ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3338A saylı bağ sahəsinə X3 mülkiyyət hüququ. xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda işdə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Q.İbrahimov ona məxsus 3338a saylı bağ sahəsini İ.Boldirevə satmış, onun həmin bağa hüququ xx.xx.2021-ci il tarixdə qeydə alınmaqla bu barədə dövlət reyestrindən ********** saylı çıxarış verilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının bağlar təsərüfatının inkişafı və istismarı Birliyi Ləhiş bağlar sahəsindəki 88 saylı kooperativ tərəfindən X11 verilmiş 3o saylı Orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 1/16 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 88 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3338a saylı bağ sahəsi ayrılmışdır. Göründüyü kimi, 88 saylı BTK nəzdində vətəndaşlara sənəd üzrə bir neçə 3338a saylı bağ sahəsi ayrılmış, lakin işin hallarına əsasən həmin bağ sahələrinin nömrələri eyni olsa da, naturada onlara fərqli bağ sahələri təhvil verilmiş, hər bir şəxs ona təhvil verilmiş bağ sahəsindən istifadə etmişdir. Hətta hazırda dövlət qeydiyyatından keçmiş 3338a nömrəli bağ sahəsi ilkin olaraq iddiaçının anasına ayrılmışdır. Belə ki, işdən görünür ki, Bakı şəhər İcra hakimiyyəti həm iddiaçının anası İ.Yeganlıya, həm də iddiaçıya 3338a saylı bağ sahəsini ayırmış, lakin naturada faktiki olaraq fərqli bağ sahələrini onlara təhvil vermiş, bu zaman bağ sahələrinin eyniləşdirilməsi üçün müvafiq nömrəyə düzəliş etməli olduğu halda bunu etməmişdir. İ.Yeganlı ona ayrılmış bağ sahəsini digər şəxsə satmış, iddiaçı isə ona təhvil verilmiş bağa sahiblik və istifadə etməyə davam etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq nömrəyə istinad edərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsinə olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan “3338a” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-255/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-255/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver